Ru
17:39 / 28 Oktyabr 2025

Dabaq xəstəliyi ət bazarına necə təsir etdi? - Açıqlama

Dabaq xəstəliyi ət bazarına necə təsir etdi? - Açıqlama
Eye

Son günlər ölkənin bir sıra bölgələrində heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı narahatlıq artır. Xəstəlik qısa müddət ərzində bir çox rayonlarda heyvandarlıq təsərrüfatlarını və fərdi təsərrüfatlarda saxlanılan heyvanları əhatə edib. Məlumata görə, bununla əlaqədar bəzi kəndlərdə karantin tətbiq olunub, ət kəsimi məntəqələrinə isə ciddi nəzarət tədbirləri gücləndirilib.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra rayonlarda mal bazarlarının fəaliyyətini müvəqqəti dayandırıb. Agentlikdən bildirilib ki, bu addım heyvan satışına qadağa deyil, sadəcə xəstəliyin qarşısını almaq məqsədilə mərhələli məhdudiyyətlərin tətbiqidir.

Dabaq xəstəliyinin yayılması ilə əhali arasında ət məhsullarına tələbatın azalması müşahidə olunur. Bəs bu vəziyyət ət bazarında qiymətlərə necə təsir edib? Ətin ucuzlaşması, yaxud digər ət növlərində bahalaşma müşahidə olunurmu?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, mövcud məlumatlara əsasən, Azərbaycanda ətin qiymətində azalma qeydə alınmayıb, əksinə, qiymətlər artmaq üzrədir:

“Paytaxtda mal ətinin kiloqramı əvvəlki aylarla müqayisədə artaraq təxminən 21 manat civarına çatıb. Sümüklü mal əti isə yəxminən 19 manat səviyyəsindədir. Qoyun və quzu ətində də qiymət artımı müşahidə olunub. Əsas səbəblər kimi heyvan sayının, idxalın azalması və yem xərclərinin artması göstərilir. Məsələn, idxal olunan ətin həcmi 2025-ci ilin yanvar-may dövründə əvvəlki ilə nisbətən 10 % azalıb. Qırmızı ətin qiyməti düşmək əvəzinə artmaqdadır”.

A.Nəsirlinin sözlərinə görə, quş ətində (toyuq) də qiymət artımı müşahidə edilir:

“Məsələn, bazarda toyuq ətinin qiyməti 0.20-0.30 manat civarında artıb. İdxal miqdarının artması tədarükü artırsa da, istehsal xərclərindəki artımlar və bazar şərtləri qiymətləri aşağı salmamaqdadır. Yəni toyuq ətində bahalaşma var — qiymətlər sabit qalır, ya da yuxarı doğru gedir, düşmə yoxdur”.

İqtisadçı qeyd edib ki, dabaq xəstəliyi qiymətə təsir edən amillərdən biridir:

“Amma eyni zamanda qlobal bazarda ətin qiyməti artmaqdadır və bu da yerli qiymətlərə təsir edir. Belə bir xəstəlik geniş yayılsa, istehsal həcmi azala, bu da tədarükü daraldaraq qiymətləri daha da yüksəldə bilər. Beləliklə, ətin qiymətində düşmə müşahidə olunmur — əksinə, həm mal və qoyun ətində, həm də toyuq ətində artım var”.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar