Ru
13:48 / 24 Noyabr 2022

General Həsən Şirinovdan dövlət qurumlarını darmadağın edən yazı – Bakını kimlər iflic edir?

45855
Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini, polis general-mayoru Həsən Şirinov Bakının tıxac problemi ilə bağlı tənqidi yazı ilə çıxış edib.


Bakupost.az xəbər verir ki, o, tıxac probleminin körpülərin düz salınmaması, yol qovşaqlarında hərəkətin düzgün nizamlanmaması və bəzi tikililərlə bağlı olduğunu yazıb. Uzun fasilədən sonra məşhur generalın bu məsələyə emosional reaksiyası əlbəttə maraq doğurur.
Onun “Bitməyən tıxac dərdimiz” yazısını olduğu kimi təqdim edirik:

Bakının yollarındakı sıxlıqların səbəbləri haqqında

Son vaxtlar Bakının küçə və prospektlərində yaranan və onun füsunkar gözəlliyinə xələl gətirən tıxaclarla bağlı sosial şəbəkələrdə tez-tez məlumat xarakterli yazılar dərc olunur. Lakin tıxacların yaranma səbəbləri və onların aradan qaldırılması yolları göstərilmir. Ona görə də mən bu işdə 40 illik təcrübə toplayan ali rütbəli bir zabit kimi mühafizəsi ilə əlaqədar ətrafındakı yolların bağlanması tələb olunan dövlət tədbirləri zamanı belə, tıxaclara yol vermədən, xüsusi qorunan obyektlərin təhlükəsiz müşayiətini təmin edən və nəhayət, yol hərəkətinin təşkili üzrə diplom almış peşəkar bir yol polisi əməkdaşı kimi, xalqı narahat edən bu aktual mövzuya münasibətimi bildirməyə bilmərəm.

Ola bilsin ki, bu kiminsə xoşuna gəlməsin. Həqiqət acı olur. Lakin, ümumxalq mənafeyini öz mənafeyindən üstün tutan və etmiş olduğu səhvlərindən düzgün nəticə çıxara bilən hikmət və qabiliyyət sahibləri üçün bu, acı məlhəm kimi qəbul edilməlidir. Bu, vicdandır! Hər insanda bir zərrədir, kainatı yaradanın özündən bir nişanədir… odur ki, insanın vicdanı ilə nəfsi arasında Allahla şeytan arasında olduğu kimi, sonu bitməyən bir savaş gedir! Xalqını sevən, əlindən gələn işdən yapışar, yəni bacardığını xalqından əsirgəməz!

Gözəlliyi ilə dünyanı heyran edən Bakının yollarında yaranan tıxacların aradan qaldırılması üçün, hər şeydən əvvəl qanunvericilikdə nəzərdə tutulan tələblərə və yol hərəkət qaydalarına zidd olaraq tikilən bir çox yol qovşaqları təftiş edilməli, mövcud nöqsanlar aşkara çıxarılmalı və aradan qaldırılmalıdır.

Belə ki, şəhərin daxilində, girişində və çıxışında nəqliyyatın hərəkətini iflic edən elə yol qovşaqları mövcuddur ki, onlar ya sökülüb yenidən tikilməli, ya da bərpa olunmalıdır.

Məsələn, elə götürək “Ekselsior hotel”lə “Yelkən hotel” arasındakı, necə deyərlər, “Bağırov körpüsü“ndən başlamış, Heydər Əliyev Mərkəzindən və ETN-dən tutmuş, Neftçilər prospekti, Cavanşir körpüsü, “Port Baku”ya qədər və Yusif Səfərovla Heydər Əliyev prospektində yaranan tıxac “dənizinin” “Dardanel” boğazı olan dəmir yol körpüsünün ətrafında qeyri- peşəkarcasına qondarılmış yol qovşağı məncə, ilkin layihəyə uyğun tikilməmişdir. Ona görə ki, Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin birləşməsindən alınacaq əsas yolun rabitəsi qırılmış, hərəkət axını ikinci dərəcəli yollara paylanmışdır. Belə ki, Heydər Əliyev prospekti altı zolaqla - düzünə və əksinə, dəmir yol körpüsünün üzərindən keçib, hardasa, Bakı şəhər Baş Polis İdarəsi qarşısında Yusif Səfərov küçəsilə birləşməli idi. İkinci dərəcəli yollar və yol ötürücüləri isə əsas körpüyə uyğun çəkilməli idi.



Acınacaqlı haldır ki, dəmiryol körpüsünün hərəkət buraxma qabiliyyəti nəzərə alınmadan Yusif Səfərov və Babək prospektləri ilə gələn intensiv nəqliyyat axını, həmin körpünün altına buraxılmışdır. Sanki 500-lük su borusunu 50-lik boruya birləşdirmişlər. Bu, azmış kimi körpünün altından - Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə çıxan nəqliyyat axınının hərəkətinə mane olan, Bakı Əyləncə Mərkəzi və Babək prospekti istiqamətinə lüzumsuz olaraq uzununa bir körpü də salıblar… Əgər altından istifadə olunmursa, yol uzununa körpü salınarmı?

İndi Prezident kortejini labrintlərdən keçirib ikinci dərəcəli yolla Heydər Əliyev prospektinə çıxarmaq məcburiyyətində qalmışıq...

Təəssüflər olsun ki, vaxtilə bu barədə irəli sürdüyüm təkliflər nəzərə alınmadı. Belə faktlar çoxdur… “20 yanvar” dairəsındəki körpü bundan da acınacaqlıdır.



Maraqlıdır, hansı əsasla Mərdəkandan başlayaraq nə qədər vəsait hesabına tikilən yol ötürücüləri ilə yığılan intensiv nəqliyyat axını “20 Yanvar” körpüsünün altından hərəkət zolağının düz ortasından keçərək Mətbuat prospekti ilə şəhərdən çıxışa - cənub istiqamətinə hesablandığı halda, “20 Yanvar” körpüsünə çatmamış hərəkət axınının qarşısı betonla tam bağlanmış, hərəkət sağa döndərilmiş, nəqliyyatburaxma qabiliyyəti qat-qat aşağı olan ikinci dərəcəli yolla Quba istiqamətinə yönəldilmişdir. Bəs, sual olunur, “20 Yanvar” körpüsü nə üçün tikilmişdir? Eyni zamanda, mənasız tikilən 3-cü mikrorayon körpüsündən demək olar ki, heç istifadə olunmur. Hətta insanlar ondan dayanacaq kimi istifadə edirlər.

Və yaxud da keçmiş Komsomol dairəsində tikilmiş yol qovşağı istər istəməz nəinki mütəxəssisləri, eybəcərliyi ilə hər bir insanı düşündürməyə bilmir. Belə ki, həmin körpü yolüstü keçidə çatmamış tamamlanmışdır. Əksinə, həmin körpü, bir neçə dirək də əlavə edilməklə uzadılıb indiki ucadılmış betot saatın yanında tamamlanmalı idi. Razin-Ramanı, Əmircan və Bülbülə qəsəbələrini birləşdirən yollar isə əvvəlki vəziyyətində qalmalı idi. İndiki vəziyyətdə isə bu qəsəbələr arasında sanki Çin səddi çəkilib. Yerüstü keçid isə beşmərtəbəli binaya qalxıb enməkdən çətin olub. Belə tıxac yarada biləcək faktlar və nöqsanları çox sadalamaq olar.



Yeri gəlmişkən, tikilən “Yelkən hotel”i nə qədər gözəl olsa da, arxitektura nöqteyi-nəzərindən Heydər Əliyev Mərkəzinin möhtəşəmliyinə xələl gətirir. Fikir vermisinizmi ki, Amerikada Ağ Evin ətrafında ondan hündür heç bir tikinti aparılmayıb. Görünür, tək insanlar arasında yox, elə şəhərsalma sahəsində də etik qaydalara riayət etmək arxitektura sənətinin özünəməxsus incəliklərindədir. Tıxacla əlaqədar mövcud nöqsanların aradan qaldırılması ilə bağlı yarana biləcək qaranlıq suallara, lazım gələrsə, açıqlama verməyə hazıram...

Yekun olaraq bir daha təkrar edirəm ki, tıxacların aradan qaldırılmasının yeganə yolu, yollarda və yolqovşaqlarındakı mövcud nöqsanları aradan qaldırmaqdır.


Şərhlər
  • t.ədalət

    Həsən müəllim,siz yol polisi sahəsində çalışmış yeganə mütəxəssis və ,həm də hamının bəyəndiyi adam idiniz.Sadəcə,həm də təəssüf ki yol və yol ötürücüsü çəkənlər təcrübəli mütəxəssislərlə məsləhətləşmirlər.Hamısı mağara təfəkkürü ilə işləyir.Bakı şəhərindəki bu günkü tıxacların mənzərəsini aid olmadığı vəzifəni tutmuş Ziya Məmmədov yaratmışdır.Hər kəsin gördüyü iş onun düşüncəsindən başlayır.Z.Məmmədov bacarıqlı "obnaliçnik" idi."İş banka" vasitəsi ilə olmayan,görülməyən işlər üçün,əlbəttə,makiyyə dələduzlarının "firmacıqları" vasitəsi ilə milyardları nağdlaşdırırdı.Pulu,eülə bankdaca götürürdü,"firmacıqlar"a 0,3 faiz "zəhmət haqqı" və vergi hesablamaları verilirdi.Vergini veürməsinlər deyə,"firmacıqlar"ın müdirləri köhnələri ləğv edib hər il yeni firma yaradırdılar.Bakı şəhər arxiv idarəsinin haqqını verib belə bir arayış alırdılar ki,guya arxivdə yer çatışmadığına görə hesab sənədləri yandırıldı.Nəticə belə olurdu ki,baş talançı Ziya Məmmədovun quyruğunda xeyli oğrular sürünürdü.Ona görə də yol və körpülərin necə olacağılndan çox,ondan oğurlanan pullar haqqında fikirləşirdilər.Tıxacın ikinci səbəbi şəhər mərkəzində bir-birinə calanmış xeyli hündürmərtəbəli binaların tikilməsidir.Bunun nəticəsində şəhərin hər kvadratmetrinə düşən əhalinin sayı normadan on dəfə çoxdur.Artan əhali sayı onların istifadə etdiyi avtomobillərin də çoxalması deməkdir.Bundan başqa,xeyli gərəksiz firmalar,inzibati idarələr mərkəzə toplanıb.Məsələn,respublika hərbi prokurorluğu,eüyni zamanda Bakı şəhər prokurorluğunu Müşfiq qəsəbəsinə və ya Qara Heybətə köçürmək olar.Ümumiyyətlə,Bakı şəhəriunə savadlı bir mer təyin edib,ondan vəziyyətə nəzarət etməsi tələb olunmalıdır.Hər bir işin bir çarəsi bulunur,əlbət.Bunun üçün vəzifələrə fikri pul toplamağın ardınca qalanları deyil,savad və bacarığı ilə xalqın etimadını qazananlar irəli çəkilməlidir.Hazırda Bakıda MTK-lar mənzil tikintisini biznes maraqlarına çeviriblər və şıdırğı şəhərin məhv edilməsinə istiqamət götürüblər.Mənzillərin satışı üzərində maya dəyəri xərcləri nəzarəti tətbiq olunmur.Neçiyə istəyirlər,o qiymətə xalqın cibinə girirlər.Nəzarət dövlətin əxlaqı deməkdir.O yoxdursa,hər şey bərbad olur.

  • şamil

    Salam.Cənab generalın fikirləri ilə tam razıyam.Tıxacın əsas səbələri H.Əliyev prospektinin Y.Səfərov küçəsi ilə düz birləşdirilmməməsi,20 yanvar körpüsünün vəAzneft dairəsinin (Neftçilər prospektində)Nəqliyyat axınının düzgün təşkil olunmamasıdır. Çıxış yolu Yolları bağlayıb saatlarla sürücüləri tıxacda saxlamaq deyil.

  • İ.Mustafaoğlu

    Rayonlarda əhalini işlə təmin olunmaması səbəbli, əhalinin demək olar ki, 50%-i Bakıda yaşamağa üz tutublar. Bu səbəbdən txacların yaranmasının əsas səbəbi budur. Rayonlarda iş yerləri yaransa, əhali öz ata-baba yurdlarına qayıdıb gələrlər. Rayonlarda olan iş yerləridə yalnız özlərinin yaxın qohum-qardaşlarına məxsusdur.......

  • Mətləb Mustafayev

    Şamaxinka deyilən ərazidə yol polisi hərəkətinin tənzimlənməsi ilə məşğul olmaq əvəzinə dayanıb tıxacın nə vaxt aradan qalxmasını müşahidə edir.Ona irad bildirəndə maskasız olduğumu bəhanə edib cərimə yazır...

  • Mühəndis B.

    Azərbaycana neft-sərvət gəlirində qalan 15-20% də əsasən Bakı və Abşeronun təmərküzləşməsinə-uca ehramlara, bər-bəzəklərə, qlobal pişvazlara xərclənir. Yekunu çıxılmaz nəqli və kanalizasion ehtimalını qaçılmaz edir? Belə şəhərdə yerüstü keçid əlavə maneə olmaqla istifadə üçün də səmərəli, yüngül manevrli və kifayət qədər mühafizəli, sığınacaq əhəmiyyətli deyil? Bəlkə, bir az operativ və rahat qurulan deyil? Sorun, qurma üsulu düşünək!

  • Neriman Seyfeli.

    Bakida erazi ile nisbetde ehalinin sayi coxdur, regionlarda sherait yaradib, ehalini geldikleri yerlere qaytarmaq lazimtir.

  • Nofəl Bağırov

    Tam razıyam hörmətli generalımızın fikirləri ilə. Amma təkcə bu təkliflərdə qeyd olunanlar azdır. Txacların azaldılması (yox edilməsi mümkün deyil) üçün kompleks tədbirlərdə ictimai nəqliyyatın bütün növlərinin hər əraziyə uyğunu seçilməklə təcili inkişaf etdirilməsi də vacibdir. Txacı tamamilə ləğv etmək istəyiriksə, Paytaxt Bakıdan çıxarlmalı,Azərbaycanın ortasında (məsələn Kürdəmirdə) bütün istiqamətlərə yaxın və çıxışı çoxsaylı olan yeni, necə deyəllər "ağıllı paytaxt" salınmalıdır. Fikrimcə. Astana, Ankara və s. kimi.

  • sürücü

    Buraya eyni zamanda yolun üzərində (yəni mövcud yolun eni hesabına ) körpü tikiməklə həmin yolun məqliyyar buraxma iliyyətini xeyıi aşağı saldığı da əsas faktlardandır.Məsələn,Tbilisi prospekti, Papanin küçəsi və sair.,

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər