Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərli federasiyanı tənqid etməsi ilə mediada gündəmə gələn “Xəzri” İdman Klubunun direktoru Əli Kərimovu məhkəməyə verib.
Bu barədə
“Bakupost”a məlumatı Kərimovun özü verib.
Qeyd edək ki, söhbət dəfələrlə Azərbaycan birinciliyinin qalibi və beynəlxalq turnirlərin mükafatçısı olan tennisçi Ayşən Kərimlinin atası və məşqçisi Əli Kərimov Bəxtiyar oğlundan gedir.
Federasiyasının mətbuat xidmətindən “Bakupost”a bildirildi ki, xüsusi ittiham qaydasında edilmiş müraciət qanunvericiliklə nəzərdə tutulmuş fərdi hüquqi müdafiə vasitəsidir və tərəflər arasında olan məsələdir:
“Belə müraciətin mahiyyəti, səbəbləri və hüquqi əsasları barədə şikayət olunan şəxs özü də məlumatlıdır və məsələ məhkəmə müstəvisində qiymətləndirilir.
Bu səbəbdən, hazırda məhkəmə baxışında olan və iki fiziki şəxs arasında hüquqi mübahisə xarakteri daşıyan məsələnin Azərbaycan Tennis Federasiyasının fəaliyyəti kimi təqdim olunması düzgün yanaşma hesab edilmir".
Xatırladaq ki, ötən il Əli Kərimov redaksiyamıza müraciət edərək Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayevin beynəlxalq turnirlərdə erməni rəqiblərini məğlub edən və yerli yarışlarda birinciliklər qazanan 14 yaşlı Ayşəni 3 ildir milli komandadan kənarda saxladığını və beynəlxalq turnirlərdən məhrum etdiyini demişdi.
Federasiyadan isə bildirilmişdi ki, Əli Kərimovla problem illərdir davam edir və o, qurumun fəaliyyətinə və əsasnaməsinə uyğun olmayan tələblər irəli sürür.
Qeyd edək ki, Ənvər Ənvərli bu ilin 1 may tarixində Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib. O, bu vəzifədə 22 il federasiyaya rəhbərlik etmiş Milli Məclisin sabiq sədri Oqtay Əsədovu əvəz edib.
Məlumata görə, Ənvər Ənvərli Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur.
Lalə Novruz,
BakuPost