Ru
12:28 / 05 Avqust 2022

Körpə qız qatilləri: demoqrafik balansı necə qorumalı? - ARAŞDIRMA

49628
Azərbaycan dünyada selektiv abortların ən çox qeydə alındığı ölkələrdən biridir.

Bu gün doğulan uşaqların cins nisbətinin pozulması, yəni qız uşaqlarının selektiv abort edilməsi nəticəsində doğuş üzrə təbii cins balansının pozulması müşahidə olunur.


Hətta son vaxtlar Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdə olduğu bildirilir. Qeyd olunur ki, əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir.


QIZLARIN AZALAN SAYI


Bioloji normaya əsasən, hər doğulan 100 qıza 105 oğlan nisbəti olmalıdır. Dünyaya gələn oğlan və qız uşaqlarının nisbəti Azərbaycanda 1980-ci illərə qədər əsas etibarilə gözlənilən bioloji səviyyədə idi. Ancaq ölkədə 1990-cı illərin əvvəllərindən etibarən bu balans ciddi şəkildə pozulmağa başlayıb. 1990-cı ildə bu nisbət 107-yə, 2000-ci ildə 110-a, 2010-cu ildə 118-ə qalxıb. 1990-cı ildən sonra ölkədə yeni doğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003-2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb. 2011-2014-cü illərdə hər 100 qıza 116 oğlan, 2015-2017-ci illərdə hər 100 qıza 114 oğlan, 2018-ci ildə hər 100 yeni doğulan qıza düşən oğlan uşaqlarının sayı 115 olub. 2019-cu ildə isə hər yeni doğulan qıza düşən oğlan sayı 113 olub. 2020-ci ildə yeni doğulan körpələr arasında oğlanlar say etibarilə üstünlük təşkil edib. Belə ki, yeni doğulan 100 qız uşağına 114 oğlan uşağı düşüb.


Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda 73 min 177 körpə doğulub. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,4, qızlarınkı isə 46,6 faiz olub.


Mütəxəssilərin fikrincə, dünyaya gələn hər 100 nəfər qız uşağına düşən oğlan uşaqlarının sayı 106-dan çox olarsa, bu, cinsə görə oğlan uşaqlarına üstünlük verildiyini göstərir. Əksinə, 103-dən az olarsa, bu nisbət qız uşaqlarına üstünlük verildiyini təsdiq edir.


ABORTLARIN ARTAN STATİSTİKASI





Son illər ölkədə edilən abortların sayında ciddi artım müşahidə olunur. 2013-cü ildə Azərbaycanda 27892 abort edilib. 2014-cü ildə abortların sayı 27 220, 2015-ci ildə 27 452, 2016-cı ildə 34569 olub. 2017-ci ildə qeydə alınan abortların sayı 37 min 618 olub. 2017-ci il bu statistik göstəricilərə görə 2000-ci ildən bu yana ən çox abortların qeydə alındığı il kimi yadda qalıb. 2018-ci ildə ölkədə edilən abort sayı 36 141, 2020-ci ildə isə bu rəqəm 34719 olub.


Bunlar Dövlət Statistika Komitəsinin qeydə aldığı rəqəmdir. Ara həkimlərinin də abortla məşğul olduğunu nəzərə alsaq, bu rəqəmin daha çox olduğunu ehtimal etmək olar. Ölkədə abortun hansı səbəblərdən həyata keçirilməsinin statistikası aparılmır. Həmçinin Azərbaycanda selektiv abortlar üzrə dəqiq statistika da yoxdur. Statistika və dəqiq araşdırma aparılsa, heç şübhəsiz, edilən abortların çox hissəsinin selektiv abort olduğu məlum olar.


DEMOQRAFİK BALANSIN POZULMASINA SƏBƏB OLAN AMİL


Dünyaya göz açan oğlan və qız uşaqları arasında demoqrafik balansın pozulmasının əsas səbəbi də məhz selektiv abortlardır. Qızların sayının süni surətdə azaldılması insanlıq baxımından böyük günah olmaqla bərabər, həm də yaxın gələcəkdə baş verəcək ciddi demoqrafik pozuntuların təməlini qoyur.


Azərbaycanda selektiv, yəni cinsə görə abort qadağandır. Hazırda qüvvədə olan qanuna görə, 12 həftəyə qədər hamiləlik ananın istəyi ilə sonlandırıla bilər. 12 həftədən 22 həftəyə qədər ailənin sosial vəziyyəti nəzərə alınmaqla aborta yol verilir. 22 həftədən sonrakı dövrdə isə yalnız ananın sağlamlığı nəzərə alınaraq tibbi göstərişə əsasən, abort icra oluna bilər.





DÖLÜN CİNSİYYƏTİ YALNIZ 12 HƏFTƏYƏ YAXIN MÜDDƏTDƏ BİLİNİR


Həkim-ginekoloq Səbinə Əliyeva deyir ki, selektiv abort ultrasəs müayinəsi ilə embrionun cinsini müəyyən etdikdən sonra cinsi ayrı-seçkilik edərək, ondan abort yoluyla qəsdən xilas olmaqdır. Selektiv abortlar arasında ayrı-seçkiliyə məruz qalan cins qızlardır:


"Çox valideyn dölün cinsiyyətinin qız olduğunu bilən kimi onu abort edir. Son illərdə edilən abortlar arasında selektiv abortların payı az deyil. Onların sayını müəyyən etmək çətindir. Çünki selektiv abortların əksəriyyəti qeyri-qanuni yolla baş verdiyi üçün, onların real mənzərəsi gizli qalır. Ancaq son illərdə doğulan qız uşaqlarının sayında müşahidə olunan azalma sübut edir ki, edilən abortların çoxu məhz selektiv abortlardır".


Ginekoloqun sözlərinə görə, dölün cinsiyyəti yalnız 12 həftəliyinə yaxın müddətdə bilinir: "Bəzən elə olur ki, dölün cinsiyyətini heç 12 həftəliyində də müəyyən etmək olmur. 13-14 həftədə dəqiq bilinir. Elə xanımlar var ki, hansı həftəsində olmağından asılı olmayaraq, dölün cinsiyyətinin qız olduğunu biləndə onu tələf etdirir. Qadınların böyük əksəriyyəti bu addımı həyat yoldaşının təkidi ilə atır. Həyat yoldaşı məcbur edir ki, qadın abort etdirsin. İndi əksər ailələr üçün ailədə ikinci, üçüncü uşağn qız olması arzuolunan deyil”.

Həkim bildirib ki, abort zaman həkimin ən xırda bir səhvi ucbatından xəstə həyatını itirə bilər: "Abort nəticəsində uşaqlıq ciddi zədə ala bilər, deşilə, güclü qanaxma yarana bilər. Bu zaman ölüm halı baş verə bilər, xəstə həyatını itirər. Belə hallara az rast gəlinməyib”.


S.Əliyevanın dediyinə görə, abortdan sonra bəzən xəstələrdə xroniki ağrılar olur, uşaqlıq daxilində törəmələr əmələ gəlir: “Abort zamanı həyat üçün təhlükəli qanaxmalar, infeksion xəstəliklər ehtimalı yüksəkdir. Nəinki abort zamanı, hətta abortdan sonra da fəsadlar baş verə bilər. Bəzən abortdan sonra qadın təkrar ana olmaq şansını itirir. Abortdan sonra qadınların əksəriyyətində nevroz kimi ağır sinir xəstəlikləri müşahidə edilir”.



SELEKTİV ABORT QANUNLA QADAĞAN OLUNSA DA...


Millət vəkili Kamilə Əliyeva deyir ki, təəssüf ki, hələ də ölkədə qız uşaqlarının abort yolu ilə öldürülməsi halları mövcuddur. Ona görə də bu gün ölkədə hər 100 qıza 115 oğlan düşür:



“Ölkədə qadınların sayında əvvəlki illərə nisbətdə ciddi şəkildə azalma müşahidə olunur. Bununla da balans və tarazlıq pozulur. Cins nisbətinin pozulması halları gələcəkdə böyük problemlərə gətirib çıxara bilər. İllərlə övlad arzusunda olan ailələr var. Amma bəzi ailələrdə selektiv abortlar edilir. Oğlan övladı arzusu ilə qız övladları tələf olunur. Bu, düzdün deyil. Övladlar arasında ayrı-seçkiliyə yol vermək olmaz. Qız da, öğlan da hər ikisi Allahın verdiyi gözəl paydır”.


Millət vəkili hesab edir ki, cinsiyyətin müəyyənləşdiyi, ultrasəs müayinəsində göründüyü həftədə abort etmək qanunla qadağandır: “Selektiv abortların aparılması qanunla qadağan edilib. Hətta USM vaxtı cinsiyyəti bildirmək də qanunla qadağandır. Yalnız bəzi irsi xəstəliklərin ötürülməsi riski olduqda bunu həkim göstərişi ilə demək olar. Çünki elə xəstəliklər var ki, cinsiyyətlə bağlı nəslə ötürülür. Bunun qarşısını almaq üçün cinsiyyəti demək olar. Amma çox təəssüf ki, hələ də bəzi həkimlər qanunazidd olaraq selektiv abortlar edir. Hesab edirəm ki, selektiv abortların qarşısını almaq üçün əlavə qanuna və ya qanunda hansısa əlavə dəyişiklik etməyə ehtiyac yoxdur. Sadəcə, mövcud olan qanunlara həkimlər tərəfindən riayət edilməlidir. Eyni zamanda, qanuna necə riəyət olunduğuna nəzarət gücləndirilməlidir”.


CİNS SEÇİMİNİN QARŞISININ ALINMASINA DAİR TƏDBİRLƏR PLANI


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan qanunvericiliyində cinsi mənsubiyyətə görə ayrı-seçkilik yolverilməz hesab olunur. Buna baxmayaraq, bu gün bəzi ailələrdə oğlan uşaqlarına üstünlük verilir. Gender əsaslı cins seçiminin kökündə gender stereotipləri, gender bərabərsizliyi, oğlan uşaqlarına daha yüksək dəyər aşılayan patriarxal ailə strukturu kimi məsələlər dayanır. Təəssüf ki, bir çox ailədə qadınların reproduktiv sağlamlıq hüquqları qorunmur, ailə üzvlərinin istəyinə əsasən, qadın hamiləliyi dayandırmağa məcbur edilir. Bəzən də qadın yalnız qız uşaqları dünyaya gətirdiyi üçün təzyiqlərə məruz qalır.


Bu halların qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nı təsdiq edib. Həmin Tədbirlər Planında uşaqların doğulanadək cins seçiminin qarşısının alınması ilə bağlı müvafiq qurumlar tərəfindən həyata keçirilməli olan tapşırıqlar var. Komitə tərəfindən müvafiq Tədbirlər Planının icrası istiqamətində əhalinin, xüsusilə regionlarda yaşayan risk qrupuna aid olan ailələrin reproduktiv davranış sahəsində bilik səviyyəsinin artırılması, gənc və yeniyetmələrin cinsi mədəniyyət sahəsində maarifləndirilməsinin gücləndirilməsi, arzuolunmaz hamiləliklərin artmasının, abortların sayının çoxalmasının, doğulacaq uşağın cinsinin seçilməsinin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri daha da gücləndirilib. Əsas məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına verilən önəmin, dəyərin göstərilməsi, gender stereotiplərinin aradan qaldırılmasıdır. İnanırıq ki, görülən işlər uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına verilən üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasında müəyyən rol oynayacaq.


BMT-nin Əhali Fondunun proqnozuna əsasən, əgər doğulan uşaqların cins nisbəti 116 və ya artıq olarsa, 2050-ci ilə qədər oğlan uşaqlarının çox, qızların sayının azlığı cəmiyyət üçün ciddi problemlər yaradacaq.



MƏKTƏBLƏRDƏ YALNIZ OĞLANLARDAN İBARƏT SİNİFLƏR GÖRMƏK İSTƏMİRİKSƏ...



Təhsil eksperti Elçin Əfəndi bildirib ki, ölkədə qız uşaqlarının sayı kəskin şəkildə azalır. Bunun nəticəsidir ki, artıq bir neçə ildir ölkənin ümumtəhsil məktəblərinə 1-ci sinifə gedən şagirdlər arasında oğlanlar say etibarilə qızlardan üstünlük təşkil edir:





“Qızaların sayının azalması yaxşı heç nə vəd etmir. Biz indi yox, illər sonra bunun ağır nəticələrini görəcəyik. Hesab edirəm ki, nə qədər gec deyil, əlaqədar qurumlar bu məsələni diqqətə almalıdır. Ümumrespublika üzrə maarifləndirici tədbirlər görülməlidir. Selektiv abortların qarşısı alınmalıdır. Adəti üzrə sinifdə, parta arxasında bir qız, bir oğlan şagird əyləşir. Gələcəkdə məktəblərdə yalnız oğlanlardan ibarət siniflər görmək istəmiriksə, indidən lazımi təbdirlər görməliyik”.


KEÇMİŞDƏN GƏLƏN ƏNƏNƏNİ DƏYİŞMƏK LAZIMDIR


Millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, köhnə düşüncəli insanlar ucbatından bu gün ölkədə selektiv abortların sayı artır. Nəticədə qız uşaqlarının sayında azalma müşahidə olunur:




“Qız ilə oğlan arasında fərq qoyulması qəbulolunmaz haldır. Övladlar arasında ayrı-seçkilik etmək olmaz. Oğlan arzusu ilə qız uşaqlarını məhv etmək, onların yaşamaq hüququnu əlindən almaq günahdır. Hesab edirəm ki, əhali arasında, xüsusilə də bölgələrdə bunun qarşısının alınması üçün ciddi maarifləndirmə işləri aparılmalıdır".



Millət vəkili bildirib ki, Azərbaycanda qız uşaqlarına adətən, köçəri quş kimi baxılır: "Deyirlər ki, qızlar böyüyəcək, ailə qurmaq yaşı çatanda başqa ailəyə köçəcəklər. Başqa ocağın çırağını yandıracaqlar. Lakin oğul övladları ailələri ilə birlikdə qalır, valideynlərinə baxır. Bu səbəbdən də ailələr oğlan uşağına daha çox üstünlük verirlər. Bu keçmişdən gələn bir ənənədir və doğru yanaşma deyil. Bu yanaşmanı, tendensiyanı artıq dəyişmək lazımdır. Cinsin heç bir fərqi yoxdur. Ona qalsa, valideynə elə ən yaxşı qız övladı baxır. Yəni fərqi yoxdur qız, ya oğlan. Əsas odur ki, ailəsinə, cəmiyyətinə, millətinə, dövlətinə faydalı bir vətəndaş olsun”.


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanması “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.



Sevinc
BakuPost
Şərhlər
  • t.ədalət

    Deyək ki,Allahdan qorxmur və bu qəddar addımı atır.Bəs,o körpəni bətnində daşıyan ana necə,məgər özü bir qız övladı deyil?Qız uşağını körpə qatili putincəsinə öldürmək çox böyük günahdır.Qiyamət gününün ən böyük əzabı onlara veriləcək.Allah dünyamızı qız övladının qatillərindən qorusun!Tomris,Rüstəmə,Tutu Bikə,Xaçmazlı Reyhan,adlarını çəkmədiyim onlarla qəhrəman qızlarımız olub.Onların xatirinə bu iyrənclikdən uzaqlaşmaq lazımdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər