Ru
12:45 / 12 Dekabr 2022

Laçın dəhlizinin bağlanması niyə zərurətə çevrildi: Proseslər bizi hara aparır?

20225
Bu gün Azərbaycanlı fəallar, ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolda etiraz aksiyasına başlayıblar.


Ərazidə yol bağlanıb, aksiyaçılar sülhməramlıların komandirinin hadisə yerinə gəlməsini tələb edirlər.




Qeyd edək ki, bu artıq ikinci aksiyadır. Belə ki, bir qədər öncə mətbuatda erməni separatçılarının sülhməramlıların nəzarəti altında olan ərazidə Azərbaycana məxsus faydalı qazıntı yataqlarını - qızıl, mis-molibden mədənlərini qanunsuz olaraq istismar etdikləri və Ermənistana daşıdıqları haqda xəbər yayıldı. Məhz həmin xəbərdən sonra Azərbaycan ekoloqları aksiya keçirdilər və 3 saata yaxın Laçın dəhlizini bağladılar. Sülhməramlıların komandanı Azərbaycan tərəfinə ərazidə monitorinq aparmağa şərait yaradacağını bildirdi və dönə-dönə yolun açılmasını xahiş etdi. Yalnız bundan sonra Laçın dəhlizində hərəkət bərpa olundu.

Dünən isə İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ilkin monitorinqə başlamalı idi. Lakin sülhməramlılar nəinki buna şərait yaratmadı, əksinə separatçıların hazırkı lideri Ruben Vardanyanla əlbir olub, həyasızcasına buna mane oldular.


Dünən bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib. Notada əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib. Həmçinin səfərə maneçilik törədilməsi və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il Üçtərəfli bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi də Moskvanın diqqətinə çatdırılıb.


Göründüyü kimi, Azərbaycana məxsus təbii sərvətlərin talan edilməsi, ekologiyaya ziyan vurulması ilə bağlı sülhməramlı kontingentin komandanlığına dəfələrlə edilən müraciətlərin heç bir nəticəsi yoxdur. Halbuki bu tələb tamamilə haqlıdır. Azərbaycan ona məxsus ərazidə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış keçirmək, müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunu aparmaq, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və riskləri qiymətləndirilmək istəyir. Sülhməramlılar isə buna mane olurlar.


Yeri gəlmişkən, biz sülhməramlıların birtərəfli, qərəzli münasibətinin növbəti dəfə elə bu yaxınlarda gördük. Azərbaycanlı jurnalistləri öz doğma torpağına buraxmayan sülhməramlılar Xankəndində ermənilər üçün gətirilən humanitar yardımı yük maşınlarından boşaldırdılar. Bu, yalnız sülhməramlıların deyil, bütövlükdə Rusiyanın məsələlərə birtərəfli yanaşmasının göstəricisidir. Bu gün faktiki olaraq, Rusiya Qarabağdakı ermənilərin təşkilatlanması, silah-sursatla təmin olunması, onların normal yaşayışının təminatı üçün əlindən gələn hər şeyi edir. Hətta Azərbaycanın Qarabağ ermənilərinə heç bir status verilməyəcəyi barədə dəfələrlə səsləndirilən bəyanatına baxmayaraq, Rusiya təkli etdiyi sülh müqaviləsində status məsələsini gələcəyə saxlamaqda israr edir.



Beləliklə, Azərbaycanın 2020-ci ilin noyabrın 10-da imzalanan Üçtərəfli bəyanatda əksini tapan əksər prinsipial tələbləri bu günə qədər yerinə yetirilməyib. Ərazidəki erməni silahlı birləşmələri nəinki oradan çıxarılmayıb, əksinə onlara əlavə silah-sursat təmin edilib. Bu azmış kimi separatçılar demək olar ki, hər gün Azərbaycan ordusunun mövqelərini, ərazidə iş görən mülki əhalini, hətta tərk etdiyi Şuşanı, Ağdamı, Tərtəri atəşə tutur. İkincisi, razılaşma əldə olunan gündən indiyədək Laçın dəhlizi işlək vəziyyətdə olsa da, Ermənistan Zəngəzur dəhlizinin açılmasını hələ də yubadır. Ümumiyyətlə, onun nə vaxtsa açılacağı tamamilə sual altına düşməkdədir. Rusiya isə Qarabağ separatçılarının rəhbərliyinə öz adamını gətirməklə, Qarabağda ermənilərin mövqeyini günü-gündən gücləndirməkdə davam edir.


Belə bir vəziyyətdə Azərbaycanın həm sülhməramlıları, həm də separatçıları necə deyərlər, öz orbitinə qaytarmaq üçün yeganə yolu qalır: Laçın dəhlizini bağlamaq. Bu addımın vaxtı çoxdan çatıb. Dəhliz yalnız Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri oradan çıxarılandan, ermənilərə məxsus qondarma strukturlar ləğv ediləndə və sonra açıla bilər. Həm də Laçın dəhlizi ilə giriş-çıxışa Azərbaycan tərəfinin birbaşa nəzarəti şərti ilə...



Zaur
BakuPost


Həmçinin oxuyun:




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər