Ru
11:20 / 31 Avqust 2022

Mina qurbanı olan Dinanın insanlıq dərsi...

11569
İtlər kimlər üçün sevimli dost, kimlər üçünsə yırtıcı məxluqlardır. Dünyada sədaqəti ilə tanınan bu sevimli varlıqlar heç də bütün toplumlarda layiqli dəyərini almır.


Məsələn, bizim cəmiyyətdə insanlar bir-birini təhqir edəndə “it”, “it oğlu” kimi ifadələr işlədirlər. Bir çox pislikləri itin ayağına yazan cəmiyyətlərdənik, bir sözlə. Halbuki bu sevimli varlıqlar öz canları bahasına sahiblərini qoruyur, xilasetmə əməliyyatlarında iştirak edirlər.



Ötən gün Qubadlıda ərazilərin minalardan təmizlənməsi zamanı ANAMA əməkdaşı, 38 yaşlı Nəcməddin Hüseynovun həyatını xilas edərək minaya düşən “Dina” ləqəbli itin ölüm xəbəri bəlkə də yaşadığımız hadisələrin fonunda olduqca bəsit bir xəbərdir.





Çoxu üçün bunun hadisə payı belə yoxdur. Lakin anlayana bu hadisənin çox dərin məna yükü var. Bizim heyvan adlandırdığımız varlığın bir neçə insan həyatını xilas etdiyi ölkənin başqa bir vilayətində müdafiəsiz bir qızı zorlayıb, həyatını məhv edən 4 insan da var. Belə bir məqamda istər-istəməz minaya düşərək həyatını itirən Dinanı həmin ikiayaqlılarla müqayisə edir və görürsən ki, Dina onlardan daha çox insandır. Bəlkə də "itdir, şüursuzdur" deyənlər də olacaq. Amma şüursuz şəkildə yaxşılıq edən bir heyvan şüurlu şəkildə pislik edən insanlardan daha üstün deyilmi?


Allahın şüur bəxş etdiyi insanlar o şüurdan bu gün daha çox pislik, şər üçün istifadə etmirmi? Dünyada yaxşı insanların nəslinin tükəndiyi bir dövrdə Dina kimi itlərin varlığı bəşər üçün məlhəmdir əslində. İnsanlığın papağını qarşısına qoyub düşünməsinə vəsilədir bəlkə də.


Dinanın ölümü uşaqlığımın bir dönəminə qonaq olan Andrey adlı itimizi xatırlatdı mənə. Qaçqınlıq həyatımızın ilk illəri idi. Bilgəhin kimsəsiz, uşaqsız bağlarını Andreylə oynaya-oynaya dolaşıb günümü keçirirdim. Çünki oynamağa həqiqətən də özümüzdən və Andreydən başqa heç kim yox idi. Müharibənin barıt qoxusu sinmiş uşaqlığıma Andrey adlı bir sığal çəkilmişdi sanki. Andrey çox ağıllı it idi. Onun it olduğunu unudurdum bəzən.


Ayaqqabımın tayını tez-tez itirən uşaqlardan olmuşam. Anam mənə hər dəfə “ayaqqabını həyətdə soyunma” xəbərdarlığı etsə də, hər dəfə unudurdum. Həyətdəki başqa itlər ayaqqabımın tayını götürər, harasa bilinməz yerlərə aparardı, nə qədər axtararsam da, tapa bilməzdim. Anam hər dəfə məni danlayanda Andrey bir gün axşama kimi gözdən itər, o ayaqqabının tayını hardan olsa, tapıb gətirərdi. Ona necə şüursuz demək olardı? Bir gün Andrey çox böyük bir “səhv” etmişdi. Bostana girib xiyar tağını əzmişdi. Babam da Andreyi bunu bir də təkrarlamasın deyə həyətdəki badam ağacına zəncirləmişdi. Bizə də qadağan etmişdi onu oradan açmağı. Bir gün səhər yuxudan durub dəhşətli bir mənzərə ilə qarşılaşdım. Mənim Andreyim özünü badam ağacından asmışdı. Yalnız şüurlu bir varlıq azadlığı əlindən alındığı üçün intihar edə bilərdi. Biz Andreyin cansız bədənini zəncirdən açıb qucaqladıq, ağladıq. Hələ rəhmətlik nənəm bizə acıqlandı ki, “çəkilin ordan, köpək usağı, elə bil dədələri ölüb”. Mən o hadisəni çox çətinliklə həzm etdim. Andreyin bərələ qalan gözləri uzun müddət yuxularıma girdi. Biz Andreyə vəfa borcumuzu çox layiqincə yerinə yetirdik. Onu yolun qırağında balaca bir təpəcikdə dəfn etdik.

Andreyin tüklərinin rəngi günəş batanda səmanın boyandığı rəngdə idi. Tünd narıncı. Günəş bu təpəyə daha yaxın idi sanki. Həmişə çıxanda birinci o təpə işıqlanırdı. Ordan köçənə kimi hər gün səhər gün doğanda damın üstünə çıxıb o təpəciyə baxardım. Andreyin siluetini gördüyümü dedim bir dəfə, atam dedi: “Uşaq havalanıb, həkimə aparaq”. Ondan sonra Andreyin adını evdə çəkmədim.





Həyatımdan gəlib-keçən bir çox insanları unutdum, amma Andreyi hələ də xatırlayıram. Amerikanın keçmiş prezidenti Trumanın itlərlə bağlı söylədiyi çox anlamlı və məşhur bir sözü var. Truman deyirdi ki, “Vaşinqtonda həqiqi bir dost istəyirsənmi? O zaman bir it al”.


İtlərin sədaqətindən bəhs edən onlarla məşhur filmlər var. Eləcə də Homer, Turgenev, Bulqakov, Kafka kimi yazıçıların yaradıcılığında da itlərlə bağlı əsərlərə rast gəlmək mümkündür. İtlər həqiqətən də sahiblərinə sonsuz bir məhəbbətlə bağlı varlıqlardır.


Dinanın həyatını xilas etdiyi Nəcməddin həmişə onu xatırlayacaq. Dina olmasaydı, biz təcrübəli minaaxtaranımızı itirəcəkdik. Dina olmasaydı, neçə-neçə mina tapılmamış qalacaq, nə vaxtsa kimlərsə o minanın qurbanına çevriləcəksilər. Neçə ailənin evində göz yaşları ömürlük qurumayacaqdı. Daha bir neçə uşaq ata deyə mərməri qucaqlayacaqdı. Dinanın sayəsində bunların heç biri olmadı! Sağ ol, Dina! Sən bizə insanlıq dərsi verdin!



Günel Musa



Həmçinin oxuyun:



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər