Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:22 / 27 Noyabr 2024

Minimum istehlak səbəti yenilənəcək: nələr nəzərə alınmalıdır? - Açıqlama

1396

Xəbər verdiyimiz kimi, 2025-ci ildə minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq. Bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.

"Minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi İqtisadiyyat Nazirliyinin daim gündəmdə saxladığı məsələdir. Bununla bağlı müəyyən İşçi Qrupu fəaliyyət göstərir. Həmin İşçi Qrupunun ən sonuncu görüşü 2021-ci ildə baş tutub. Səbətin tərkibinə baxılıb və saxlanılması qərarına gəlinib. 2025-ci ildə İşçi Qrupun yenidən görüşünü planlaşdırırıq. Mövcud iqtisadi vəziyyətə uyğun minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq", - deyə H.Hüseynov bildirib.

Qeyd edək ki, Azərbaycanda minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli qərarı ilə təsdiq edilib. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri ilə hesablanır. Azərbaycanda minimum istehlak səbətinin tərkibi sonuncu dəfə 2014-cü ildə yenilənib.

Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yaşayış minimumu isə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Gələn il üçün yaşayış minimumunun həddi 285 manat götürüləcək. 2024-cü il üçün isə yaşayış minimumu ölkə üzrə 270 manatdır.

Məsələ ilə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, yaşayış minimumunun hesablanması ilə bağlı qaydalar dəyişdirilməlidir. Minimum istehlak səbətinin tərkibi yenidən təsdiq edilməlidir. Mövcud minimum istehlak səbətinin tərkibində internet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir. Müasir insan isə gün ərzində 15 dəqiqədən çox internetdən istifadə edir: “Azərbaycanda minimum istehlak səbətinə yüzlərlə məhsul adları, xidmətlər daxildir, amma effektiv deyil. Faktiki olaraq orta statistik Azərbaycan vətəndaşı gündəlik həyatında 30 adda ərzaq məhsulları istifadə edir. Onların qiymətləri daha çox qalxır. Amma onların qiymətinin daha çox artması ümumi səbət hesablamalarında faizi aşağı çəkir".



Ekspert qeyd edib ki, birdən-birə yeni hesablama qaydaları gətirilsə, yaşayış minimumunun məbləği daha böyük olsa, yoxsulluq səviyyəsində ciddi artım ola və minimum əməkhaqqının qaldırılmasına ehtiyac yarana bilər.

İqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, minimum istehlak səbətinin tərkibinə həm məhsulların sayı, həm də normaları baxımından yenidən baxılmasını zəruridir:



“Ölkə üzrə yaşayış minimumunun müəyyənləşməsində əsas rol oynayan minimum istehlak səbətinin tərkibinə hər il baxılmalıdır. İqtisadiyyat inkişaf edirsə, əhalinin gəlirləri artırsa, demək, istehlak davranışları, istehlakçı zövqü də dəyişir. Beş manat gəlirlə formalaşan istehlak səbəti ilə 15-20 manatlıq gəlirlə formalaşan arasında fərq olmaya bilməz. Bu baxımdan, dəyişikliklərin minimum istehlak səbətində əksini tapması lazımdır”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar