Ru
23:12 / 26 Yanvar 2023

Müasir dövrün gənclərində davranış problemi: nə etməli?

2715
"İstər gənclər, istər digər təbəqə əhalini başlı-başına buraxıb, sonra da onları günahlandırmaq düzgün deyil. İstənilən dövlətdə uyğun qurumlar həmişə insanların müsbət davranışı ilə məşğul olurlar. Yaşlı təbəqə bilir, sovet dövründə bizim ölkədə də bu var idi. İndi bu məsələlər başlı-başına buraxılıb, heç kim məşğul olmur".

Bu fikirləri Bakupost.az -a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu gənclərin müasir dövrdə davranışlarındakı problemləri barədə danışarkən deyib.

O qeyd edib ki, bu işdə ilk növbədə təhsil sistemi müəyyən fəallıq göstərə bilər:



"Çünki əvvəllər yeni nəslin formalaşmasında həm ailə, həm məktəb, cəmiyyət, həm də bədii ədəbiyyat, filmlər böyük rol oynayırdı. İndi təəssüf ki, ailələrimizdə böyük gərginlik var, 100 nikaha qarşı 30-dan artıq boşanma düşürsə, ondan da iki dəfə artıq evdə "vuruşurlarsa", deməli, Azərbaycan ailəsində ciddi gərginlik var. Belə olan halda da o ailədə uşaqlar normal formalaşa bilmir. Ailələrə də elə yox, belə ol deməklə olan deyil. Bu gərginlik cəmiyyətimizə də yansıyıb. Cəmiyyətə də düzəl deməklə düzələn deyil. Mənəvi dəyərlər aşılayan bədii ədəbiyyat oxunmur, filmlərə baxılmır. Əvəzində sosial şəbəkədə ziyanlı işlərlə məşğuldular. Ona görə də yeganə gücümüz çatan vasitə təhsildir. Təhsil sistemi elə qurulmalıdır ki, arzuolunan nəslin yetişməsinə kömək etsin. Amma bu gün təəssüf ki, istənilən formada təhsil mühiti də yoxdur. Elə vəziyyət yaranıb ki, müəllim şagirdə artıq bir söz deyə bilmir, müəllimə qarşı birtərəfli münasibət yaranıb. Belə olmaz. Məktəb bizim yeganə ümid yerimizdir. Qeyd etdiyim kimi bu işdə digər vasitələr işləmir. Onları idarə etmək mümkün deyil, amma məktəb idarə olunandı. Məktəb öz funksiyasını dəyişməlidir. 20-30 il bundan qabaqkı məktəb olmamalıdır. Yeni ştatlar verməklə, əməkhaqqını artırmaqla elə vəziyyət yaratmaq lazımdır ki, məktəblər valideynlərlə də işləsin, onlarla əlaqədə olsun, maarifləndirsin. Bu sahədə təhsil sistemi tamamilə dəyişməlidir. Pis tərəfi odur ki, bununla bağlı təkliflərə, məktublara baxılmır, etinasızlıq var".

Sosioloq qeyd edib ki, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və televizayalarımızın bu sahədə yekdil, ortaqlaşmış bir proqramı olmalıdır:

"Dediyim odur ki , bu işdə qurumların üzərinə böyük iş düşür. Əvvəllər bu istiqamətdə saydığım qurumlar hamsı işləyirdi. Onda sovet ideologiyası təbliğ edilirdi, indi də Azərbaycan ideologiyası təbliğ edilsin. Hökmən deyil ki, sovet ola".

Ləman Hüseynzadə
Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər