Ru
12:57 / 10 Noyabr 2026

"Rahat market"dən alınan məhsullardan qurd çıxdı - GÖRÜNTÜLƏR

Eye

Son günlər sosial şəbəkələrdə müxtəlif çeşidli şokolad və şokolad tərkibli məhsulların içərisindən qurd və digər yad cisimlərin aşkarlanması ilə bağlı görüntülərə rast gəlinir. Bəzi hallarda məhsulların üzərində son istifadə müddətinin hələ başa çatmadığı qeyd olunsa da, onların tərkibində gözlə görünən qurdların olduğu müşahidə edilir. Bu, ilk baxışda bəziləri üçün adi və əhəmiyyət verilməyən hal kimi görünsə də, istehlak etdiyimiz qida məhsullarının sağlamlığımız üçün təhlükəsiz olması olduqca vacib məsələdir.

Son iki gün ərzində marketlərdən alınan şirniyyat məhsullarının yararsız olması ilə bağlı bir neçə şikayət qeydə alınıb. Ramil Şikarov adlı vətəndaş "OBA" marketin Binə filialından aldığı konfetdən qurd çıxdığını bildirib. Oxşar halla 1news.az-ın müxbiri də qarşılaşıb. O, "Rahat Market"in Əliaşrəf Əlizadə küçəsi, 72A ünvanında yerləşən filialından aldığı "Roshen" markalı şokoladın içərisində qurd olduğunu deyib. Vətəndaş bununla bağlı görüntülər də paylaşıb. Bu hallar isə marketlərdə satılan məhsulların keyfiyyəti və onların hansı şəraitdə saxlanılması ilə bağlı ciddi suallar yaradır.

Məsələ ilə bağlı "Bakupost"a "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin baş icraçı direktoru Seymur Qafarov bildirib ki, bu cür halların əsas səbəblərindən biri məhsulların düzgün şəraitdə saxlanılmamasıdır.

Onun sözlərinə görə, məhsulun son istifadə tarixi keçməsə belə, tərkibində zərərvericilərin olması, fiziki çirklənmə və kontaminasiya halları onun saxlanma şəraitinin pozulduğundan xəbər verir:

"Bəzən bu hallar qablaşdırmanın bütövlüyünün pozulması ilə də əlaqəli olur. Belə çirklənmələrin səbəbi təkcə məhsulların düzgün saxlanılmaması deyil. Daşınma zamanı da bir sıra vacib tələblər pozula bilər. Ümumiyyətlə, ərzaq məhsulları öz qablaşdırmalarından əlavə karton qutulara yerləşdirilməli, daşınma və saxlanma zamanı döşəmə ilə birbaşa təmasda olmamalıdır. Məhsullar döşəmədən 10-15 santimetr yüksəklikdə saxlanılmalıdır. Anbarlarda isə divardan ən azı 30 santimetr aralı yerləşdirilməlidir. Bu, hər hansı həşərat və ya gəmirici təması baş verdikdə onun vaxtında aşkarlanması baxımından vacibdir. Bundan əlavə, məhsullar vitrinlərə yerləşdirilərkən qablaşdırmanın vəziyyətinə diqqət yetirilməlidir. Əgər qablaşdırmada deformasiya varsa, bütövlüyü pozulubsa, həmin məhsullar satışa çıxarılmamalı və istehlaka yararsız hesab edilməlidir. Çünki bu cür hallar məhsulun mikrobioloji və fiziki çirklənməsinə şərait yarada bilər".

Ekspert deyir ki, istehlakçılar məhsul alarkən onun istehsal və son istifadə tarixlərinə mütləq diqqət yetirməlidirlər:

"Bu, olduqca vacibdir. Çünki məhsulun son istifadə müddəti hələ başa çatmasa belə, saxlanma qaydalarına əməl edilmədikdə o, öz istehlak keyfiyyətini itirə bilər. Nəticədə insan istehlakı üçün nəzərdə tutulan məhsul zərərvericilər üçün qida mənbəyinə çevrilə bilər. Məhsulların etiket məlumatları diqqətlə oxunmalı, saxlanma və daşınma qaydalarına həm satıcılar, həm də istehlakçılar tərəfindən riayət edilməlidir. Alıcılar məhsulla bağlı hər hansı şikayətlə qarşılaşdıqda isə dərhal müvafiq qaydada müraciət etməli və aldıqları məhsulu qəbzi ilə birlikdə satış nöqtəsinə təqdim etməlidirlər. Bu məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsi ilə tənzimlənir".

Lalə Novruz, BakuPost




Şərhlər
  • B.Kolxozdar

    AzSSRnın 70nci ilinə qədər tərəvəz və digər təravət məhsullarına üçcə satış günü icazə verilirdi və sonrakı gün mütləq qaydada satışdan tullantıya, ya digər təyinata yöəlordi. Optimal ərzaq məhsulu götürüb, üç günə satanlar mükafatlandırılırdı? Sonrakı *Otxodı v doxodı*, *BezOtxodnaya texnologiya pererabotki* hazırda ölkəmizə az qala digər ölkələrin də *çatışmayan defisit* ərzağımız kimi yedirtsin? Bu işə hansı Rəqəmsal sosial, tibbi-texnoloji qida nəzarəti institutu standartlar komitəsi ilə nəzarət edirlər? Rəngarəng Pomidorlardan Gözəl-qəşəng heyvanlara qədər (brsülloz-prostat, hepatit və s.?) qida sağlamlığı hesabatını Kimlər, hansı Statistika verir? Müstəqilcə və fəxrlə demək olar ki, Ölkəmizdə 30 ildir daha geniş çeşiddə broyler toyuqları, müxtəlif gölməçə balıqları da yetişdirilir? Balıqların və toyuqların yemindən onların ərzaq kimi qidasızlığı məlumdur. Bir neçə küçədə satılmayan 20 il öncəki *ABŞ* toyuq budları və ya Türkiyənin çiyinli *Piliç*ləri daha zəngin-qidalı dad verirdilər?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar