Bərdə rayonunda 21 yaşlı oğul anasını bıçaqlayıb.
Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Otuzikilər kəndində baş verib. Kənd sakini Təhmuraz Əfəndiyev (soyad şərtidir) yaşadığı evdə anası Elmiranı bıçaqlayıb.
Məlumata görə, Elmira Təhmurazın atasından ayrılandan sonra başqa kənddə Elvin adlı şəxslə ailə qurub və həmin vaxtdan Təhmuraz nənəsi və babasının himayəsində qalıb. Altı ildən sonra Elmira anasının il mərasimində iştirak etmək üçün Təhmurazın yaşadığı evə gəlib. İl mərasiminin səhəri gün Elmira yenidən yaşadığı evə qayıtmaq üçün ərinə zəng vurub. Əri isə onun dalınca gəlməyəcəyini bildirib. O, Elmiraya təklif edib ki, ya oğlu, ya da atası ilə gəlsin. Nəticədə ər-arvad arasında mübahisə yaranıb və əri Elmiranı təhqir edib. Bunu eşidən Təhmuraz anasından tələb edib ki, Elvinin yanına qayıtmasın. Anası isə evə qayıdacağını deyib və nəticədə ana ilə övladı arasında mübahisə yaranıb. Mübahisə zamanı əsəbiləşən Təhmuraz mətbəx bıçağı ilə anasına kürək nahiyəsindən üç zərbə endirib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə T.Əfəndiyev üç il azadlıqdan məhrum edilib. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzanı şərti hesab edib.