Ru
09:00 / 14 Fevral 2026

“Ölkədə hər 100 min nəfərə 28 vəkil düşür”

“Ölkədə hər 100 min nəfərə 28 vəkil düşür”
Eye

Ədliyyə naziri Fərid Əhmədov “LEGIS Hüquq Forumu”nda çıxışı zamanı ölkədə hüquq sahəsində kadr çatışmazlığının mövcud olduğunu bildirib. Nazir qeyd edib ki, hazırda təhsil müəssisələri hər il əmək bazarına, təxminən 1400 hüquq məzunu buraxır. Onlardan 600-ü ixtisaslaşmış təhsil müəssisələrinin məzunlarıdır. Bununla belə, ölkədə hər 100 min nəfərə cəmi 28 vəkil düşür. Vəkil olmayan hüquqşünasların da mövcudluğunu nəzərə alsaq belə, məhkəmələrdə mübahisələrin sayının artdığı bir şəraitdə hüquq təhsilinin kəmiyyət göstəriciləri kifayət etmir.

Nazir vurğulayıb ki, regionlarda hüquqşünas çatışmazlığı ciddi problem olaraq qalır. Bəzi bölgələrdə icra məmuru tapmaqda çətinliklər yaşanır:

“Biz kəmiyyət problemini həll etdikcə, dərhal keyfiyyət problemi ilə üzləşirik. Tələbələrin sayı artdıqca dərs yükü artır, bu da müəllim sayının artması deməkdir. Əmək bazarında da kifayət qədər müəllim yoxdur. Biz kəmiyyəti keyfiyyətə çevirə bilmirik. Bu prosesdə müəllim heyətinin sayının artması istiqamətində ciddi işlər görməliyik. Təhsil proqramları uzun illərdir ki, dəyişmədən qalır”.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında vəkil Babək Həmidov bildirdi ki, əsas problem hüquq fakültəsində təhsilin keyfiyyətindədir:

“Universitet vaxtı tələbəyə verilən bilik və bacarıqlar onun peşə fəaliyyətində istifadə edəcəyi bilik və bacarıqlara adekvat deyil, tamamilə fərqlidir. Bunu bir-biri ilə mütənasib etmək lazımdır. Ən vacib məsələlərdən biridir.

Hüquq fakültəsindəki dərslərin sayını artırmadan, çox az zəruri olan dərsləri praktik və bacarıq öyrədəcək təlim və dərslərlə əvəz etmək lazımdır. Bu, birinci vacib şərtdir.

İkinci problem ondan ibarətdir ki, hüquqşünas müəyyən bilik və bacarıqlara sahib olanda iş seçərkən, sözsüz ki, əmək haqqına və digər təminatlara fikir verir. Xatırlayıram ki, ucqar rayonlara dərs deməyə gedən müəllimlərə müəyyən təminatlar nəzərdə tutulurdu. Hesab edirəm ki, ucqar rayonlarda icra məmuru vəzifəsinə cəlb edilən hüquqşünas üçün müyyən güzəştlər təqdim oluna bilər ki, iş daha cəlbedici olsun”.

Vəkil Cavanşir Qasımzadə qeyd etdi ki, regionlarda təkcə hüquq sahəsində deyil, digər sahələrdə də çatışmazlıqlar mövcuddur:

“Bu gün regionlarda müəllim və həkim çatışmazlığı da var. Hər kəs üzünü Bakıya tutur. Yəni problem əslində urbanizasiya – şəhərləşmə ilə bağlıdır.
İlk öncə insanları regionlarda yaşamağa stimullaşdırmalıyıq. Hüquqşünaslıq üzrə təhsil alan tələbələr də stimul almalıdır ki, rayonlarda işləsinlər. Burada mütləq maddi stimullaşdırma olmalıdır. Qeyd olunmalıdır ki, rayonlara işləməyə gedən icra məmurlarına əlavə ödənişlər veriləcək. Məsələn, onlar evlə təmin olunacaq və ya digər güzəştlər tətbiq ediləcək.

Universitetlərdə kvota sistemi tətbiq olunmalıdır. Məsələn, universiteti bitirdikdən sonra regionlarda işləyəcək tələbələr üçün universitetə giriş balları aşağı olmalıdır. Təbii ki, burada keyfiyyəti də aşağı salmaq olmaz. Çünki kadr çatışmazlığından əlavə, yaxşı kadr çatışmazlığı da mövcuddur. Biz bu gün “kəmiyyət çox olacaq” deyə keyfiyyəti aşağı salsaq, bu da təhlükəli nəticələrə gətirib çıxara bilər”.

Hüquqşünas Babək Umudov isə ölkə üzrə hüquqşünas və vəkil çatışmazlığı fikri ilə razılaşmadı. Onun sözlərinə görə, Avropa ölkələri ilə Azərbaycanda hüquqşünas və vəkillərin yalnız sayının müqayisəsi doğru deyil:

“Belə ki, bir sıra Avropa ölkələrində hüquqşünasa və ya vəkilə tələbat Azərbaycandakı tələbatdan xeyli yüksəkdir. Yəni Avropa ölkələrində insanlar və şirkətlər hər hansı hüquqi addımları atmazdan qabaq mütləq hüquqşünasla və ya vəkillə məsləhətləşirlər. Bu isə hüquqşünaslara olan tələbatı artırır və peşənin dəyərini yüksəldir”.

B.Umudov təəsüflə qeyd etdi ki, Azərbaycanda insanlar və şirkətlər hüquqşünaslara və ya vəkillərə lazımi qədər qiymət vermir, əksər hallarda yalnız hüquqi problemlə qarşılaşdıqda onları axtarırlar:

“Bu səbəbdən ölkəmizdə hüquqşünas və vəkillərə müraciət sayı Avropa ölkələrinə nisbətən xeyli aşağıdır. Bu da hüquqşünaslar üçün əmək bazarının hazırkı vəziyyətdə formalaşmalaşdırır. Bunu hüquqşünaslar üçün iş elanlarının sayından da müşahidə etmək olar”.

Hüquqşünasın fikrincə, hazırda universitetlərin yetişdirdiyi hüquqşünasların sayı normaldır:

“Təsəvvür edək ki, məzun hüquqşünasların sayı indikindən üç dəfə çox olsaydı, onlara kifayət edəcək qədər vakansiya olardımı? Fikirləşirəm ki, xeyr. Bu halda iş tapa bilməyən hüquqşünasların taleyi necə olardı? Onların bir hissəsi hüquq sahəsindən ayrılaraq başqa peşəyə yiyələnməli olardı. Nəticədə məzunların sayı artsa belə, işləyən hüquqşünasların sayında elə də ciddi artım olmayacaq”.


Vəkillərin sayı ilə bağlı məsələyə toxunan B.Umudov qeyd etdi ki, vəkillərin bir hissəsinin aktiv vəkilliklə məşğul olmur, müxtəlif şirkətlərdə çalışır. Eyni zamanda, aktiv fəaliyyət göstərən vəkillərin sayı ümumilikdə kifayət qədər deyil:

“Bu sayı artırmaq üçün Vəkillər Kollegiyasının təşəbbüsü ilə qanuna dəyişiklik edilərək, vəkilliyə qəbul üçün hüquq stajı üç ildən bir ilə endirildi. Ancaq düşünürəm ki, bu, elə də uğurlu addım deyil. Bu dəyişiklik vəkillərin kəmiyyətcə artmasına səbəb olacaq, lakin ümumi keyfiyyətə mənfi təsir göstərəcək. Belə ki, Azərbaycanda hüquq təhsilinin insanın peşəkar hüquqşünas kimi yetişməsi üçün kifayət etmədiyini nəzərə alsaq, cəmi bir il hüquq stajı olan şəxsdən də peşəkar, savadlı vəkil olmasını gözləmək doğru olmaz. Əlbəttə, istisnalar var və həmişə olacaq”.

B.Umudov əlavə etdi ki, bölgələrdə vəkillərin sayının az olması probleminin həlli üçün ilk növbədə vətəndaşların hüquqşünaslara və vəkillərə etimadı artmalı, əhalinin onlara tələbatı yüksəlməlidir ki, vəkil regionda çalışmağa maraqlı olsun:

“Digər mühüm məsələ isə vəkil qonorarıdır. Regionlarda əhalinin əsasən aşağı gəlirli olduğunu nəzərə alsaq, onların vəkillərə ödəmək üçün kifayət qədər vəsaiti olmaya bilər. Bu da vəkilləri regionlarda fəaliyyət göstərməkdən çəkindirən əsas səbəblərdən biridir. Beləliklə, regionların vəkillər üçün daha az imkanlara malik olması həmin ərazilərdə vəkillərin sayının az olmasına gətirib çıxarır”.


Lalə, BakuPost

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar