Ru
14:08 / 10 May 2022

Onun həyatı hamımız üçün bir örnəkdir

1272

Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, xalqımızın rifahı naminə həyata keçirdiyi məqsədyönlü tədbirlərin bəhrəsini görməyək.



Hələ sovet dönəmində Azərbaycana rəhbərlik edərkən elmin, mədəniyyətin yüksəlişinə, Azərbaycan dilinin dövlət dili kimi hərtərəfli inkişafına göstərdiyi qayğı və diqqət bu gün istər elm adamları, istərsə də sıravi vətəndaşlar tərəfindən böyük minnətdarlıq hissi ilə xatırlanır.


To­talitar sovet rejiminin tüğyan etdiyi bir dövrdə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması məhz Heydər Əliyev tərə­fin­dən atılmış çox cəsarətli bir addım idi. Birinci dəfə hakimiyyətə gələndə ilk növbədə onun qayğılandığı məsə­lə­lərdən biri məhz bu problem olmuşdu. Prinsipiallığı, qə­­tiyyəti sayəsində isə 1978-ci ildə “Azərbaycan SSR-in dövlət dili Azər­baycan dilidir” maddəsi respublikanın Konstitusiyasında öz əksini tapdı.





Heydər Əliyev Azərbaycan dilinin inkişafına və zəngin­ləş­məsinə daim böyük önəm verirdi. Dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və di­gər tədbirlər ana dilimizin daha da inkişaf etdirilməsi məq­sə­dini daşıyırdı. Dilçi alimlərə dövlət mükafatlarının veril­məsi də o dövr üçün Heydər Əliyevin qəbul etdiyi qətiy­yətli qə­rarlardan idi. O dövrdə müttəfiq respub­li­kaların heç birində bəlkə də belə bir təcrübə yox idi ki, birinci katib dilçi alimləri bunca rəğbətləndirmiş olsun. Respublikanın birinci şəxsinin elmə, xüsusən də ana dilinin inkişafına bu diqqəti alimlərimizə qol-qanad verir, onları ruhlandırır və yaradıcılıqlarına stimul verirdi.


Zəmanəmizin ən ünlü və nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyətin ölkədə təhsilin inkişafında misilsiz xid­mətləri olub. “Cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməlidir, gənc nəslin təhsilinə, müəl­li­mə kömək etməlidir”, – deyən ümummilli liderimiz müstəqil­li­yə qovuşduğumuz ilk illərin iqtisadi çətinliyi dövründə belə hə­mişə təhsili prioritet sahə hesab edərək böyük diqqət və qay­ğı göstərib. Bu qayğı və diqqətin nəticəsidir ki, bu gün də həmin si­yasət uğurla davam etdirilir. Hər il neçə-neçə yeni tədris ocaq­­ları tikilib istifadəyə verilir, elmi-pedaqoji kadrların ha­zır­lığına diqqət artırılır.





Məhz Heydər Əliyevin qayğısı sayə­sində mü­əl­limin nüfuzu yenidən yüksəldi. Müəllim əməyinə həmişə böyük qiymət verən Ulu öndər deyirdi: “Hər bir cəmiyyətdə savadlı şəxs mü­əllimə hörmət etməli, cəmiyyətin həyatında oynadığı rolu qiymətləndirməlidir”.


Heydər Əliyev kursu Azərbaycana bütün sahələrdə bö­yük uğurlar gətirib. Bu mənada ölkədəki sabitlik, demokratiya və tərəqqi xüsusilə qeyd olunmalıdır. Məhz onun vaxtilə həyata keçirdiyi müdrik siyasətin nəti­cəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibidir.


Heydər Əliyevin həyatı bugünki gənclik və gələcək nəsillər üçün bir örnəkdir – Vətəni sevməyin örnəyi, dövləti və dövlətçiliyi qorumağın örnəyi, əsl vətəndaş və əsl azərbaycanlı olmaq örnəyi! Həyatda uğur əldə etmək istə­yiriksə, Hey­dər Əliyev təşəbbüskarlığından, Heydər Əliyev vətənpərvərliyindən öyrənməliyik. Vətən, xalq təəssüb­keş­liyində Heydər Əliyev şəxsiyyəti ona görə nəsillərə nümunədir ki, bu şəx­siyyətdə əsl azərbaycanlıya xas olan bütün ali keyfiyyətlər parlaq şəkildə təcəssüm olunur.


Xalqımızın ulu öndərə olan sevgisi, məhəbbəti sərhədsizdir, ölçü­­­­yə­gəlməzdir. Onun xalq, millət, Vətən qarşı­sında xidmətləri misilsizdir.


Biz bu gün Heydər Əliyevi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın ümummilli lideri, ulu öndərimiz, Azər­baycan dövlətinin xilas­karı, müasir Azərbaycan dövlətinin me­marı, böyük dövlət qurucusu olmaqla yanaşı, həm də Azərbay­can elminin, mədəniyyətinin və təhsilinin himayədarı, təhsil işçilərinin mənəvi atası, xalqımızın əbədi prezidenti Heydər Əliyev bizim qəlbi­mizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər.

Türk dünyasının böyük şairi Zəlimxan Yaqub Ulu öndərə həsr etdiyi poemada necə də gözəl deyib:


Qorudun müqəddəs Azərbaycanı,
Sıyrılmış qılıncım, cəsarətimsən!



İradə Sərdarova
Azərbaycan Dillər Universitetinin dosenti


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər