Ru
15:08 / 12 Avqust 2022

Qarabağda quruculuq işləri: xarici investorları necə cəlb etməli? - TƏKLİFLƏR

46090
Torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağda quruculuq, bərpa və yenidənqurma işləri davam edir. Bu məsələ dövlətin strateji hədəfinə çevrilib və “Böyük Qayıdış” planına uyğun olaraq, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün dövlət bütün imkanlarını səfərbər edib. Hazırda həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.


Prezident İlham Əliyev son çıxışlarının birində bütün plan və nəzərdə tutulan məqsədlərə nail olunacağına əminliyini ifadə edib:




"Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Qarabağdakı quruculuq işlərinə yerli və xarici şirkətlərin, iş adamlarının maraq göstərməsi, cəlb olunması vacibdir. Bölgədə investisiya qoyuluşu üçün bütün kartlar hər kəsin üzünə açıqdır. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz öz vəsaitlərimiz hesabına görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər”.


İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işləri hələ ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.




Onun sözlərinə görə, Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılmışdı. İşğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat ayrılacaq: “Bu, işğaldan azad olunmuş torpaqlarda məskunlaşma, infrastrukturun gücləndirilməsi, insanların köçürülməsi üçün ilkin məbləğdir. Biz yaxın 8-10 ildə oraya 1 milyon, 1,5 milyon insanların köçürülməsini nəzərdə tuturuqsa, təqribən 50 milyard manat vəsait lazımdır”.

N. Cəfərli bildirib ki, işğaldan azad olunan ərazilərdə quruculuq işlərini yalnız dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirmək mümkün deyil: “Əgər iş yerləri yaratmaq, iqtisadi aktivliyi gücləndirirmək istəyiriksə, oraya həm daxili, həm də xarici investorlar cəlb olunmalıdır. Bununla bağlı isə ciddi problemlər var. Yəni investorları cəlb etmək üçün əsas problem və fundamental səbəblər aradan qaldırılmayıb. Əsas səbəblər məhkəmə hakimiyyəti, icra hakimiyyətlərinin iş üslubu, koordinasiya və investorlara güvənin olmaması ilə bağlıdır. Azərbaycanda investisiyaların qorunması mühiti yaxşılaşdırılmalı, məhkəmə hakimiyyətində islahatlar olmalıdır. Bütün bunlardan sonra xarici şirkətlər maraq göstərə bilər. Hazırda Qarabağda çalışan xarici şirkətlərin heç biri investor deyil. Düzdür, bir sıra xarici şirkətlər maraq göstərir, amma onlar iş icraçısı kimi maraqlıdırlar. Dövlət büdcəsindən ayrılan vəsaitin onlar tərəfindən müəyyən layihələrin həyata keçirilməsində istifadə olunması həmin şirkətlərə maraqlı gəlir. Yəni, onların maraqlarına uyğundur. Lakin bizə xarici investorlar, sponsorlar lazımdır".


Ekspert hesab edir ki, Qarabağa investisiya yatıracaq şirkətlər əsasən, Avropa Birliyi ölkələrindən ola bilər:


"Bunun üçün isə bir neçə şərtin yerinə yetirilməsi vacibdir. Birincisi, Azərbaycanın Avropa Birliyi ilə danışıqları yekinlaşmalı və müqavilə imzalanmalıdır. Sülh müqaviləsi ilə bağlı müəyyən irəliləyişlər olduqdan sonra ora vəsaitlərin ayrılması, donorların cəlb olunması mümkündür. Bizim görməli olduğumuz əsas iş yaxşı investisiya mühiti yaratmaqdır. Elə etməliyik ki, xarici şirkətlər birbaşa investisiya qoymaqdan çəkinməsin. Şərait yaradılmasa, investorlar da gəlməyəcək”.


İqtisadçının dediyinə görə, hələlik Azərbaycanın Qarabağda bərpa işlərinin aparılması üçün maddi imkanları var. Ancaq yaxın 10 ili götürsək, bu zaman quruculuq işlərinə vəsaitimiz çatmaya bilər: “2030-cu ilə qədər Qarabağdakı quruculuq işləri üçün Azərbaycanın 50-60 milyard manata yaxın vəsaitə ehtiyacı yaranacaq. Bu isə az məbləğ deyil. Deyərdim ki, hətta kifayət qədər böyük məbləğdir. Düzdür, neftin qiyməti artır, amma heç kim zəmanət vermir ki, neft qiymətləri həmişə yüksək olacaq. Bəlkə bir müddət sonra "qara qızıl"ın qiyməti düşməyə başlayacaq. Ona görə də əsas diqqəti investorların cəlb olunmasına yönəltməliyik”.

Millət vəkili Tahir Mirkişili bildirib ki, hazırda Qarabağda quruculuq işləri yüksək templə davam etdirilir:





“Dövlət büdcəsindən ayrılan vəsait hesabına bu miqyasda işləri reallaşdırmaq həqiqətən də böyük nailiyyətdir. Azərbaycan dövləti bu işləri xaricdən heç bir maliyyə almadan, təkbaşına aparır. Hesab edirəm ki, bundan sonra da heç bir kömək olmadan bu işləri davam etdirə bilərik. Buna rəğmən, xarici investorların, xaricdə yaşayan azərbaycanlı sahibkarların Qarabağdakı quruculuq işlərinə cəlb olunması yaxşı olardı. İnanıram ki, yaxın gələcəkdə xarici şirkətlərin bölgəyə investisiya yatıracağının şahidi olacağıq”.


İqtisadçı-ekspert Elşad Məmmədovun dediyinə görə, Azərbaycanın işğaldan azad edilən ərazilər sərmayə məkanı kimi çox cəlbedicidir. Bu səbəbdən də zamanla işğaldan azad edilən ərazilərdə sənaye və kənd təsərrüfatı üzrə investisiya təkliflərinin sayı artacaq:




“Hazırda sahibkarlar daha çox və tez gəlir gətirən sahələrə dair təkliflərlə çıxış edirlər. Çünki istənilən sahibkar ilk növbədə qoyduğu vəsaitin daha tez gəlir gətirməsinə çalışır. Bu da kənd təsərrüfatı və sənayedən fərqli olaraq, tikinti və xidmət sektorudur. Ancaq sənaye və kənd təsərrüfatında investisiyaların nəticələrini əldə etmək üçün bir müddət gözləmək lazımdır. Hazırda işğaldan azad olunan ərazilərdə infrastruktur, bərpa-yenidənqurma işləri gedir, məskunlaşma yoxdur. Tədricən, məskunlaşma getdikcə burada sənaye, kənd təsərrüfatı inkişaf edəcək. Bu sahəyə maraq göstərən sahibkarların da sayı artacaq”.


Ekspert vurğulayıb ki, büdcədənkənar vəsaitlərin Qarabağın bərpası prosesinə cəlb olunması böyük əhəmiyyət daşıyır. Beynəlxalq maliyyə institutlarının, yerli və xarici investorların, həmçinin kommersiya banklarının bərpa işlərinə cəlb olunması vacibdir.



Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, dövlət qurumları ilə yanaşı özəl şirkətlər, vətəndaşlar da işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərində yaxından iştirak etməlidirlər:




"Çünki bu iş yalnız dövlətin deyil, ümumilikdə cəmiyyətin işidir. Hər kəs bu prosesə öz töhfəsini verməyə çalışmalıdır. İşğaldan azad olunan ərazilərdə görüləsi işlər həddindən artıq çoxdur. Bu səbəbdən də hər kəs bu sahədə dövlətə dəstək olmalıdır”.

Bu gün işğaldan azad edilən ərazilərə qayıdaraq özünə ev tikmək istəyən, Qarabağda aparılan yenidənqurma və bərpa işlərinə öz töhfəsini vermək arzusunda olan məcburi köçkünlərin də sayı az deyil. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, həmin şəxslərə evlərini bərpa etmək, yaxud Baş plana uyğun olaraq, özlərinə ev tikmək üçün şərait yaradılması nəzərdə tutulur: “Belə bir plan var. Bu istiqamətdə müzakirə gedir”.


Millət vəkili Aqil Abbas vurğulayıb ki, işğaldan azad olunan ərazilər çox böyükdür, bu əraziləri dövlətin yalnız öz gücü ilə bərpa etməsi uzun zaman ala bilər:






“Erməni vandalları 30 il ərzində Qarabağı talan ediblər, şəhərləri, kəndləri dağıdıb, daş üstündə daş qoymayıblar. Hazırda Qarabağdakı bütün quruculuq işlərini Azərbaycan dövləti təkbaşına, öz gücü hesabına həyata keçirir. Fikrimcə, uzun illərdir o yerlərin həsrəti ilə yaşayan insanlar da Qarabağdakı quruculuq işlərinə cəlb olunmalıdır. Elə insanlar var ki, gedib doğma ata-baba yurdunu bərpa etməyə can atır. Mən özüm də Ağdamda dağılmış dədə evimi bərpa etmək istəyərdim. Amma hər kəsin öz istəyinə görə ev tikilsə, bu, bir az düzgün olmayacaq. Şəhərin Baş Planına uyğun hərəkət edilməlidir”.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyir ki, bu gün Qarabağda biznes qurmaq üçün müraciət edənlər arasında qadınlar da var:




“Qadın sahibkarlar işğaldan azad edilən ərazilərdə biznes qurmaq üçün öz layihələrini təqdim ediblər. Həmin biznes layihələr dövlət tərəfindən qəbul olunub. Məndə olan məlumata görə, bunlar ticarət və xidmət, sənaye, kənd təsərrüfatı, turizm, tikinti işləri, təhsil, səhiyyə sahələri üzrə layihələrdir. Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzurun iqtisadi və sosial inkişafında səmərəliliyə nail olunması, iqtisadi inkişaf üçün qadın sahibkarların rolunu vacib hesab edir. Dövlət tərəfindən bu sahibkarlara lazımi dəstək də göstəriləcək. Son illərdə qadın sahibkarların sayının artması sözügedən ərazilərdə məşğulluğun inkişafına yardım edəcək. Mən qadın sahibkarları işğaldan azad edilən ərazilərin yenidən qurulmasında daha da fəal olmağa çağırıram. Əminəm ki, qadın sahibkarlarımız beynəlxalq təcrübədən bəhrələnərək Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər”.


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.



Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər