ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə bir sıra mühüm bəyanatlar səsləndirib.
Bakupost.az xəbər verir ki, Tramp Rusiya prezidenti Vladimir Putinlə 2 saat 30 dəqiqədən çox davam edən telefon danışığı apardığını və əsas məqsədinin Ukraynada da Yaxın Şərqdə olduğu kimi sülhə nail olmaq olduğunu bildirib.
“Əminəm ki, prezident Putin də bunu istəyir” – deyə ABŞ lideri vurğulayıb.
“Tomahawk” və silah məsələsi gündəmdədir
Tramp Zelenski ilə görüşdə “Tomahawk” raketlərinin tədarükü məsələsinin də müzakirə ediləcəyini açıqlayıb. O, həmçinin Hindistanın artıq Rusiya neftini almayacağını, Macarıstanın isə “dənizə çıxışı olmadığı üçün maraqlı vəziyyətdə” olduğunu qeyd edib.
ABŞ lideri əlavə edib ki, həyat yoldaşı Melaniya Tramp rus tərəfinin ukraynalı uşaqların qaytarılması ilə bağlı səylərinə görə minnətdarlığını bildirib.
“ABŞ artıq axmaq ölkə deyil”
Tramp bəyan edib ki, ABŞ-ın xarici siyasəti dəyişib:
“Biz artıq axmaq ölkə deyilik. Gömrük rüsumları sayəsində milyonlarla dollar qazanırıq. Artıq silahlarımıza görə pulu biz yox, Aİ və NATO ödəyir”.
“Prezident-mediator” və Nobel iddiası
Tramp özünü “prezident-mediator” adlandıraraq bu vaxta qədər 8 münaqişəni həll etdiyini söyləyib:
“Mənə müharibələri dayandırmaq xoş gəlir. Ukrayna münaqişəsinin həlli mənə Nobel mükafatı qazandıra bilər”.
“Rusiya–Alyaska tuneli” ideyası
ABŞ prezidenti həmçinin Rusiyadan Alyaskaya tunel layihəsini “maraqlı ideya” kimi dəyərləndirib və bu təşəbbüsün gələcəkdə gündəmdə ola biləcəyini istisna etməyib.
Trampın sözlərinə görə, ABŞ administrasiyası hazırda uzunmüddətli sülh planı, silah siyasətində yeni yanaşma və qlobal təhlükəsizlik arxitekturasının yenilənməsi üzərində işləyir. (Musavat.com)