Ru
15:40 / 18 Mart 2024

"Qisas üçün qızını yatağa sürükləmək istəyirdim" - Dəhşətli planın gözlənilməz sonu

9159







Bəhram Çələbi


Əvvəli burada:

Çevik fəaliyyət

"Obkom" işçiləri demək olar ki, hər axşam hansısa bayram münasibətilə banketə, yaxud kiminsə toy, ad günü məclisinə yığışırdılar. Anam artıq mənsiz bir şənliyə getmir, hələ üstəlik mənim hesabıma öz karyerasını möhkəmlətmək istəyirdi. Gah "obkom" katibinin, gah da xalq məhkəməsi sədrinin qızları ilə tanış edirdi məni. Utanıb-çəkinmədən bu qızlara “gəlinim” deyə müraciət edir, məni hər vasitə ilə onlarla ünsiyyətə itələyirdi, – Aborigen yenə qulağının ardına soxduğu maxorka eşməsini iylədi, dözməyib yandırdı, bir qullab vurub mənə ötürdü…

– Bu qədər dərdi olan insan tütünsüz yaşaya bilərmi? – deyib, ləzzətlə gərnəşdi.

Düzü siqaretdən ötrü içim göynəsə də, onun təklifini rədd etdim. Ağakərimin tapşırığını pozmağa qorxurdum.

– Mən bu vaxta qədər fransız krallarının kef məclisləri, axşamdan başlayıb səhərədək davam edən bal-maskarad gecələri haqqında çox oxumuşdum. Burada, Sverdlovskda gördüklərim daha orijinal, daha ekstravaqant və müəmmalı idi... Yaxşıca yeyib-içdikdən sonra məclisdə hər şey ümumiləşirdi... İbtidai icma quruluşundakı kimi qəbilə başçısı - "obkom" katibi birinci rəqs elədiyi zərif məxluqla bir neçə saatlıq yoxa çıxırdı. Mənim gözüm isə atamın ölümündə günahkar saydığım MAŞ zavodu direktorunun qızını arayırdı. Arıq, qalın şüşə eynəkli, çəlimsiz bir qız idi. Hətta banketə gələndə də özü ilə kitab gətirərək, ara qarışıb məzhəb itəndə bir küncə çəkilib mütaliə edərdi. Spiçka çoplərinə oxşayan ayaqları elə bil nazik taxtaya bənzər bədənini saxlaya bilmirdi... Ən çox sevdiyi “Amerika faciəsi” idi. Cavan qızlar həmişə qulaqları ilə məftun olurlar. Onların nazik damarını tutdunsa, yəni sevdiyi şeyi tərifləməyi bacardınsa, torda çapalayan xəşəm balığına dönürlər. Mən Drayzerin qadın qəhrəmanlarını tərifləyərək səmanın ənginliklərinə yüksəlir, kişiləri sillələyir, tənqid edir, yerə soxurdum... Qızın qalın şüşə arxasından üzümə zillənmiş bəbəkləri böyüdükcə, daha ibarəli sözlər tapır, gözlərindən yaş süzülənədək ara vermədən danışırdım...Ovun artıq ürkək-ürkək tora yaxınlaşdığını onun məftun baxışlarından hiss edirdim. Sevmirdim onu. Məqsədim, atasından qisas almaq üçün onun yeganə qızını yatağa sürükləmək idi...

Aborigen bütün bunları inilti ilə, qəlbindən qopan “ah”larla danışırdı. "Kruşka"sında bir qədər spirt qalmışdı, götürüb birdəfəyə sümürdü, sanki sinəsində yanğın vardı, onu söndürdü. Lakin heç bir dəqiqə keçmədi ki, üzünü qızartı bürüdü. Uzanıb nazik balıncı yaralı böyrünə dayadı.
O, əzab çəkirdi, bilmirdi nə etsin.

- Belə axşamların birində yığışdığımız məclis salonundan MAŞ direktorunun mənzilinin "nakolka"sını verdim. Dostlarım həmin axşam evi süpürmüş, qiymətli nə varsa, hamısını aparmışdılar. Direktor quyruğu kəsilmiş ilana dönmüşdü. Mənə həmişə tərs- tərs baxır, hərdənbir anamın qulağına sarı əyilərək nə isə pıçıldayırdı... Tətil dövründə qızını Moskvaya, anasının yanına göndərmişdi... İndi mən ona yuxarıdan aşağı baxırdım. Fikirləşdiyim planı yerinə yetirmişdim. Bu zümrəyə qarşı içimdə ikrah hissi qaynayırdı. Başqa vaxtlar başlarını dik tutub hamıya yuxarıdan baxan elitar cəmiyyətdə nə böyük rəzalət olarmış, İlahi!

Bir səhər telefon zənginə yuxudan oyandım. Uzun-uzadı çalınan zəngdən bildim ki, başqa şəhərdən danışacaqlar. Əvvəl onun səsini tanımadım, daha doğrusu, tamam unutmuşdum onu.

– Sanya, bilirsən nə olub? – deyə həyəcanla pıçıldadı, - Hamilə qalmışam.

Elə bildim başıma çəkiclə vurdular. Birdən-birə ona yazığım gəldi. Təsəvvürümdə çöp kimi ayaqlar üzərində şişman qarınlı arıq bədən canlandı. Bu vaxtadək qisas almaq istədiyim adam doğmalaşdı, böyüdü, ucaldı qəlbimdə.
Hıçqırmamaq üçün dodaqlarımı telefon dəstəyinə sıxıb göz yaşları axıdırdım. Birdən-birə hiss etdim ki, sinə dolu nəfəs alıram və hər dəfə havanı ciyərlərimə çəkdikcə qəlbimə bu vaxtadək duymadığım səadət dolur. Ünvanını soruşdum, telefonun nömrəsini gütürdüm.

Xirtdəyəcən cinayət bataqlığına girsəm də, məhəbbət məni uşaqlıq məsumluğuna qaytardı. Elə həmin gün Moskvaya uçdum. Özlüyümdə qət etmişdim ki, onun ayaqlarına yıxılıb, hər şeyi etiraf edəcək, “mən yaramaz adamam, oğruyam, soyğunçuyam, bəlkə də qatiləm” – deyəcəyəm...

Onu görəndə fikrimdə vaz keçdim. Xoşbəxtlik səması ənginliklərində süzən göyərçinin qanadlarını niyə sındırmalıydım axı.

– Bilirsən Sanya, hər gecə yuxuda Ontario gölünü görürəm. İkimiz qayıqda üzürük. Amma sən məni nəinki avarla vurmursan, əksinə, heç vaxt eşitmədiyim layla oxuyursan. Biz evlənərik, deyilmi Sanya? Əgər evlənməyəcəyiksə, gedək Prudnikovodakı göldə qayıqda gəzək. Boğ məni, suya batır. Atam mənə deyirdi ki, sən məndən çəkmələrini silmək üçün götürdüyün cındır əski kimi istifadə edib atacaqsan. Səni sevdiyimi ona danışanda, qeyzlənib üzümə bir sillə də yapışdırmışdı. Qayıtmayaq Sverdlovska, Sanya, – uçuna- uçuna yalvarırdı...

Çerkesin dönüşü

Söhbətin bu yerində bir məhbus və iki nadzor baraka girdi. Qapon barmağı ilə bizim oturduğumuz küncü göstərib:

– Kərimov pəncərənin yanındakı narada oturur, – dedi, dabanları üstə geri dönərək, yoldaşının qolundan tutub, barakdan çıxdı.

Bu, orta yaşlı, həddindən artıq ciddi görkəmli bir adamdı. Üzündə iri, dərin çapıq qızarırdı. Sifətindəki ifadədən ehtiyatlı, başqalarına ikrah edən adam olduğu görünürdü. Üzü təmiz qırxılmışdı, üst-başı isə tör-töküntü idi.

Aborigen qımıldanmadan, sualedici nəzərlə, dik-dik düz onun gözlərinə baxırdı. O da çirkli narada uzanıb, balıncı qarnın üstünə qoymuş Aborigeni başdan ayağadək süzərək, papağını çıxardı, ədəb-ərkanla Diktatorun narasının üstünə qoydu.
– Bir az mürgüləyim, iki saat sonra oyadın məni, – mənə sarı dönüb dediyi sözlərin təsirini yoxlayırmış kimi üzümə zilləndi.
– Mən oğruyam. Çerkesdir adım. Ümidvaram ki, bu ad sizə çox naməlum deyi, – deyib cavab gözləmədən naraya əyləşdi, yavaş-yavaş yatağa uzandı, qollarını başının altında çarpazlayaraq, gözlərini bərk-bərk yumdu.

Onun ərklə Diktatorun yatağına uzandığını görəndə bildim ki, özünü Çerkes adlandıran bu məhbus adi zeklərdən deyil.
– Bəlkə bir qədər araq, yaxud çifir içəsən, qızışdırar bədənini, – soruşdum.
– Yorulmuşam, yatmaq, yuxulamaq istəyirəm, – dedi...

Doğrudan da az sonra dizlərini qarnına tərəf yığaraq mışıl-mışıl yuxulayırdı. Məni Aborigenin danışdığı əhvalat tutmuşdu, səbrsiz halda:

– Hə, sonra nə oldu Moskvada, qızla orada qaldınızmı? – pıçltı ilə soruşdum.

Aborigen şəhadət barmağını dodaqlarında çarpazlayıb, mənə səs çıxarmamağı işarə etdi, başı ilə Çerkesi göstərib:
– Qoy sakit yuxulasın, götür mənim buşlatımı ehtiyatla onun üstünü ört, biz də bir qədər kimarit eliyək, – sakitcə dilləndi.

Adətən, barakımızda kimin yatmasından, yuxulamasından asılı olmayaraq, heç kəsə sakitcə otur deyən olmazdı. Hamı səs-küy içində yuxulamağa vərdiş etmişdi. Bəzən elə olurdu ki, zek dərin yuxuya gedirdi, bu vaxt barakın içində yumruq davası, hətta bıçaqlaşma səsləri ətrafı bürüsə də, yorulmuş məhbus oyanmırdı.

Aborigen soyundu... Bütün bədəni çapılmış ət kimi titrəyirdi, tərləmişdi. Elə mən də başa düşmədiyim yorğunluq, halsızlıq içində idim.

– Bu tütündəndir... Mən bir dənə də papiros eşim, – deyib, yenidən əynini geyinməyə başladı, ancaq yarıda dayanıb durdu, elə yarıçılpaq halda yerinə soxulub, adyalı üstünə, lap çənəsinədək çəkdi...

Yarım saatdan sonra Satana, Klık, Diktator və Çerkes iki nara arasında qoyduqları taburetka üzərinə düzdüklərini yeyir, Satananın balıncı altındakı qrelkadan spirt süzərək içirdilər. Bu kiçik dəstəyə söhbətlərinə mane olmamaq üçün heç kəs yaxınlaşmırdı.

Bir qədər sonra Klık və Satana da onları tək buraxdılar. Klık belə oğlan idi ki, bir-iki qurtum içdimi, sifətində qırmızı ləkələr əmələ gəlirdi. O, yatmağa yollandı. Satana isə Aborigenlə mənim yanıma gəldi. Aborigen sual dolu gözlərini Satanaya dikdi:
–Kimdir bu Çerkes? – soruşdu.

Satana başa saldı ki, dörd il əvvəl Maqadan "peresılka"sında birlikdə cəza çəkirmişlər. Çerkesi oradan "srok"u az qalanalrın etapı ilə necə aradan çıxardıqlarından söz açdı. Satana bildirdi ki, o, mütləq qardaşının qisasını almalıymış. Elə bu cür də onu Maqadan paylama məntəqəsindən azad ediblər. O, qardaşının qisasını alandan sonra geri qayıdıb.

Söz götürməyənlər

O vaxtlar Stailn dövründən Qazaxıstan çöllərinə səpələnmiş çeçen-inquşlar baş qaldırmışdılar, öz vətənlərinə qayıtmaq üçün haray salırdılar. Cinayəti oldu-olmadı tutub göndərirdilər. Özü də ümumi rejimli məhbəslərə deyil, birbaşa “polosatıy zon”a itələyirdilər onları. Yəhudilər sakit və hiyləgər idilər. Başlarını aşağı dikib verilən tapşırığı yerinə yetirirdilərsə də, çeçen-inquşlar zonaya gələn gündən əsl müharibə başlanırdı. Rusların dilində söyüş adi bir ünsiyyət vasitəsi idi, hətta oğul ataya nə isə danışanda öz nənəsi haqqında beş-altı "xoşməramlı" söz işlədirdi.
Çeçen-inquşlarda isə bundan söhbət gedə bilməzdi. İstər Qafqazın keçilməz dağlarında, istərsə də Qazaxıstanın ucsuz-bucaqsız çöllərində azadlıq və ailə üçün gözünü qırpmadan ölüm savaşına girişən bu çəlimsiz, arıq, bir qədər vəhşi baxışlı adamlar elə birinci gecə iki nadzorun boğazını kəsmişdilər.

Dördüncü barakda gecə yoxlaması zamanı nəzarətçi ana söyüşü işlətmiş, yerindən qalxa bilməyən xəstə inquşun odeyalını fırıldadaraq zekin qulağından yapışıb sıraya düzləndirmək istəmişdi. Hündür boylu, yanaqları qıpqırmızı nadzor, arıq, çəlimsiz zeki cındır əski kimi arxasıyca sürüyürüb sıraya çatanda inquş canavar kimi sıçrayıb dişlərini onun boğazına ilişdirmişdi.

“Polosatıy zon” canavarlar düşərgəsidir. Sabaha çıxacaqlarına gümanları gəlməyən məhbusların hamısının əsəbləri elə gərilir ki, adi ehtiyatsız söz belə qan axıdılması ilə nəticələnir. “Polosatıy zek” qan gördüsə, ac pələngə çevrilir. Onlara yıxmağa, uçurmağa, yandırmağa, öldürməyə bəhanə gərəkdir. Əvvəl bütün çeçen-inquşlar iki nadzorun üstünə atıldı... Sonra yumruq-təpik davası düşdü.

Həmin gün səhər tezdən Çerkesin halı pisləşdiyindən onu cərrahiyyə üçün əyalət xəstəxanasına aparmışdılar. Hay-haray qalxanda Ağakərimlə Satana tələsik bizə, mənimlə Aborigenə yanaşdılar. Tələb etdilər ki, biz ikimiz də naraların altına girək, hər şey sakitləşənədək oradan çıxmayaq.

Bir azdan düşərgə qaranlığa qərq oldu. Yeddinci barakın arxasından gələn elektrik naqillərinin üstünə məftil atıb qısa qapanma yaratmışdılar. Hər tərəfdən bağırtı, qışqırıq inilti səsləri gəlirdi...

Dustaqlar harınlaşmış atlar kimi barakın içində qaçışır, əllərinə götürdükləri taxta, lom, kərpic qırıntıları ilə bir-birini vururdular.

İki dəfə konvoylar hücum çəkib baraklara soxulmaq istəmişdilərsə də, içəri qaranlıq olduğundan oraya girməyə ürəkləri gəlməmişdi.

Vuruşma artıq iki saat idi ki, davam edirdi. Əllərində məşəl tutmuş nəzarətçilər içəri soxulub, avtomatdan tavana atəş açdılar. Sonra isə hər şey sakitləşdi. Az sonra elektrik xəttini də qoşdular.

“Uzanın və tərpənməyin!” – qışqıran rejim işçilərinin səslərini eşidib naranın altından çıxdım. Bütün bədənim keyimişdi. Aborigeni də oradan dartaraq çıxartdılar.

Sıraya düzləndik... Hər tərəf qan içində idi. Hadisə barədə xəbər tutan vilayət üzrə düşərgələr idarəsinin rəisi general və bütün adminstrasiya vertolyotla düşərgəmizə uçmuşdular.
Yeddi barakın hamısından on dörd nəfər zek, iki nəzarətçi ölmüşdü. Yaralıların sayı bilinmədi. Sıraya düzülmüş zekləri diqqətlə nəzərdən keçirir, kimin üstündə qan ləkəsi varsa, onun qollarına barakdaca qandal vururdular. Ağakərimi də tutulanların sırasına qatdılar. Onun sağ ovucunda sıxdığı dəsmaldan qan damcılayırdı. Başını aşağı dikmiş zeklərin heç biri baxışlarını qaldırıb gələnlərin sifətinə baxmırdı.
– Hamınızı güllələnməyə göndərəcəyəm. Kim kəsib nəzarətçilərin boğazını? Onu nişan verin. Keçin, yuyunun, yatın! – bağırırdı general.

Barakın ortasında on-on iki nəfərlik vuruşmada iştirak etməyən, orada-burada gizlənib salamat qalanlar vardı.
Aborigen yaralı böyrünü əli ilə qapayaraq sırada durmuşdu. Artıq dayanmağa taqəti qalmayan məhbusun indicə yıxılacağını hiss edərək belindən qucaqladım....
Acığından sifəti kül rənginə düşmüş general Aborigenin də davada yaralandığını güman edərək üstümüzə cumdu, şəhlənib onu vurmaq istəyəndə mən qolumu irəli uzadıb onun əlini kənara itələdim.

– Bu oğlan bir həftədir xəstəxadan çıxıb. Onun heç nədən xəbəri yoxdur, – dedim.
– Sən qarşıma, anormal! – general məni təpikləməyə, yumruqlamağa başladı. Düşərgə rəisi, rejim rəisi özündən çıxmış, qeyzlənmiş generalı zorla sakitləşdirə bildilər və onu inandırdılar ki, Sanya doğurdan da hadisə vaxtı yaralanmayıb.

Həmin axşam dava iştirakçılarının hamısını yeddinci baraka doldurub səhərədək saxladılar.

İstintaq başladı. Baş İdarədən gəlmiş müstəntiqlər öz istədikləri cavabları almaq üçün ucdantutma hamını döydürdülər.

Həmin dəstədən səkkiz nəfəri seçərək Baş İdarəyə aparmışdılar. Diktator da onların içində idi. Söz-söhbət gəzirdi ki, aparılan səkkiz məhbusun hamısına güllələnmə cəzası veriləcək...

Satananın buraxıldığı gün inquşlar düşərgə rəisini aşxananın qarşısında tutaraq bildirmişdilər ki, nadzorların boğazını onlar kəsiblər.

Ağakərim inquşlar tutulandan dörd gün sonra zona gəldi. Bütün bədəni döyülməkdən qançırlarla örtülü idi. Gözünün altındakı ləkə isə düz bir aya sovruldu.

Gəldiyinin səhəri günü mənim çiyinlərimi qucaqlayıb fəxrlə dedi:
- Minnətdaram sənə, eloğlu, başımı ucaltdın. Sanyanı vurmağa qoymadın. Düzdür, onun əvəzinə beş-altı təpik yedinsə də, kişi olduğunu sübut elədin...

Əslində mənim bu düşərgədə Aborigendən çox xatirini istədiyim adam yox idi.

Axşamlar Aborigen yenə dəhşətli ağrılar içərisində qıvrılırdı. O, Ağakərim Baş İdarəyə aparıldığı müddətdə iynəyə dadanmışdı... Diktatorun gəlişindən sonra iki gün inləyə- inləyə gəzdi... Üçüncü gün üzündəki qırışlar sığallanmış halda qayıtdı. Gözləri gülür, yenə şən-şux əhvalatlar danışırdı.
Axşam Ağakərimlə Satana kosyak piləyərkən Aborigen gülə-gülə onlara yanaşdı, dodaqları titrəyə-titrəyə nə isə danışmağa başladı. Onun nə dediyini başa düşməsəm də, Diktatorun:
– Kec, uzan yerinə! – kəlmələrini aydınca eşitdim.

Aborigen əlini kosyaka uzadanda sifətinə dəyən sillədən ayaqları yerindən üzüldü, arxası üstə döşəməyə sərildi. Diktatorun Aborigenə vurduğu sillə səsinə barakdakı bütün məhbuslar boylandı.

Başqa vaxtlar yarası tərəfə əyilərək gəzən Sanya cəld döşəmədən qalxıb elə bil atası tərəfindən kötək yemiş günahkar uşaq təbəssümü ilə gülümsədi. Ancaq Ağakərimin artıq üzünü ondan döndərdiyini görüb ayaqlarını sürüyə- sürüyə narasına tərəf gəldi. Onun miskin görünüşü, əsən dodaqları, örtülmüş göz qapaqları keçirdiyi həyəcandan xəbər verirdi. Astadan, qayda ilə, qəmgin-qəmgin dua eləməyə, xaç çevirməyə başladı. Barakdakı bütün məhbusların ona baxdığını hiss edərək paltarlarını soyunmadan adyalın altına girdi...

Barakdakıların əksəriyyəti istintaq günlərində döyülüb-qayıdan məhbuslar olduğundan neçə gün idi nə kart oynayan vardı, nə qarmon çalan... Hamı uzanıb axşam yoxlamasını gözləyirdi. Ağakərim də üzüqoylu uzanıb kitab oxuyurdu. Barakda ölü sükut vardı. Komendant içəri girib sakitliyi görəndə “Durun!” “Düzlənin!” deyib bağırmadı. İki dəfə o baş-bu başa gedib, hamının öz yerində uzandığına əmin olduqdan sonra sakitcə çıxıb getdi.

Aborigen yerinə necə uzanmışdısa, eləcə də qalmışdı. Mən çox narahat halda mürgüləyirdimsə də, yuxuya gedə bilmirdim. Gözlərim süzülürdü, amma yuxulaya bilmirdim. Gecənin yarısı Aborigenin səssizcə yerindən qalxdığını hiss etdim. Ehtiyatla bir qədər qurdalanıb uzaqlaşdı. Bir neçə dəqiqə sonra bir kölgə həmin istiqamətə doğru yönəldi. Mən onun arxasınca gedən kölgəni tanıdım və dəhşətə gəldin. Bu, Diktator idi. Beynimə girən ilk fikir “Öldürəcək!” oldu Qeyri-iradi yerimdən sıçrayıb onun ardınca qaçdım.
Ağakərim ayaqyolunun qapısı ağzında dayanmışdı. Xırıltı eşidib cəld mənə sarı döndü:
– Gəl, Mualim. Gəl, bir baxginən. Gör bizim dostumuz nə axmaq fikrə düşüb. Ölmək istəyir, – üzündə qəzəb qarışıq kinayə vardı. – Hə, keçirt, keçirt boğazını ilgəyə. Nə durmusan?

Aborigen özü ilə götürdüyü mələfənin kənarından cırdığı zolağı bir neçə yerdən düyünləşmişdi. Bezin hər iki ucu, kirli, yaş döşəməyə sallanırdı. Ovcunun biri ilə gözlərini qapayaraq dayanmışdı.
– Buraya gəl, yaramaz! Mən dava-haray qopan günü hər ikinizə naranın altına soxulmağı tapşırdım. Nəyə görə? Mualimin "sroku"nun qurtarmasına ikicə il qalıb. Səni isə axmaq, bir azacıq sağalıb ayaqların yer tutanda azadlığa buraxacaqlar. İstəmirəm bu vəziyyətdə, belə miskin görkəmdə qohum-əqrabanın, qızlarının yanına gedəsən, – Diktator hələ də yerindən tərpənməyən Sanyaya yanaşıb onun arıq, sümükləri çıxmış çiynini qucaqladı.
– Sənə papiros çəkməyi qadağan eləmişəm, sənsə gedib iynəyə qurşanırsan. Nədir? Saymırsan məni? Bir özünə bax... Burada gəbərsən heç meyitini ailənə də verməyəcəklər. Bu vəziyyətdə evə qayıtsan, qızlarına yük olacaqsan. Hələ arvadını düşün. Yazıq hər ay bir şələ ərzaqla yanına gəlir. Boğazından kəsib sənə gətirir. Kimsən sən? Guya iynənin nə demək olduğunu bilmirsən? Bilirsən, ona vərdiş etsən, axırın nə cür olacaq? Ya burada ciyərlərin çürüyüb it kimi gəbərəcəksən, ya da azadlığa çıxanda evdə olan-qalanlarını satacaq, axırda da arvadını, qızlarını küçəyə yollayacaqsan ki, iynə üçün sənə pul gətirsinlər.

–Yox! Heç vaxt! – Aborigen tərs-tərs Ağakərimə baxaraq qışqırdı.
– Sakit! Axmaq! Sən burada yaranın ağrısına dözə bilmirsən, iynəyə otursan bədənin yox, beynin ağrıyacaq, – Diktator barmaqları ilə Aborigenin qırxıq kəlləsini taqqıldatdı. – Yeni dozanı almaq üçün başın çatlayanda, nəinki arvadının, qızlarının həyatını, hətta özününkünü də bir ampula qurban verəcəksən. İynə sənin kimi axmaqları yox ey, “velikiy” insanları hansı dərin bataqlığa yuvarladıb, bilirsən axı.

– Ağrıya dözə bilmirdim, bratok. Bax, gör dilim, dodaqlarım nə kökə düşüb? – Sanya çeynənməkdən gömgöy olmuş dilini çıxardı. – Amma söz verirəm, hansı əzablar bahasına olsa da, onu yaxına buraxmaram. İnanırsan?
– Kimdən almışdın? Kim vurub iynəni? – saymazyana soruşdu Ağakərim.
Aborigen başını yelləyərək baxışlarını döşəməyə dikdi.
– Yaxşı, lazım deyil, gedək bir kosyak bükginən, piləyək səninlə.
– Mən istəmirəm. Doğru sözümdür. Yatacağam, – Aborigen əlindəki mələfəni bürmələyib yaralı böyrünə basaraq ayaqlarını sürüyə-sürüyə getdi.
– Mualim, onu tək buraxmaq olmaz. Çalış onunla söhbət elə, danışdır onu. Qoy danışıb ürəyini boşaltsın, dərdi yüngülləşər. İnsan nə vaxt özünü öyrənməyə girişir? – fikrimi öyrənmək istəyirmiş kimi ciddi, acıqlı nəzərlərini üzümə zilləyərək soruşdu, sonra isə özü öz sualına cavab verdi – Ətrafındakılarla, öz-özü ilə konfliktə girəndən sonra heç kəsə lazım olmadığını anlayanda. Elə insanlar son məqamda Əzrayıla “gəl” deyiblər ki, qat-qat normal saydığımız adamlardan daha yüksəkdə dayanıblar. Dahilər, ümumiyyətlə, düşünə bilənlər özünü öldürməyə qadirdirlər. Məhz düşüncələrin müəyyən bir səviyyəsində dərrakəsi işləyən adam fikirləşir ki, inanılmaz dərəcədə böyük arzuları yerinə yetməyəcək, aşağı hədd isə onu qane eləmir. Ümidsizlik! Ölümə sürükləyən də elə ümidsizlikdir. Bu dibi görünməyən qaranlıq quyu kimi bir şeydir. Puç həyat...Yaralanandan sonra Sanyaya elə gəlir ki, dörd tırıfi uçurumdur. İnandır onu, suallar ver, qoy gəncliyindən, uşaqlarından danışsın. Get... Ona bir bədbəxtçilik üz versə, sənə nə qədər hörmət etsəm də..., – sözünün arxasını demədi Diktator, ehmalca kürəyimdən itələdi. Onu heç vaxt belə qızğın, bu qədər uzun-uzadı danışan görməmişdim.

(ardı var)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər