Ru
19:41 / 16 Fevral 2024

"Atam ölən kimi anam mühəndisi evimizə gətirdi" - Qanuni oğrunun dəhşətli hekayəsi

20189
Əvvəli burada:






Bəhram Çələbi



Qanqaraldıcı qonaqlıq

İki həftə xəstəxanada olduğum müddətdə Ağakərim bir də mənə baş çəkməyə gəldi. Diktator palata-barakda peyda olan kimi yanımdakı böyrəyi xəstə "zek" tələsik qalxıb ayaqlarını sürüyə-sürüyə tualetə, yanında gəzdirdiyi şüşəni boşaltmağa yollandı.

– Bu şakal yəqin mənim haqqımda sənə uydurmalar danışır, düzdür, Mualim? – Ağakərim ucadan səsləndi və kinayə ilə onun sözünü eşidın, ancaq geri qanrılmağa cəsarət etməyən xəstəni gözdən itənədək nəzərləri ilə müşayiət etdi. – Bu gün əhvalı-şərifim əladır. Meşəyə gedəcəyik, ayı ətindən kabab yeməyə... Təsəvvür edirsən, uşaqlar üç ay əvvəl “nakolkaya” götürdükləri ayını mağarasından çıxan yerdəcə tora salıblar. Bilsəydin, necə bağırırdı. Boğazı kəsiləndən sonra düz bir saat çapaladı. İnsanın boğazı kəsiləndə iki-üç dəfə dartınıb qıcanır, sakitləşir. Hətta qüvvətli, döyüşkən xoruz da başı üzüləndən sonra insandan daha çox vurnuxur… Görmüsən?
– Nəyi? Xoruzun çapalamasını?
– Yox! Boğazı kəsilmiş insanı! - öz-özü ilə danışırmış kimi başını aşağı dikərək pıçıltı ilə davam etdi: – İnsan bəzən üstümüzə qonub qanımızı soran “komar”dan da, çəyirtkədən də zəifləşir, yaşamaq üçün vuruşmaq, cırmaqlaşmaq, heç olmaza, sürünmək istəmir, süstləşir, cılızlaşır… Sənin də tərpənişində, baxışında cılızlaşmaya meyl var, Mualim. Dur ayağa, əl-qolunu tərpət, təmiz havaya çıx. Adam iki gün, uzağı üç gün xəstə olar, bir kərəm tərlədin, demək sağalacaqsan…

Ağakərim gedəndən heç on dəqiqə keçməmiş həkim-mayor məni barakın aşağı tərəfində pərdə ilə ayrılmış “prosedur otağı”na çağırdı.
Bütün günü yerimdən qalxmadığımdan ayağa duranda gözlərimə qaranlıq çökdü, səntirləyə-səntirləyə “prosedur otağı”na getdim.

– Özünü ələ al! Utanmırsan? Belə də küskünlük olar? – həkim məni kuşetkaya əyləşdirdi, yaşıl rəngli iri bir həb çıxarıb qəzetin arasına qoyaraq əzdi. – Bilirsən bu nədir? “Konskiy vozbuditel” adlanır... İç!
Zəhər kimi acı tozu bir srəkan su ilə içib vatnikimi, buşlatımı geyinməyə yollandım...

Dərman içərimdə tonqal qalamışdı. Barakdan çıxanadək istilik bütün bədənimə yayıldı, vaxtanın yanında hətta buşlatımı da çıxardım... Barakımıza çatana qədər yerişim də yüngülləşdi.

Diktatorun dəstəsi uzaq küncdə domino oynayırdı. Ağakərimlə Satana isə üz-üzə naralarda əyləşərək nəyi isə sakitcə müzakirə edirdilər.
– Mualim xəstəlikdən qalxıb, onun ayaqlarına qaynar “qrelka” qoymaq lazımdır, – deyən Aborigen də yanımda əyləşdi, sualedici nəzərlərlə bic-bic Diktatora baxdı.
– Hə, ona olar, ancaq sənin bəsindir... Sən get, yat, yoxsa əndazədən çıxırsan...

– Bax bu qədər, – Aborigen barmaqları ilə “stopka”nı göstərdi və yalvarış dolu nəzərlərlə Ağakərimə baxdı. – Sonra etməyəcəm. İcazə ver Mualimlə qəlbdən söhbət edək, cənnətin filialını əlimdən alma.
İki nara aralıda Doktor Klıkla yan-yana oturaraq söhbət edirdilər. Aborigenlə mən də onlara qoşulduq. Rezin "qrelka"dan bizə də bir qədər spirt süzdülər.

– Bilirsən, Diktatorun qızı doğulub, - Aborigen qulağıma pıçıldadı. – Davay, toqquşduraq. Düzdür, nəsil davamçısı deyil, amma yenə övladır... Sənin qanundan kənar uşaqların var? Məsələn, mənim də iki qızım var...Nədənsə yaxşı adamların uşaqları qız doğulur. Düz demirəm? Niyə dinmirsən? Azadlığa çıxan kimi onlara toy eləyəcəm. İçəcəyəm səhərə qədər...

Aborigen əvvəl pıçıltı ilə danışırdı. Yavaş-yavaş səsi gurlaşır, yaxası açıq köynəyindən görünən “çılpaq rusalka” tatusuna yumruqlarını döyə-döyə, dodaqlarının kənarına yığılan tüpürcək köpüyünü yalaya- yalaya söhbət edir, hərdən gözləri yumulur, başı sinəsinə doğru əyilirdi.
Üzüm Ağakərimə doğru otursam da, onun nə vaxt yaxınlaşdığını görmədim. Aborigenin çiyinlərindən ikiəlli yapışıb adyalı silkələyən təki silkələdi onu, qaldırıb naranın ikinci yarusuna atdı.

- Yuxula, səsin çıxmasın! – deyərək, yenə öz yerimə qayıtdı.

“Konskiy vozbuditel”dən sonra içdiyim spirt bədənimdə elə hərarət qaldırmışdı ki, qalxıb barakdan çıxdım. “Görəsən onu təbrik etmək lazımdırmı? Birdən hirslənib, məni də Aborigen kimi qaldırıb silkələməz ki? Yaxşısı budur sabahadək gözləyim” – fikirləri ilə qayıdıb yatağıma uzandım.

Səhəri gün meşədə kəsilmiş ağacların qol-budağını budayırdım.
Kiçik talada Diktatorun dəstəsi qarışqa kimi qaynaşırdı.
Tonqal qalayan kim, ağac budaqlarından şişlər yonan kim, “çifir” bişirən kim. Ağakərim yan-yana uzadılmış iki kötüyün üstündə ayı ətini doğrayırdı. Səyyar aşxanadan iri bir qazan da gətirdilər, üstünü palçıqla sürtüb tonqalın üzərindən asdılar…

Doktorla mən hündürlüyü otuz metrə çatan şam ağaclarını ardıcıl yıxa- yıxa xeyli irəliləmişdik…

Doktor donqa belini bir az da aşağı əyərək mişarı elə məharətlə işlədirdi ki, elə bil ömrü boyu bu sənətin sirlərini öyrənmişdi. Uzun şam ağacları yan-yörəsindəki “qohum-əqrəbalarının” qol-budaqlarını qıra-qıra yerə yıxılanda elə səs çıxarırdı, sanki yıxılan inləyir, qol-budaqları sınanlarsa, onu söyüşlərə qərq edirdilər.

Meşəni qazanda buğlanan ətin, şişdə qızardılan kababın ətri bürümüşdü.
Aborigen əlində miska dolu kababla bizə yaxınlaşdı:

– Sizi Diktator çağırır, – deyib, meşənin içində gözdən itdi.

Məndə hələ Karakandada olarkən qəribə xəstəlik yaranmışdı, qabaqda olan dişlərimin hamısı tərpənirdi. Kababa tərəf heç baxmadım da... Qazanda qaynayan iri ət tikələrindən birini götürüb əlimi, dilimi, dodaqlarımı yandıra-yandıra içəri ötürməyə başladım. Həyatımda bundan dadlı bir şey yediyim yadıma gəlmir. Ət o qədər bişmişdi ki, piltə-piltə parçalanır, sanki ağzımda əriyirdi.

Birdən meşənin içində qəlbləri titrədən qışqırtı qopdu. Hamı tikəsini miskaya atıb bağırtı gələn səmtə doğru yüyürdü...İki məhbus yenicə yıxılmış şam ağacının kötüyü altında zarıyan oğlanın başı üzərində dayanmışdı. Aborigen ağacın lap yuxarı hissəsinin altında qalmışdı...

Tələsik yaxındakı budaqları yontarladıq. Aborigenin həmişə köpük toplaşan dodaqlarının kənarından qan süzülürdü... Ağacın sınmış budağı bədənini deşərək torpağa sancılmışdı. Balta hər dəfə ağaca dəydikcə Aborigen zarıyır, “Lazım deyil, lazım deyil” deyib yalvarırdı...

Aborigenin köynəyinin yaxalığını bıçaqla kəsdilər. Ondan altda dəvə yunundan gödəkcə da vardı. Bu material yumşaq olduğundan qanı özünə çəkmişdi, qol yoğunluğunda budaq qarnının ortasından bataraq böyüründən çıxıb, torpağa batmışdı.
Aborigen qeyri-təbii səslər çıxarır, gah dişlərini bir-birinə sürtərək canavar kimi ulayır, gah da qışqıraraq fəryad çəkir, ağacı tərpədənləri söyüşlərə qərq edirdi.
Diktator hadisə yerinə yetişəndə hamı kənara çəkildi. Aborigen onu görən kimi sakitləşdi, yalvarmağa başladı ki, onu sakit buraxsınlar.
Ağakərim sanki heç nə olmamış kimi onun yan-yörəsini gəzdi, bir neçə dəfə o tərəf-bu tərəfə keçdikdən sonra Aborigenin qarnına batmış budağı gövdədən kəsmək lazım olduğunu söylədi, üzünü Doktora çevirib dedi:

– Budağı buradan kəs!
Onun bu sözünü eşidən yaralının sanki nəfəsi tıxandı, gözlərini bərk- bərk yumaraq zarıdısa da, Diktatora etiraz etmədi.

Ağakərim Aborigenin bədəninə sancılmış budaqdan yapışaraq əlindən bir qədər yuxarını göstərərək: “buradan kəs” dedi.
Bir an sonra kabablıq ət kimi budağa keçirilmiş Aborigeni qaldırıb xəzəllərin üstünə uzatdılar. Budağın bədəni deşib çıxmış torpaqlı-qanlı hissəsini də lap dibdən kəsib götürdülər. Bir dəqiqəlik gah çığıraraq, gah da pıçıldaşma ilə keçən məsləhətləşmədən sonra altı-yedi nəfər inildəyən Aborigenə yanaşdı, hərəsi bir yerindən tutaraq onu torpağa sıxdılar. Ağakərim isə ayağının birini yaralının çiyninə qoyub xırçıltı ilə budağı çıxartdı… Həmin an spirtlə hopdurulmuş çirkli dəsmalı onun sinəsindəki yaranın üstünə basdılar.
Heç on dəqiqə keçmədi ağacın budaqları və qabığından xərək düzəltdilər, içərisinə bir neçə buşlat döşəyib Aborigeni yumşaq yatağa uzatdılar…
Ağakərim xərəyi aparacaq dörd nəfər məhbus ayırdı, mən də onların içində idim və dəstə iki konvoyun müşayiəti ilə düşərgəyə tərəf yola düşdü.
Hadisə yerindən azacıq uzaqlaşmışdıq ki, Aborigen bayıldı… Hava kifayət qədər isti olsa da, o, titrəyir, bərk sayıqlayırdı.
Xəstəxanya çatan kimi bütün tibb personalı tələm-tələsik, elə bizim qarşımızdaca Aborigeni quru dəmir stola uzadıb əməliyyata başladı. Barakın qapıları, dolabların qapaqları şappıltı ilə-açılır-örtülür, həyəcanlı səslər, ayaq tappıltıları eşidilirdi. Düz on dəqiqə davam edən hay-küy nəhayət, kəsildi. Yaralı zarıldayır, ah-uf eləyirdi.

Bərk yorulduğumu hiss edib barak-xəstəxanadan çıxdım. Uzun taxta kürsüdə oturub yarım saat Ağakərimin soyuqqanlılıqla, ayağını yaralının çiyninə qoyaraq budağı necə çıxarmasını xatırladım. “İlahi, heç bunlar mümkün olan şeydir?” Mən onda da özümə həmin sualı vermişdim. Ancaq indi başa düşdüm ki, əgər Diktator budağı onun mədəsindən çıxarmasaydı indi stolun üstündə inildəyən zavallının ruhu yəqin cənnət darvazalarından içəri soxulmaq həşirində idi.
Diktator axşam ətrafındakılarla xəstəxanaya gəldi. Aborigenin mədəsinin üçdən birini, bağırsaqlarından da xeyli hissəsini kəsib atmışdılar. Mayor-həkim artıq getməyə hazırlaşırdı. Ağakərimlə danışığından, üzündəki təbbəssümdən aydın idi ki, qorxulu nə vardısa, artıq keçib getmişdir. Diktator yaxınlaşıb gözlərini tavana zilləmiş Aborigenin başını qucaqladı:

– Ah, heç inanmazsan ki, biz, bütün məhbəs qardaşların bayaq necə bədbəxt idik. O dəhşəti dəqiqələr keçib getdi, hamımız yenə də xoşbəxtik, indi danışmaq olar.

Bu anda qapı yavaşca açıldı. Barak-palataya qorxa-qorxa, ətrafına baxa-baxa bir qadın girdi. Hamı təəccüb və maraqla ona sarı döndü. Heç kəs ilk baxışdan onu tanımadı.

Bu həmişə açıq-saçıq geyinən, bərbərxanada işləyən Zoya idi. Görünüşü həyalı-abırlı idi. Üzündə aydın, lakin elə bil bir qədər ürkək ifadə vardı. Əyninə çox sadə ev paltarı geyinmiş, başına qapqalın örpək bağlamışdı. Otağın adamla dolu olduğunu görüb lap özünü itirdi... Və balaca uşaq kimi Diktatora tərəf qaçdı, qollarını qaldırıb onu qucaqlayacaqmış kimi vəziyyət aldı və dayandı, başını aşağı dikib hönkürdü..

– Elə bildim sənin üstünə yıxılıb ağac, – dedi vəburunun ucuna toplaşan suyu əlinin arxası ilə sildi...

Məhbuslardan kim isə bir az kənardakı kətili qadının yanına qoydu.
Diktator ayağı ilə kətili kənara itələyib:
–Səndən heç gözləməzdim! Get, işinlə məşğul ol! – deyə, acıqlı halda pıçıldadı.

–Mən…, mən… bir dəqiqəliyə gəldim, bağışla. Bura göndərməyə başqa adamım yox idi. Elə bildim sən… Eybi yox, vur məni, vur! Bu mənim üçün şərəfdir! – qadının solğun üzü qızardı, sevincindən gözləri parıldadı.

Ağakərim onun qolundan tutaraq bir qədər kənardakı boş naraya tərəf apardı, oturtdu, özü də əyləşərək qızğın- qızğın nə isə pıçıltı ilə danışmağa başladı.

Zoya ayağa qalxaraq qaça-qaça palatadan çıxdı…

Bu, Diktatorun ona övlad bağışlamış qadınla doğuşdan sonrakı ilk görüşü idi...

Hamı Aborigenin tezliklə canını tapşıracağını düşünsə də o, yaşadı. Hər dəfə üzünə təəccüb və heyrətlə baxdığımızı görəndə bic-bic gülümsəyirdi. Ağakərimin tapşırığı ilə mən meşəyə işə getmir, daim Aborigenin yanını kəsdirib ona göz olurdum.

Aborogen:
– Bilirsən, Mualim, milyonlarla insan çətinə düşəndə qorxudan ölürlər. Qorxu ölümdən də güclüdür. Mən ölümdən deyil, ağrılardan qorxuram. Gün işığı azadlıqca ağrılarım artır, gecə içim doğrananda ölmək istəyirəm, – dedi.

Başdan ayağadək nakolkalarla örtülmüş bu arıq bədəndə nə böyük iradə varmış, İlahi! Gün-gündən arıqlayır, üzü də bədəni kimi göy rəng alırdı. Həkim dəfələrlə mənim yanımda ona siqareti atmağı tapşırsa da, həmişə gülümsəyir, maxorkasız da zek olar? – deyirdi.

Bir axşam adyala bürünərək kart oynayanlara baxırdı. Diktator yaxınlaşıb onun yanında əyləşdi, istəyirəm səni sınayam – deyərək, əlini onun çiyninə qoydu, Aborigenin danışmasına imkan verməyərək:
– Mənim xatirimə papiros çəkməyi burax, – dedi.

Aborigen iztirab, ağrılar girdabında çırpınan baxışlarını Diktatorun üzündən çəkib mənə zillədi. Bu məsum baxışlar qəlb didir, ruhu inlədirdi. Ümidsiz, yetim bir yalvarışla mənə dikilmiş bəbəklərdə gözəgörünməz varlıqdan imdad diləyən yalvarış vardı. Aborigen atası qarşısında qəbahət işlətdiyi üçün danlanan uşaq kimi başını aşağı dikərək narasına doğru getdi.

Nəzərləri üzümə zilləyib :
-Tütünü atmazsa, ölər. Sən də göz ol, çalış onu danışdır, başını qat. Bilirəm ki, çətindir. Sən özün də bir müddət çəkmə, – dedi Diktator.
Səsinin ahəngindən hiss etdim ki, mənə deyilən söz xahiş yox, tapşırıqdır.

Həyat fövqaladə bir müəmmadır. Adı dünya olan bu zindanda insan bilmir neçə il məhbus olacaq. Həbsxana, düşərgə isə zindan içində zindadır. Hələ azadlıqda olanda özümüzü həm cismani, həm də ruhi narahatlıq içində, gərginlik məngənəsində hiss edirdiksə, məhbəsdəki üzüntüləri təsəvvür edin.

Diktatorun tapşırığından sonra özümü sonsuz bir ümidsizlik, boşluq girdabındakı kimi hiss edirdim. Səhərədək yuxulaya bilmədim. Aborigen də mənim halımda idi, qurdalanırdı yatağının içində. Hərdən durur, iki əli ilə hələ tam sağalmamış yarasını qapayaraq barakda o baş, bu başa gəzirdi. Elə bil ki, qocalmışdı.

Məhbuslar vaxtadan çıxıb gözdən itəndən sonra Aborigenlə baraka girib, yan-yana quraşdırılan naralarda uzandıq. Ağakərimin dolabında "qrelka"nın içində bir qədər spirt vardı. Aborigen təklif etdi ki, adama bir-iki qurtum içək, bəlkə ondan sonra yuxulaya bilərik.

Rezin dadı verən kartof arağı Aborigenin üzünü qızartdığı kimi dilini də açdı.

Aborigenin hekayəsi:

O vaxt doqquzuncu sinifdə oxuyurdum və mənə elə gəlirdi ki, yer üzündə bizim ailədən xoşbəxti yoxdur. Atam Sverdlovskda ən böyük qastronomun müdiri, anam isə MAŞ zavodunun partkomu idi. Yay tətilinə bir neçə gün qalmış atam qəflətən vəfat etdi. Onun ölümündən sonra heç özümə gələ bilmədim. Günümü axşama kimi onun məzarının yanındakı skamyada keçirirdim, – deyib, "qrelka"dan yenə spirt süzüb bir qurtum içdi, nəzərlərini məchul bir nöqtəyə zilləyərək davam etdi: – Anam əsəblərimlə oynayırdı. Hələ atamın əlli səkkizi çıxmamış zavodun baş mühəndisini evimizə gətirməyə başladı. Anam mənə deyirdi ki, guya bu saçlarını yağlayıb, sığallayan qadınsifət kişi atamın dostudur və o, son nəfəsində bizi bu mühəndisə tapşırıb.

Aborigen maxorka kisəsini çıxarıb bir eşmə düzəltdi. Mən ona “çəkmə” deyə bilməzdim. Aborigen düşərgədə ən hörmətli oğrulardan biri idi. Eşməni burnuna yaxınlaşdırıb, dərindən - dərindən iylədi, ancaq yandırmadı. – Bir axşam atamın məzarı üstündə oturduğum zaman leysan yağışı başladı. İslanmış halda evə qayıtdım. Qapımız içəridən bağlı idi. Döydüm, açan olmadı. Pəncərədən içəri girdim, gördüyüm səhnədən tüklərim ürpəşdi. Cibimdə tiyəsi kiçik olan bıçağım vardı. Onu açıb baş mühəndisin üstünə cumdum, harasına gəldi vurmağa başladım. O, ürəyinə şiş batırılmış donuz kimi çığırırdı. Anamla köməkləşib, əl-ayağımı bağladılar. Elə həmin gün məni məhkəməsiz-filansız “detkolon”a göndərdilər. Üç il günə-gün oturdum. Oradan çıxanda qəddarlaşmışdım. Qəlbimi amansız qəzəb bürümüşdü. Hər şeyə biganəlik, laqeydlik yaranmışdı məndə. Yaşamaq üçün nəsə etməliydim, hardasa bir tikə çörək tapmalıydım. Sverdlovsk belə yer idi ki, sakinlərin hamısının məhbəs həyatı ilə az-çox təması var. Az sonra öz qohumlarımızdan olan dəstəbaşı ilə iki ev apardıq. Sonra daha bir uğurlu işimiz də oldu. Anamı yoldan çıxarmış baş mühəndis indi MAŞ zavodunun direktoru olmuşdu. Onun qızı ilə “detkolon”da olarkən gizli- gizli məktublaşırdım. Birbaşa məktəblərinə yazırdım ki, atası duyuq düşməsin.

Anam artıq Vilayət Partiya Komitəsində hansısa şöbənin müdiri idi. Dəfələrlə yanıma gəlib, evimizə qayıtmağı xahiş etmişdi. Onun “detkolon”a gətirdiyi pay-püşə toxunmazdım, hamısını uşaqlara paylayardım. Ancaq yaxşı oğlanlardan biri məni başa saldı ki, belə yüksək vəzifəli şəxsin oğluyamsa, onun adından istifadə edərək, min cür iş çevirmək, nakolka vurmaq, öyrənmək olar, – Aborigen qulağının dibinə sancdığı maxorka bükülüsünü çıxarıb yenidən qoxuladı. Sifətində özündənrazı bir ifadə yaranmışdı. Sanki elə bu anlarda yenə evlərində oturub, anasının hazırladığı moruq kompotunu içirdi.
- Evimizə qayıtdığım gün anam şadlığından yerə-göyə sığmırdı. Bir-birinin ardınca zənglər edir, axşam “Ural MAŞ” restoranına gəlmələrini tapşırır, deyirdi ki, gözünün ağı-qarası oğlu yanına qayıdıb.

Həmin gecə Sverdlovskun bütün vəzifəli şəxsləri restorana toplaşmışdılar. Onlar mənim uşaqlıq hikkəsindən doğan cinayətimi bilirdilər və hamısı başıma ağıl qoymağa, məsləhətlər verməyə girişmişdilər. Deyirdilər ki, bəzi işlər var, onları görməzliyə salmaq, ötəri hissləri ciddi qəbul etməmək lazımdır. Birisi hətta üzünü Şəhər İcraiyyə Komitəsinin sədrinin sifətinə yapışdırıb, gözlərini yumaraq rəqs eləyən xanımına heyranlıqla baxa-baxa danışır, səbrli olmağın sonunda daha təmtəraqlı məclislər dayandığını söyləyirdi.
Anamla demək olar hər axşam ad günündə, bir başqasının toy məclisində iştirak edirdik. Getdiyim evlərin sxemini yadıma saxlayır, səhəri gün anam işə yollandıqdan sonra çertyoju cızıb dostlarıma ötürürdüm. Heç kəs məndən şübhələnmirdi. Bir həftə, bir ay sonra yeni bir şənlikdə iştirak etdiyimiz zaman dostlarımıza zəng edirdim ki, toy məclisindəyəm “dördüncü İvan” da ailəsi ilə buradadır... Bir-iki saata evi təmizləyirdilər…

Anam gün ərzində beş-on dəfə evə zəng edir, hər dəfə dəstəyi qaldıranda “Niyə çıxıb gəzmirsən?” – deyə dərdli-dərdli soruşurdu.
– Bu qara üzlə hara çıxa bilərəm ki... İstəyirsən üzümə “uşaq kolonyasında oturana bir baxsana” deyib lağa qoysunlar məni – söyləyərək ürəyimdən tikan çıxarırdım.

(Ardı var)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər