Ru
14:39 / 08 Dekabr 2023

Qızılca təşvişi: "İbtidai siniflər distant təhsilə keçməlidir" - Araşdırma

14643
Qızılca - ən yoluxucu viral xəstəliklərdən biridir. Danışıq, öskürək, asqırma zamanı virus ətraf mühitə yayılır. Xəstəliyi əmələ gətirən infeksiya xəstələrin burun və ağız ifrazatında meydana gəlir. Hava-damcı yolu ilə ötürülən infeksiya otit, meningit və ensefalit kimi fəsadlarına görə ölümcül təhlükəlidir.

Mütəxəssislərin fikrincə, son 20 ildə dünyada peyvənd vasitəsilə qızılcadan 30 milyondan çox ölümün qarşısı alınıb.


2023-cü ilin əvvəlindən başlayaraq, Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılması müşahidə olunur.

Noyabrın ortalarından Azərbaycanda da qızılca xəstəliyi yayılmağa başlayıb. Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Məktəblər dezinfeksiya olunsa da, xəstəlik sürətlə yayılmaqdadır. Hətta şagirdlər arasında dünyasını dəyişənlər də var.





Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, qızılcaya yoluxan şəxslə təmas olmadan belə qapalı məkanlarda yoluxma mümkündür. Xəstəliyin inkubasion dövrü minimal 6, maksimal isə 21 gündür:

“Qızılcaya digər bakterial fəsadların qoşulması faktı olarsa, antibiotik təyin edilə bilər. Fəsadlar olmadan antibiotik təyin etmək olmaz. Qızılcaya qarşı ən effektiv qoruyucu vasitə peyvənd olunmaqdır. Belə olan halda xəstəlik yüngül keçirilir və ağırlaşma olmur. Qızılcaya yoluxan şəxsdə sonradan ömürlük immunitet formalaşır. Təkrar yoluxma çox nadir halda baş verə bilər. Qızılcaya yoluxmanı azaltmaq üçün isə əhali arasında kütləvi immunitet formalaşmalıdır”.


İnfeksionist hazırda kəskin şəkildə yayılan qızılcanın hansısa virusdan qaynaqlandığını iddia edənlərə belə cavab verib:


“Qızılca xəstəliyi qızılca virusu tərəfindən törədilir. Hazırda yayılan xəstəliyi törədən də eyni qızılca virusudur. Heç bir başqa virusdan söhbət gedə bilməz. Sadəcə, epidemioloji vəziyyətin pisləşməsi onunla bağlıdır ki, uşaqların müəyyən kateqoriyası müdafiəsizdir. Çünki valideynlər bir müddət milli peyvənd təqvimi üzrə peyvəndləməyə laqeyd yanaşıblar, uşaqlar peyvənd olunmayıblar. Buna görə də müəyyən kateqoriyalı uşaqlar peyvənddən kənarda qalıblar. Nəticədə, bu cür kəskin yoluxmalar var. Zamanında da qızılcadan kütləvi uşaq ölümü olurdu. Bu gün də eyni şeyin şahidiyik. İnsanlar maska taxaraq, sosial məsafə saxlayaraq və əl gigienasına mütəmadi olaraq riayət edərək özlərini qoruya bilərlər. Uşaqlar isə mütləq şəkildə vaksinasiya olunmalıdır”.


Qızılcaya yoluxma ilə əlaqədar əksər məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə olunur. Belə ki, övladlarının qızılcaya yoluxacağından ehtiyat edən valideynlər onları məktəbə getməsini istəmirlər.


Valideyn Şəhla Namazova bildirib ki, övladının təhsil alması onun üçün vacibdir. Amma sağlamlığı hər seydən önəmlidir:


“Məktəblərdə yoluxma halları çoxalıb. Övladımın təhsil aldığı məktəbdə də 4 şagird qızılcaya yoluxub. Onun yoluxacağından ehtiyat edirəm. Bu səbəbdən də məktəbə göndərmirəm”.





Digər valideyn Tural Məmmədzadə qeyd edib ki, o da övladını məktəbə göndərməyə ehtiyat edir:


“Məktəblilər arasında qızılcaya yoluxma halları gündən-günə artır. Ən dəhşətlisi də bu xəstəlikdən ölənlərin olmasıdır. Bir valideyn olaraq bu, məni çox qorxudur. İki gündür övladımı məktəbə göndərmirik. Hazırkı vəziyyətdə buna məcburuq. Ümid edirəm ki, əlaqədar qurumlar mövcud vəziyyəti nəzərə alıb məktəbləri müvvəqəti olaraq distant təhsilə keçirərlər”.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, təhsil müəssisələrində mövsümi xəstəliklərə, viruslara yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qabaqlayıcı tədbirlər intensivləşdirilib. İdarənin təşəbbüsü ilə təhsil müəssisələrində müvafiq ixtisaslaşmış qurumlar tərəfindən aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır.


Bildirilib ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib: "Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. Bir sıra məktəblərdə şagird və müəllimlərin temperaturu ölçülür. Qızılcaya yoluxma ilə əlaqədar bəzi məktəblərdə şagirdlərin davamiyyətində qismən azalma müşahidə olunur. Xəstəliklə bağlı vəziyyət müvafiq səlahiyyətli qurumlar tərəfindən mütəmadi izlənilir. Yoluxma sayına uyğun olaraq əyani tədris formasının dəyişdirilməsini zərurətə çevirən qərar Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilə bilər”.



Məsələyə münasibət bildirən Elm və təhsil naziri Emin Əmrullayev isə deyib ki, qızılcaya yoluxanların sayı ayrı-ayrı məktəblərdə tək-tükdür:


"Başa düşməliyik ki, indiki vəziyyət valideynlərin 8-9 il bundan əvvəl verdiyi qərarların nəticəsidir. Xəstəliyin artımı müəyyən müddətə izlənilməlidir. Hazırkı yoluxma böyük pandemiya təhlükəsinin olmadığını göstərir. Amma vəziyyət gündəlik rəqəm və durumdan asılı olaraq dəyişə bilər. Aidiyyəti qurumlarla yekun qərardan sonra distant təhsilə keçid ola bilər. Ümumilikdə məsələ nəzarətimizdədir".




Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurinin dediyinə görə, 2020-ci ildə dünyada pandemiya elan olunan zaman məktəblərin dərhal bağlanması ilə bağlı qərar qəbul edən ölkələr arasında Azərbaycan 12-ci oldu. Xəstəlik sürətlə yayılmadan Azərbaycan lazımi addımlar atdı:

“Bu addım tədrisin keyfiyyətinə mənfi təsir etsə də, məktəblərdə bir çox fəsadın qarşısını almış oldu. Təəssüf ki, indi də qızılca xəstəliyi yayılıb. Bu xəstəliyin epidemiya və ya pandemiya səviyyəsinə çatmasını heç kim istəməz. Düzü, pandemiya səviyyəsinə qalxması mümkün deyil, amma epidemiya səviyyəsində olacağını da arzu etmirik”.


E.Nuri deyib ki, önümüzdəki həftələrdə yoluxanların sayı artarsa, o zaman təhsil müəssisələrində vacib qərar qəbul edilməlidir:

"Ən doğru qərar distant formanın tətbiqi ola bilər. Yəqin ki, dərslər hibrid formaya keçirilər. İndidən həyəcan təbili çalmaq lazımdır. Çünki bir nəfər eyni anda 10 nəfəri, 10 nəfər 100 nəfəri, 100 nəfər isə 1000 nəfəri yoluxdurma gücündədir. Əgər vəziyyət düzəlməsə və ciddi addımlar atılmasa, saylarda artım olarsa, mütləq hibrid tədrisi bərpa etməliyik”.




Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, yalnız yoluxma faktı daha çox qeydə alınan siniflər və ya təhsil müəssisəsi distant təhsilə keçə bilər:


“Ölkədə fəaliyyət göstərən 4200-dən çox dövlət təhsil müəssisəsində 1 milyon 600 mindən çox şagird təhsil alır. Müəllim və işçi heyəti də nəzərə alınarsa, bu sahə üzrə 2 milyondan çox insan təhsilalan, təhsilverən və idarəedən var: "Bu baxımdan ümumilikdə ölkə səviyyəsində distant təhsilə keçidin tərəfdarı deyiləm. Çünki bu tədris formasında şagirdlərin nəticələri mənfi olur. Ona görə də yoluxma faktı olan siniflər və ya məktəblərin yalnız 7-10 günlük distant təhsilə keçidi daha məqsədəuyğundur".




Təhsil eksperti Adil Vəliyev isə bildirib ki, qızılca xəstəliyinə yoluxan şagirdlərin sayının artmaması, vəziyyətin kritik həddə çatmaması üçün distant təhsilə keçid vacibdir. İndi yayılan qızılca xəstəliyi əvvəlki dövrlərlə müqayisədə eyni deyil və bu xəstəliyə yoluxan şəxsin qızılca olub-olmadığını yalnız həkim müəyyənləşdirə bilər:


"Qızılca xəstəliyinə yoluxan şagirdlər arasında ölüm faktının olması təəssüf doğurur. Yaxşı olar ki, ölüm faktı qeydə alınan məktəblər distant təhsilə keçid etsinlər. Kənd məktəblərində şagird sayı kifayət qədər az olduğuna görə yoluxma faktı və fəsadlar çox deyil. Lakin iri şəhər və rayonlarda şagirdlərin sıx olduğu siniflərdə yoluxma faktı daha çox qeydə alınır. Ona görə də vəziyyətin kritik həddə çatmaması üçün daha ciddi addımlar atmaq lazımdır".



Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, hazırda Nazirliyin distantla bağlı imkanları, texnologiyaları və təcrübəsi əvvəlki illərdən daha çoxdur. Lakin indiyədək qızılca səbəbindən cəmi 2-3 məktəbin distanta keçdiyi bildirilir:


“Elm və Təhsil Nazirliyi distant təhsil formasını tam qanuni müstəviyə gətirə bilməsə də, tətbiq olunan metod ən yaxşı halda "distant texnologiyalardan istifadə edərək tədris prosesinin təşkili" hesab oluna bilər. Amma buna qanunvericilikdə nəzərdə tutulan distant təhsil forması demək doğru olmaz. Təəssüf ki, uzun illər keçməsinə baxmayaraq, qanunda nəzərdə tutulan bu təhsil formasının oturuşması üçün hüquqi əsaslar indiyədək də yaradılmayıb. Bununla belə hazırda təhsil müəssisələrində ibtidai siniflərdə qızılcanın çox yayıldığını nəzərə alsaq, distant tədirsə keçmək daha təhlükəsiz və faydalı olar. Bildiyim qədər Nazirliyin Virtual məktəb platforması tam işlək vəziyyətdədir, Video.edu.az rəqəmsal platforması xeyli təkmilləşib və müəllimlərin də ötən illərə nisbətən təcrübəsi çoxdur. Ən azından Nazirlik indiki halda COVİD dövrünə nisbətən distanta daha çox hazırdı. Həkimlər də qızılcaya tutulmuş uşaqların digər uşaqlarla yaxın təmasda olmasını məqsədəuyğun hesab etmirlər. Fikrimcə, kütləvi yoluxmanı və real, daha ağır nəticələri gözləmək doğru olmaz. Nazirliyin qızılca ilə bağlı daha ağır nəticələrdən sığortalanmaq üçün ibtidai siniflərin distanta keçməsi ilə bağlı qərar verməsi doğru və faydalı olar”.




Millət vəkili Aqiyə Naxçıvanlının sözlərinə görə, təmasın sıx olması xəstəliyin sürətlə yayılmasına gətirib çıxaracaq. Bunun qarşısını almağın bir yolu var - izolyasiya, uşaqların evdə olmaları və profilaktik tədbirlərin görülməsi. Yoluxma sayı tam sıfıra enənə qədər məktəblər bağlanmalı, distant təhsilə keçilməlidir:


“Bir müddətlik, xəstəliyə yoluxma halları azalana kimi dərslər onlayn keçirilsin. Pandemiya dövründə məktəblərdə dərslər onlayn şəkildə davam edirdi. Bu gün də bunu etməliyik. Vəziyyətin kritik həddə çatmaması üçün bu, vacibdir”.

Sevinc
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər