Ru
16:06 / 05 Noyabr 2026

“Qurtuluş-93” sakinləri təhlükədə: Binaların altı qazılır, dövlət qurumları susur – VİDEO

Eye

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "Qurtuluş-93" yaşayış massivində yüzlərlə insanın həyatı təhlükə altındadır.

"Bakupost" xəbər verir ki, "Qurtuluş-93 Residence" MTK tərəfindən inşa edilmiş bir sıra çoxmərtəbəli yaşayış binalarının zirzəmilərində qeyri-yaşayış obyektləri yaratmaq məqsədilə qazıntı işləri aparılır.

Halbuki, qanunsuzluq faktı aidiyyəti qurumlara məlumdur. Buna baxmayaraq, təhlükəli qazıntı işlərinin qarşısının alınması üçün hələ də tədbir görülmür.

Sakinlərin sözlərinə görə, dəfələrlə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək qazıntı işlərinin dayandırılmasını tələb ediblər. Lakin onların şikayətləri hələ də nəticə verməyib, ərazidə qazıntılar isə davam edir.

Vətəndaşlar bildirirlər ki, cəmi bir gecə ərzində 87 saylı binanın təməl hissəsində 10 ayrı nöqtədə qazıntı aparılıb. Bundan başqa, 88, 60 və 78 saylı binaların zirzəmilərində də qazıntı işləri davam etdirilir.

Ortaya bir sıra suallar çıxır: Aylardır davam edən bu işlərə niyə müdaxilə edilmir? Minlərlə insanın təhlükəsizliyinə kim cavabdehdir? Ən əsası, mümkün faciənin qarşısını almaq üçün hansı qurum məsuliyyət daşıyır?

Məsələ ilə bağlı "Bakupost"un sorğusuna Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazidə aparılan monitorinqlər zamanı Masazır kəndində, "Qurtuluş-93" MMC-nin yerləşdiyi ərazidə 87, 88, 89 və 78 saylı binalarda qanunsuz fəaliyyət aşkarlanıb.

Açıqlamada qeyd olunub ki, müxtəlif şəxslər tərəfindən binaların zirzəmi hissələrində müvafiq icazə sənədləri olmadan qazıntı işləri aparılıb və şəhərsalma norma və qaydalarının kobud şəkildə pozulması faktı müəyyən edilib.

"Bildiririk ki, vətəndaşlar tərəfindən heç bir icazə sənədi olmadan tikinti işləri aparılmışdır. Odur ki, vətəndaşlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntu barədə yazılı müraciət aidiyyəti qurumlara göndərilmişdir".

Beləliklə, yerli icra hakimiyyəti qanunsuz qazıntı faktını təsdiqləyir. Lakin işlərin niyə hələ də davam etdiyi açıq qalır.

Fövqəladə Hallar Nazirliyi (FHN) də "Bakupost"a ərazidəki vəziyyətlə bağlı araşdırma aparıldığını və müvafiq icazə sənədlərinin olmadığını təsdiqləyib.

Sorğumuza cavab olaraq bildirilib ki, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən “Qurtuluş-93 Residence” MTK tərəfindən inşa edilmiş və hazırda istismarda olan 78 saylı yaşayış binasının zirzəmi mərtəbəsində tikinti-quraşdırma işlərinin aparıldığı aşkar edilib. Araşdırma zamanı qeyd olunan tikinti işlərinə dair müvafiq icazəverici sənədlər təqdim edilməyib.

"Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi, habelə aparılan işlərin qanunauyğunluğunun araşdırılması məqsədilə aidiyyəti qurumlara rəsmi müraciət edilib. Qeyd edək ki, istismarda olan yaşayış binalarında yenidənqurma və yenidən planlaşdırma işləri ilə bağlı məsələlər qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində aidiyyəti qurumlar tərəfindən araşdırılır", - deyə açıqlamada bildirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə “Bakupost”a bildirilib ki, qurumun səlahiyyət dairəsinə Bakı və Qarabağ əraziləri daxildir. Sözügedən ərazidə tikinti işlərinin dayandırılması məsələsi yerli icra hakimiyyəti orqanlarının və FHN-in məsuliyyətindədir.

Verilən cavablardan belə anlamaq olar ki, hamı məlumatlıdır, amma heç kim cavabdeh deyil... Redaksiyamız məsuliyyət daşıyan qurumu müəyyənləşdirmək üçün araşdırmanı davam etdirib. Abşeron Rayon İcra Hakimiyyətinə yenidən müraciət etdikdə bildirilib ki, məsələ ilə bağlı aşağıdakı dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb:

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə;
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə;
Abşeron Rayon Polis İdarəsinə.

Göründüyü kimi, məsələ ilə bağlı bir neçə qurum məlumatlandırılıb. Ancaq qazıntı işləri davam edir.

Məsələyə aydınlıq gətirmək üçün yenidən Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, 2006-cı ilə qədər inşa edilmiş binalarda aşkar olunan qanunsuz fəaliyyətlərin qarşısının alınması birbaşa FHN-in səlahiyyətlərinə aid deyil. Nazirliyin müdaxiləsi üçün yalnız yerli icra hakimiyyəti tərəfindən rəsmi müraciət daxil olmalıdır. Qurumdan həmçinin bildirildi ki, indiyədək Abşeron Rayon İcra Hakimiyyətindən onlara belə bir müraciət daxil olmayıb.

Bu cavabla bağlı yenidən yerli icra hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətindən isə FHN-in verdiyi cavaba görə məsuliyyət daşımadıqlarını bildirdilər.

Beləliklə, bir qurum digərini, digəri isə yenidən birincini məsuliyyətli tərəf kimi göstərir. Qazıntı işləri isə davam edir. Dövlət orqanları arasında məsuliyyətin kimə aid olduğu ilə bağlı mübahisə uzandıqca, sakinlərin həyatı ilə bağlı təhlükə də artır.

Redaksiyamıza daxil olan yeni görüntülərdən isə aydın olur ki, qazıntı və tikinti işləri artıq yekunlaşmaq üzrədir. Qurumlar hələ də bir-birinə müraciətlər ünvanlayıb məsuliyyəti qarşı tərəfin üzərinə qoyduqca, ərazidə işlər sürətlə davam edir.

Maraqlıdır, sabah bu binalarda bədbəxt hadisə baş verərsə, cavabını kim verəcək? Yoxsa aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaqdan yalnız faciədən sonra əl çəkəcəklər?

Məsələnin diqqət çəkən digər tərəfi isə “Qurtuluş-93” yaşayış kompleksinin sahibinin “Şəki Yaylası” istirahət mərkəzinin də sahibi olan Məhərrəm Novruzov olmasıdır.
Xatırladaq ki, bir neçə ay əvvəl həmin istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfər faciəvi şəkildə həyatını itirib.

Qeyd edək ki, məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə də sorğu ünvanlamışıq. Sorğularımıza hələ cavab verilməyib.

Lalə Novruz, BakuPost

Şərhlər
  • Vətəndas

    Qurtuls-93-də 30 ildən çoxdur ki,qaz yoxdur, bütün binaların zirzəmilərini qazıb ya icarəyə verirlər,ya da satirlar

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar