Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır.
Xalqımız 5 min illik zəngin dövlətçilik ənənələrinə malikdir. Ölkəmizin ərazisində ilk dövlət qurumları, etnik-siyasi birliklər e.ə. IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq yaranıb.
Ardınca e.ə. I minillikdə və bizim eranın I minilliyinin əvvəllərində Manna, Midiya, Atropatena və Albaniya kimi güclü dövlətlər mövcud olub. IX əsrin ortalarından etibarən Azərbaycan ərazisində qədim dövlətçilik ənənələri yenidən dirçəlib. Həmin dövrdə İslam dininin yayılması ilə əlaqədar Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, daha sonrfakı dövrlərdə isə Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövləti yaranır. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadə və digər ziyalılar tərəfindən Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilir.
Lakin 1920-ci il aprelin 28-də Azərbaycanda sovet işğalı baş verir, sonrakı dövrlərdə isə ölkəmizin ərazisi kiçildilir.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edir və ölkəmiz yenidən müstəqilliyinə qovuşur.
Amma ardınca ölkəmiz Ermənistanın təcavüzünə məruz qalır. Nəticədə ölkə ərazisinin 20 faizi 30 ilə yaxın bir müddətdə işğal altında qalır.
Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunur.
Azərbaycanın dövlətçilik tarixinin beynəlxalq səviyyədə təbliği mühüm əhəmiyyət kəsb edir. Bu xüsusən də ölkənin min illiklər boyu davam edən müstəqil idarəçilik ənənələrini dünyaya tanıtmaq, milli maraqları qorumaq və tarixi həqiqətləri qlobal müstəvidə bərqərar etmək baxımından strateji əhəmiyyət daşıyır. Belə bir fəaliyyət həm dövlətimizin tanıdılması, həm diplomatik uğurların möhkəmləndirilməsi, həm də ölkəmizi sevməyən, uğurlarımıza xor baxan regional qüvvələrin dezinformasiya kampaniyalarına qarşı etibarlı informasiya cəbhəsinin qurulması baxımından mühüm alətdir.
Tədqiqatçı alim Zaur Əliyev
“Bakupost”a bildirib ki, Azərbaycanda dövlətçilik tarixinin təbliği yönündə kifayət qədər kitablar yazılıb:
“Avropa və Çin arxivlərdə ölkəmizin dövlətçilik tarixinə aid qiymətli materiallar, mənbələr var”.
Bununla belə, müsahibimiz təəssüflə qeyd edir ki, həmin kitabların və onları yazan alimlərin beynəlxalq arenaya çıxması aşağı səviyyədədir:
“Ölkəmizin qədim dövründən bu günə qədərki dövrə aid dövlətçilik tariximizlə bağlı kitabların 60-70 faizi sovet dövründə hazırlanan kitabların tərcüməsidir. Ermənilər yüzlərlə saxta sənədlər ortaya atırlar. Onlara qarşı çıxmaq və bu yalanları ifşa etmək üçün orijinal sənədlərlə işləməliyik.
Azərbaycanın Avropa və dünya arxivlərinə fərdi şəkildə çıxışı çox azdır. Az da olsa olub. Məsələn, Vatikanda gənc alimimiz Fərid Ələkbərli, başqa bir gənc alimimiz isə Florensiyada arxivlərlə işləyib. Amma alimlərimizin əsərlərinin dünyada çatdırılmasında bütün hallarda gecikmişik. XXI əsrdə hər şey informasiya texnologiyası əsasında qurulub. Bu kitablar əsasında kiçik sənədli filmlər çəkilməlidir. Lakin bunlar ortada yoxdur. Halbuki adını çəkdiyim insanların dövlətçilik tariximizlə bağlı kitablarını dünyaya çıxartsaq, ermənilərin səsini kəsməyə kifayət edər. Yüzlər, minlərlə onlayn arxiv sənədləri var. Burada işləsək də, bu da tam deyil”.
Müsahibimizin sözlərinə görə, bunun üçün maliyyə vəsaiti lazımdır ki, sənədi gətirib, onun tərcüməsini edə bilək:
“Onu da deyim ki, bunların hamısını gətirmək olur. Lakin tərcüməsi üçün kifayət qədər maddi vəsait tələb olunur. Belə sənədlərin bir səhifəsinin xaricdə tərcüməsi 10 avroya başa gəlir. Öz vəsaitim hesabına ermənilərin uydurma soyqırımını təkzib edən sənədlər əldə etmişəm. Ərəb istilaçılarına qarşı mübarizə aparan qəhrəmanımız Babəkə aid Bizans, Fransa, Yunanıstan arxivlərinə pul xərcləyib sənədləri gətirdim ki, kitab yazılsın. Amma kimsə dəstək olmadı. Habelə, Almaniya, İsveç arxivlərindən Azərbaycanın dövlətçilik tarixinə aid çoxsaylı arxiv sənədlər əldə etmişik. Amma onların tərcüməsi üçün maliyyə vəsaitinə ehtiyac var. Dövlətçilik tariximiz Avropada yatır. Avropada Ərəb alimi Təbərini təkzib edən o dövrdə yaşamış onlarla alim var”.
Yəni tədqiqatçı alimin fikrincə, real tarixi Avropa mənbələrində, arxivlərində, əlyazmalarda axtarmalıyıq:
“Hökumət bunun üçün büdcə ayırmalıdır. Dövlətçilik tariximizin təbliği üçün həmin dövrlərə aid sənədləri əldə etmək, səyyah və missionerlərin yazdığı məktub, kitab və əsərləri tərcümə edib, geniş yaymaqla ermənilərin saxta uydurmalarını ifşa edə bilərik. Ermənilər bir xəritə uydurmuşdular. Sənədlərlə dəfələrlə sübut etdik ki, o saxta fotodur. Amma onu sübut etmək üçün dünyaya çıxışımız təəssüf ki, yox dərəcəsindədir.
Xaricdə bir sıra alimlər Azərbaycanın mövqeyini müdafiə edən kitablar yazıb. Bu kitablar Avropa kitabxanalarında saxlanılır. Onların Azərbaycana gətirilməsi, PDF formada çapı, onlayn sayt yaradılması vacib məsələdir.
Xaricdə, İsveç, Norveç, Çində kifayət qədər diaspor nümayəndələrimiz, iş adamlarımız, tələbələrimiz var. Hökumət onlara əlavə dəstək olmalıdır ki, gənclərimiz xaricdəki sənədlərlə tanış ola bilsinlər”.
Milli Məclisin deputatı Fazil Mustafa qeyd edir ki, Azərbaycan dövlətçilik tarixinin beynəlxalq arenada təbliği daha çox ölkəmizin hansı istiqaməti götürməsindən asılıdır:
“İlk növbədə dünyanı nələrin maraqlandırdığına baxmalıyıq. Dünyanı maraqlandıran isə Azərbaycanın yeni tarixidir. Yeni tariximiz isə Cümhuriyyət dövründən başlayır. Cümhuriyyət dəyərlərini təbliğ edəndə daha cəlbedici görünürük. Çünki dünya artıq hansısa quldurlıq və ya feodalizm dövrünün dövlət modellərinə çox da diqqət yetirmir. Bunlar yalnız tarixçilər, tədqiqatçılar üçün maraqlı ola bilər. Amma bütövlükdə dünyanı maraqlandıran dəyərlərə yönəlməliyik. Məsələn, Cümhuriyyət dövründə qadınlara seçki hüququnun verilməsi, şərqdə ilk Demokratik Cümhuriyyətin yaradılması, parlamentarizm ənənəsi, qanunverici orqanda bütün xalqların təmsilçilərinə yer verilməsi kimi dəyərlər dövlətçilik anlayışı baxımından Azərbaycanın beynəlxalq miqyasda təbliğatına daha uyğun gələ bilər. Yoxsa ərazimizdə 5 və ya 10 dövlətin qurulmasının özümüzdən o tərəfə kiminsə üçün maraqlı olacağını düşünmürəm. O baxımdan məsələyə yeni tarix şüuru ilə yanaşsaq, doğru istiqaməti daha tez taparıq. Yəni daha çox tarix üzərindən deyil, dəyərlər üzərindən dövlətçiliyin tanınması daha böyük fayda verə bilər. Baxın ABŞ ən yeni dövlətlərdən biridir. Bu ölkə gücü, mədəniyyəti, imkanları ilə böyük dövlət olduğunu göstərir. Dövlətçilik ənənələrimizin xaricdə təbliği üçün eyni mövqeni Azərbaycan da sərgiləməlidir. Dövlətçilik bu aspektdə tanıdılsa, fikrimcə, daha faydalı olar”.
Rüfət Sultan,
BakuPost
Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə hazırlanıb.