İyunun 14-dən bu günə qədər 900-ə yaxın Rusiya vətəndaşı Azərbaycan, Ermənistan və Türkmənistan vasitəsilə İrandan təxliyə edilib.
Bakupost.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə jurnalistlərin qarşısında çıxışı zamanı deyib.
Rusiya XİN sözçüsü vəziyyətin gərginləşdiyi bir vaxtda rusiyalıların İran və İsraili tərk etməsinə şərait yaradan ölkələrə, o cümlədən Azərbaycana təşəkkür edib.
"Rusiya göstərdiyi köməyə görə İran, İsrail, Azərbaycan, Ermənistan, Misir, İordaniya, İraq və Türkmənistanın hakimiyyət orqanlarına minnətdarlığını bildirir. Ümumilikdə, iyunun 14-dən indiyədək Rusiyanın xarici nümayəndəliklərinin əməkdaşlarının ailə üzvləri, nümayəndə heyətləri, yaradıcı şəxslər, turistlərimiz, həmvətənlərimiz olmaqla mindən çox insan təxliyə edilib. Təbii ki, prioritet vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir və müvafiq işlər davam etdirilir", - deyə M.Zaxarova qeyd edib.
Qeyd edək ki, İsrailin İrana hücumundan sonra bu ölkədə olan Rusiya vətəndaşlarının əksəriyyəti Azərbaycanın İranla sərhəddəki "Astara" sərhəd-nəzarət buraxılış məntəqəsi vasitəsilə təxliyə olunub.