Rusiyanın Orenburq şəhər məhkəməsi “Zaur Naxçıvanski” kimi tanınan azərbaycanlı Zaur Şipilov barəsində həbs qətimkan tədbiri seçib.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “RBC” portalının məlumatına görə, iyulun 2-də saxlanılan şəxs ən azı sentyabrın 3-nə qədər həbsdə qalacaq.
40 yaşlı Zaur Şipilov Rusiya Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında yüksək vəzifə tutma) maddəsi üzrə ittiham olunur. Onun tanınmış azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğlu olması bildirilib.
Bundan başqa, iyulun 4-də Rusiyada daha bir azərbaycanlı Vaqif Süleymanovun (“Vaqif Bakinski”) saxlanılması barədə məlumat yayılıb.
“Kommersant” həmin şəxsin Rusiyada miqrasiya qaydalarını pozduğuna görə tutulduğunu yazıb. Süleymanov Saxarovodakı miqrasiya mərkəzinin xüsusi təcridxanasına aparılıb. O burada 3 ay saxlanıldıqdan sonra Azərbaycana deportasiya ediləcək.
Qeyd edək ki, hər iki şəxsin “qanuni oğru” kimi tanındığı deyilir.