Ru
17:23 / 29 Oktyabr 2022

Şagirdlərə yeni qadağalar: ekspertlərdən fərqli yanaşmalar

45124

Bu yaxınlarda Elm və Təhsil Nazirliyi “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın hazırlandığını açıqladı.



Yeni şagird davranış qaydalarına görə, uzun saçları olan şagirdlərə saçı açıq şəkildə məktəbə gəlməyə icazə verilməyə bilər.



Bundan başqa, yeni qaydalara görə, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.), geyim səliqəli və təmiz olmalı, uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.

Qaydalarda eyni zamanda şagirdlərə qadağan olunan məsələlər də əksini tapıb. Qeyd edilib ki, şagirdlərə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır.
Yeni qaydalar həm təhsil qurumları, həm də QHT sektoru, həm orta məktəblər, həm də valideynlər arasında geniş müzakirələrə səbəb olub. Maraqlıdır ki, yeni şagird davranış qaydaları birmənalı qarşılanmayıb. Bir qism insanlar qaydaların düzgün və yerində olduğunun tərəfdarı olsa da, digərləri bunun təhsillə əlaqəsi olmadığını qeyd edirlər.




Yeri gəlmişkən, ötən gün “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” mövzusunda təşkil olunan "Dəyirmi masa"da da bu məsələ geniş müzakirı olunub. Müzakirələrdə Elm və Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Hüquq sektorunun müdiri Kamran Əliyev, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov və psixoloqu Heyran Səfərova, direktorlar, direktor müavinləri, müəllimlər, məktəb psixoloqları, uşaq birliyi rəhbərləri iştirak ediblər.

Elm və təhsil nazirinin müşaviri E.Nəsibov hər iki sənədin ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən etdiyini söyləyib. Bildirib ki, bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir. Bu qaydalara uşaqların fiziki təhlükəsizliyi, onların psixoloji sağlamlığı, məktəbdaxili münasibətlər (şagirdlər arasında münasibət və məktəb kollektivi ilə olan münasibət), əlverişli öyrənmə mühiti və Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti daxildir.

Mövcud qaydalarla bağlı ictimaiyyətin məlumatlılıq səviyyəsini artırmaq məsələsinə toxunan E.Nəsibov bu məqsədlə təhsil işçilərindən ibarət spikerlərin müəyyənləşdirilməsini təklif edib.

BŞTİ müdiri M.Vəliyeva isə məktəb idarəçiliyində, şagird-müəllim, məktəb-valideyn münasibətlərində sistemlilik yaratmaq üçün vahid qaydaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb.



Bildirib ki, Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” məktəblər tərəfindən qoyulmuş qadağalar kimi deyil, əksinə uşaqlar üçün daha rahat mühit və sivil davranışın tənzimlənməsi imkanlarıdır.

M.Vəliyeva müəllimin vəzifələri ilə yanaşı valideynin də övladının mənəvi yetkinliyinə cavabdehliyi məsələsinə toxunub. Bildirib ki, valideynlər də öz məsuliyyətlərini anlamalı, qanunvericiliyə uyğun olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirməli və məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirak etməlidirlər.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri E.Əliyev hər iki sənədin mahiyyəti barədə ətraflı məlumat verərək bunun məktəb idarəetməsində səmərəliliyin artırılması işinə böyük töhvə verəcəyini diqqətə çatdırıb. Bildirib ki, qaydalar və nizam-intizam olmadan təlim- tərbiyə baxımından istənilən nəticəni əldə etmək mümkünsüzdür. Hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb. Sənədlərin hazırlanması prosesinə təcrübəli məktəb direktorları və müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər cəlb olunublar. E. Əliyev təklif olunan qaydaların ictimai müzakirələrdən sonra daha da təkmilləşdiriləcəyini, çərçivə sənədi kimi faydalı olacağını nəzərə çatdırıb.

Bəs, ekspertlər yeni şagird davranış qaydaları haqqında nə düşünürlər? Məktəblərdə bu qadağaların tətbiqi nə dərəcədə doğru və effektlidir?




Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, məktəblərdə qoyulan qadağalar çox əhəmiyyətsizdir. Professor qeyd edib ki, bu, Azərbaycan xalqının arzuladığı təhsil deyil:



"Məktəblərdə qoyulan qadağaları doğru hesab etmirəm. SSRİ-də atom bombası layihəsinin elmi rəhbəri, akademik Yuli Xariton deyirdi ki, elmdə, təhsildə qadağalar olmaz, amma hərbidə olar. Elm-təhsil hərb deyil ki, orada hər şey qadağalarla olsun. Məktəbə ona görə pul ayrılır ki, uşaqlara faydalı, effektli tədris verilsin. Yoxsa qadağan etmək nədir? Çox əhəmiyyətsiz bir şeydir. Bu problem gündəlikdə varsa, kökünü tapıb həll etmək lazımdır. Bunun səbəbini hüquqşünas, iqtisadçı heç vaxt bilməz. Nəyi, necə etmək lazım olduğunu yalnız pedaqoqlar bilər. Əlbəttə ki, məktəbli forması alqışlanası bir hadisədir. Lakin məktəb o qədər yaxşı olmaldır ki, uşaq o formanı geyinəndə məktəbliyəm deyib, fəxr etməlidir".


Ekspertin fikrincə, formanı zorla məktəbliyə geyindirmək, yaxud çıxartmaq doğru deyil:


"Bu, Azərbaycan xalqının arzuladığı təhsil deyil. Ola bilər, kimlərsə bunu arzu edib. Xarici filmlərə nəzər yetirsəz görərsiz ki, məktəblərdə uşaqlar stolun üstünə çıxır. Lakin müəllim onu qadağan etmir, sadəcə, başa salır. Tərbiyə sistemi nədən ötrüdür? Qadağalar qoymaqdansa, məktəbdən qovulmuş tərbiyə sistemini yenidən məktəbə gətirsinlər".



Sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva isə yeni qaydaların tövsiyə xarakteri daşıdığnı vurğulayıb:

”Təhsil müəssisələrində nizam-intizam qaydalarının olması olduqca vacibdir. Lakin bunu qadağa şəklində deyil, tövsiyə xarakterli dilə gətirmək daha düzgün olardı. Çünki məktəb islah koloniyası və çətin tərbiyə olunanlar üçün yer deyil, ona görə də burada nəyisə qadağan etmək düzgün deyil, yalnız tövsiyə etmək lazımdır. Təhsil müəssisələrində hər cür xarakterə malik şagirdlər var. Buraya müxtəlif dünyagörüşü və xarakterə malik ailələrdən gələn şagirdlər də aid edilə bilər. Bu hər zaman olub və olacaq. Hər bir halda nizam-intizamın olması vacibdir, lakin onun qadağa şəklində verilməsi demokratik dəyərlərin təbliğ olunduğu və onun ölkəmiz tərəfindən geniş yayıldığı zamanda qadağalar şəklində edilməsi yolverilməzdir. Bir valıideyn olaraq təhsil sistemində nizamın olmasını çox müsbət qiymətləndirirəm. Bu, tədrisin kefiyyətinə də müsbət təsir edəcək”.



Təhsil eksperti Nadir İsrafilov isə bildirib ki, bu qadağalar nə bu günün, nə də dünənin məsələsidir:


"Bu, uzun illərdən bəri müzakirələrə və polemikalara yol açan, heç də hamı tərəfindən birmənalı qarşılanmayan və bu günədək optimal həllini tapmayan bir problemdir".

Ekspert məktəblərin birində şagirdlərə telefon qadağasının tətbiq olunduğunu xatırladaraq qeyd edib ki, 5 il bundan qabaq şəhərin mərkəzi məktəblərinin birində şagirdlərin cinsi əlaqəyə girməsi, həmin prosesin lentə alınması və məktəbdə yayılması cəmiyyətdə böyük müzakirələrə və tənqidlərə səbəb oldu:

"Bundan bir qədər sonra şəhərin digər məktəbində yeniyetmə qızın açıq-saçıq görüntülərinin yayılması məsələnin əxlaq aspektlərini gündəmə gətirdi. Hər iki insident zamanı görüntülər mobil telefonla lentə alınaraq yayılmışdı. O zaman bunları nəzərə alaraq, məktəblərdə mobil telefonların qadağan olunması bir qədər də aktuallaşdı. "Belə neqativ halların qarşısını almaq üçün telefonlara qadağa qoymaq lazımdırmı" sualı meydana çıxdı. Nə yazıq ki, sualın cavabı bu günə qədər birmənalı olaraq cavablandırılmayıb. Nəticəsi də o olub ki, telefon vasitəsilə video çəkilişlər və səs yazıları bəzən ədədi, bəzən isə həndəsi silsilə ilə artmaqda davam edir".

Ekspert qeyd edib ki, yüksək texnologiyaların inkişafı, qloballaşma telefondan imtinanı mümkünsüz edir, ancaq şagirdlərin məktəbə telefonla gəlməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərir:

"Məktəbdə hərənin əlində bir telefon var, biri oyun oynayır, o biri şəkil çəkir, digəri başqa bir işlə məşğul olur. Telefon qadağası əleydarları isə fərqində deyillər ki, bu, təhsilin səviyyəsinə, onun keyfiyyətinə mənfi təsir göstərir. Ən dəhşətlisi isə odur ki, belə hallar özünü təkcə şagirdlər arasında yox, artıq həm də müəllimlər arasında göstərirməyə başlayıb.

Təhsil rəsmilərimizin mövqeyi isə hələlik bundan ibarətdir ki, bu məsələ məktəblərin daxili nizam-intizam qaydaları ilə tənzimlənir".

Nadir İsrafilov qeyd edib ki, beynəlxalq təhsil sisteminə inteqrasiya edirik, dünya təcrübəsinin müsbət nümunələrindən yararlanmağa çalışırıqsa, bu kimi məsələlərdə də başqa ölkələrin təcrübəsindən yararlana bilərik:

"Dünyanın aparıcı ölkələrində belə bir təcrübə var ki, məktəblərin girişində telefonlar yığışdırılıb bir qutuya qoyulur, dərslər bitəndən sonra isə şagirdlərə qaytarılır. Bunun üçün xüsusi bir vəsaitin ayrılmasına belə ehtiyac yoxdur. Təkzib olunmaz faktdır ki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib.

Bu kimi hallarla bağlı nə qədər müəllim, təhsil müəssisəsi rəhbəri müxtəlif xarakterli cəzalar alıb, dəyişən nə olub? Əksinə, vəziyyət bir qədər də gərginləşib, kütləvi xarakter alıb. Nə qədər ki, biz səbəb deyil, nəticə əsasında qərar verməyə üstünlük verəcəyik, cəmiyyətin qınaq obyektinə çevrilə biləcək vəziyyətlər bir o qədər qaçılmaz olacaq".

Beləliklə, ekspertlər hesab edirlər ki, təhsil qanunvericiliyimizdə təhsil verənlə yanaşı təhsilalanın və onun valideyninin də məsuliyətinin nəzərə alınması ilə bağlı dəyişiklik edilməyəcəksə, müəllim-şagird münasibətlərində istənilən neqativ hala görə təkcə müəllim cəzalanacaq və təhsil prosesinin digər iştirakçıları cəzasız qalacaqsa, bu kimi hallar yenə də davam edəcək. Onların fikrincə, bir çox dünya ölkələrinin təcrübəsində olduğu kimi, valideynin də məsuliyyəti barədə qanunvericilik hazırlanarsa, gələcək nəslin təlim-tərbiyəsində birgə məsuliyyət və cavabdehlik təmin olunar.


Zaur
BakuPost



Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb..


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər