İmişli rayonunda 9 May faşizm üzərində qələbə günü münasibəti ilə keçirilən tədbirdə maraqlı hadisə qeydə alınıb.
Bakupost.az xəbər verir ki, tədbirin keçirildiyi xiyabanda Azərbaycan dövlət bayrağı ilə yanaşı, keçmiş SSRİ bayrağı da dalğalanıb. Üstəlik, “Den Pobedı” (“Qələbə Günü”) sovet mahnısı da səsləndirilib.
Həmin görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bu faktı qınayanlar çoxluq təşkil edir.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan İmişli rayon icra başçısının birinci müavini Mirzə Quliyev bildirib ki, hazırda bayraq qalmaqalı ilə bağlı araşdırma aparılır:
“Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon ağsaqqallar şurasının sədri sancıb. Hazırda bu barədə araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.
Qeyd edək ki, Saleh Səmədov modern.az -a bildirib ki, sözügedən tədbir abidənin açılışı ilə bağlı idi, həmin müharibə də o bayraq altında baş verib:
“Bir dövlət yoxdursa, bayrağı ola bilərmi?! Bu sadəcə olaraq bizim tariximizdir. Burada nə var ki?! Cavan nəsil o bayrağı bilmir, biz isə o bayrağın sədaları altında doğulmuşuq, bayramlarımız da o bayraq altında keçib. Müharibənin rəmzi olaraq biz o bayrağı oraya qoymuşduq. "Georgi lenti" də rəmzdir, ona görə də taxmışdım. Azərbaycan bayrağından uca bayraq yoxdur, o bizim hər zaman başımızın üstündədir. Burada Türkiyə bayrağı da dalğalanır, bəs ona niyə bir söz demirsiniz?! SSRİ bayrağı orada bir neçə saatlıq qaldı və yığışdırıldı. Türkiyə bayrağı isə küçələrdədir. Bir dövlətin içərisində bir bayraq olur. Siz o zaman Türkiyə bayrağına niyə qarışmırsınız?!” - S.Səmədov qeyd edib.