Xəbər verdiyimiz kimi, İmişli rayonunun Sarıxanlı kəndində 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxışı birmənalı qarşılanmayıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Unikal"a Azərbaycanın sabiq təhsil naziri, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının idarə heyətinin üzvü Misir Mərdanov açıqlama verib.
Eks-nazir bildirib ki, Saleh Səmədovun bu addımı səhvdir: "İmişli hara, "Georgi lenti" hara? SSRİ bayrağı ilə çoxdan qurtarmışıq. Vaxtilə Ulu Öndər üçrəngli bayrağımızı qaldırıb bizi ondan azad etmədimi? Bu, tamamilə separatçı və Azərbaycanın bugünkü siyasətinə uyğun gəlməyən bir hərəkətdir. Bunu kim edibsə, çaşıb. Mən belə fikirləşirəm".
Misir Mərdanov Saleh Səmədovun Türkiyə bayrağı ilə bağlı açıqlamasına da münasibət bildirib. O, bu açıqlamaya "qələt edir" deməklə kifayətlənib.