“WhatsApp”, “Tik-tok”, “İnstagram” və “Telegram” vasitəsilə törədilən insan alveri cinayətlərinin sayı açıqlanıb. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına görə, bu platformalardan istifadə etməklə keçən il törədilmiş 44 müvafiq fakt aşkarlanıb. Bu, 2023-cü illə müqayisədə 14 fakt azdır.
Maraqlıdır, insan alverçiləri bu platformalar üzərindən insanları necə istismara cəlb edirlər?
Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasov
Bakupost.az -a açıqlamasında bildirib ki, son illərdə bu platformalar cinayətkar şəbəkələrin əsas diqqət mərkəzinə çevrilib:
“İnsan alveri məqsədilə fəaliyyət göstərən şəxslər bu platformalarda saxta iş elanları, xaricdə yaxşı maaş vəd edən fürsətlər və ya modellik, film sektoru kimi cəlbedici sahələrdə təkliflərlə insanlara yaxınlaşırlar. Xüsusilə psixoloji və sosial baxımdan daha həssas olan gənclər və qadınlar hədəf seçilir. Onlara əvvəlcə etimad yaradılır, sonra isə istismara yönəlik məkanlara cəlb edilirlər. Bəzi hallarda bu şəxslər əvvəlcədən şəxsi məlumat və kompromat toplayaraq təzyiq vasitəsi kimi də istifadə edirlər".
Ekspertin sözlərinə görə, belə halların qarşısını almaq üçün müvafiq orqanlar müasir texnologiyalardan istifadə etməlidirlər:
“Buraya süni intellekt və maşın öyrənməsi texnologiyalarına əsaslanan analiz sistemləri daxildir. Bu sistemlər ictimai platformalarda müəyyən açar sözlər, şübhəli əlaqələr və davranış nümunələrini izləyə bilər. Həmçinin “natural language processing” (NLP) vasitəsilə mesajların və paylaşımların semantik analizini aparmaqla, potensial təhlükəli fəaliyyətləri erkən mərhələdə müəyyən etmək mümkündür. Eyni zamanda, sosial şəbəkələrlə əməkdaşlıq çərçivəsində məlumat mübadiləsinin gücləndirilməsi və şikayət mexanizmlərinin daha əlçatan edilməsi zəruridir.”
E.Abbasov əlavə edib ki, texnoloji vasitələrlə yanaşı, vətəndaşların, xüsusilə gənclərin rəqəmsal təhlükəsizlik və insan alveri riskləri barədə maarifləndirilməsi vacibdir:
“Bu məqsədlə məktəblərdə və universitetlərdə xüsusi təlimlər, ictimai kampaniyalar və video çarxlar təşkil olunmalıdır. Hüquqi baxımdan isə, bu platformalar vasitəsilə baş verən cinayətlərin araşdırılması üçün müvafiq qanunvericilik təkmilləşdirilməli və beynəlxalq əməkdaşlıq gücləndirilməlidir. Eyni zamanda, kiber-patrul və rəqəmsal monitorinq qrupları vasitəsilə onlayn platformalarda proaktiv nəzarət sistemləri qurulmalıdır.”
Lalə Novruz,
BakuPost