Mayın 10-da Prezident İlham Əliyevin Ağdama səfəri Qarabağın dirçəliş yolunda növbəti mühüm addım kimi tarixə yazıldı. Dəmir Yolu və Avtovağzal Kompleksi, eləcə də Muğam Mərkəzinin açılışı Ağdamın sosial-iqtisadi və mədəni həyatına yeni nəfəs gətirdi. Kəngərli kəndində icra, təhsil və uşaq müəssisələrinin istifadəyə verilməsi Böyük Qayıdışın real nəticəsi kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin Ağdama səfəri təkcə simvolik bir tarixə təsadüf etmədi, həm də işğaldan azad olunan ərazilərdə dövlətin sistemli və mərhələli şəkildə həyata keçirdiyi bərpa prosesinin davamlılığını təsdiqlədi. Bu səfər, 30 ilə yaxın bir müddətdə dağılmış, talan edilmiş bölgələrin necə çevik şəkildə dirçəldildiyini, Azərbaycanın öz ərazi bütövlüyü üzərində suverenliyini praktiki addımlarla necə möhkəmləndirdiyini bir daha nümayiş etdirdi.
İnfrastruktur layihələri: Dayanıqlı inkişafın əsası
Səfər çərçivəsində dəmir yolu və avtovağzal kompleksinin istifadəyə verilməsi Ağdamın gələcək iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Bu layihələr regionun nəqliyyat əlaqələrinin bərpası və inteqrasiyası baxımından mühüm rol oynayacaq. Görülən işlər təkcə yerli əhalinin rahatlığını təmin etməklə kifayətlənmir, həm də Qarabağın Azərbaycanın ümumi iqtisadi sisteminə inteqrasiya prosesini sürətləndirir.
Milli Məclisin deputatı, yazıçı Aqil Abbas deyir ki, Ağdamda hər şey yüksək zövqlə hazırlanıb:
"Yollar çəkilir, infrastruktur qurulur. 6-7 yaşayış kompleksi hazırdır, 2 massiv isə son mərhələdədir. Artıq Sarıcalı və Kəngərli kəndlərində yaşayış var. Yaxın vaxtlarda Xıdırlı kəndinə də qayıdış olacaq. Keçmiş məcburi köçkünlərin Ağdam şəhərinə qayışı isə ilin sonuna nəzərdə tutulub. Səfər zamanı prezident İlham Əliyevin sakinlərlə görüşü çox əhəmiyyətli idi. Ağdamlılar yaradılan şəraitə görə, dövlət başçısına təşəkkür etdilər, ürək sözlərini dedilər”.
Mədəni dirçəliş: Muğam Mərkəzi və milli kimlik
Muğam Mərkəzinin açılışı isə Qarabağın mədəni irsinin bərpasına verilən önəmi əks etdirir. Ağdam bir zamanlar muğamın beşiyi hesab olunurdu və bu mərkəzin açılması mədəni həyatın yenidən canlandırılmasına ciddi bir töhfədir. Balaca xanəndələrin ifası, xüsusilə də “Qarabağ şikəstəsi”nin səsləndirilməsi, bu torpaqlarda yaşanan ağrının, qürurun və qələbənin səsini daşıyırdı. Prezidentin bu anlarda kövrəlməsi və ayağa qalxaraq alqışlaması, sadəcə bir siyasi jest deyil, dərin milli-mənəvi bağlılığın təzahürü idi.
Xalq artisti Mənsum İbrahimov Ağdamda Muğam Mərkəzinin açılışını böyük mədəniyyət hadisəsi hedsab edir:
“Bu muğamın öz vətəninə qayıdışıdır. Biz bunu 30 il həsrətlə gözləmişik. Ağdam Muğam Mərkəzi həm də ölkədə ən böyük musiqi mərkəzi oldu. Mərkəzdə amfiteatr, geniş zal və orkestr üçün xüsusi çuxur var. Ehtiyac olarsa, operaları nümayiş etdirmək, həmçinin qala konsertlə keçirmək mümkün olacaq. İnşallah, bu yaxınlarda Ağdam şəhərində insanlar məskunlaşacaq. Düşünürəm ki, həmin mərkəzdə böyük tədbirlər, müsabiqələr, festivallar keçirəcəyik. Yəqin ki, IX “Muğam” – Televiziya Müsabiqəsinin bir gününü Ağdam Muğam Mərkəzindən canlı yayımlayacağıq. Mənfur qonşularımız dağıdıb gediblər, amma biz qururuq. Çünki biz qədim mədəniyyətə malik bir xalqıq”.
Sosial obyektlər və Böyük Qayıdışın praktiki təzahürü
Kəngərli kəndində icra, təhsil və uşaq müəssisələrinin istifadəyə verilməsi Böyük Qayıdış proqramının artıq real nəticələr verdiyini göstərir. Bu obyektlər təkcə fiziki binalar deyil, həm də bölgəyə həyatın qaytarılmasının simvollarıdır. Onlar köçkünlərin geri dönüşünü sürətləndirən əsas dayaq nöqtələridir.
Rəmzi tarix və davamlı liderlik xətti
Səfərin Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə təsadüf etməsi isə Azərbaycanın strateji xəttinin dəyişməzliyini və Prezident İlham Əliyevin Ümumilli liderin siyasi irsinə sədaqətini göstərir. Bu, həm də daxili auditoriyaya verilən güclü bir mesajdır: Azərbaycanın hər qarış torpağında suverenlik bərpa olunur və burada müasir həyat yenidən qurulur.
Aysel,
BakuPost
QEYD:Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" mövzusunda hazırlanıb.