İranın İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunan gizli casusluq və terror şəbəkəsinin fəaliyyəti ilə bağlı yeni detallar açıqlanıb.
Bakupost.az SAVASHMEDİA.az-a istinadla xəbər verir ki, bu detalları Böyük Britaniyada fəaliyyət göstərən farsdilli “İran İnternational” nəşri Avropa mənbəsindən əldə edib.
Məlumata görə, şəbəkə bir neçə ölkədə fəaliyyət göstərərək İsrail, yəhudi və Qərb hədəflərinə qarşı kəşfiyyat məlumatları toplama və əməliyyat planlaşdırılması ilə məşğul olub.
Şəbəkəyə rəhbərliyi SEPAH-ın zabiti, “Miqdad Həsəni” kod adı ilə tanınan Əlirza Məhəmmədi edib. Onun əsas vəzifəsi İsrail səfirlikləri, yəhudi icmaları və oradakı tanınmış şəxslər, sinaqoqlar, neft kəmərləri, müxtəlif ölkələrdəki ABŞ hərbi bazaları barədə məlumat toplamaq üçün şəbəkə yaratmaq olub. Əlirza Məhəmmədinin şəbəkəyə cəlb etdiyi agentlər İsrailə və İrana qonşu ölkələrə göndərilərək yuxarıda sadalanan istiqamətlər üzrə məlumat toplayıb sənədləşdirərək Mərkəzə ötürüblər.
Mənbə bildirib ki, Əlirza Məhəmmədinin əsas köməkçi fiquru şəbəkənin fəaliyyətinə nəzarət edən Əlşad Hacıyevdir. Əlşad Hacıyev İrana qonşu ölkələrdən birinin vətəndaşıdır, “Əkrəm Hacızadə” kod adı ilə tanınır. Hacıyev Qum şəhərində yerləşən “Əl-Mustafa” universitetində dini təhsili alıb. Terror ittihamı ilə İnterpol tərəfindən axtarışdadır. Bir müddət əvvəl Hacıyevin İrana qonşu ölkələrdən birində rəhbərlik etdiyi terror qruplaşması zərərsizləşdirilib. Əlşad Hacıyev hazırda İranda gizlənir və İran kəşfiyyatı üçün çalışır. O, 2024-cü ilin aprelində İran televiziyasında yayımlanan “Hilal” verilişində iki dəfə qonaq olub.
Ə.Hacıyevin təhsil aldığı “Əl-Mustafa” universitetinin adı dəfələrlə gizli fəaliyyətlərlə əlaqələndirilib. Məsələn, ABŞ 2020-ci ildə “əl-Mustafa” universitetini SEPAH-ın Qüds Qüvvələri ilə əlaqələrinə görə sanksiya siyahısına daxil edib. Ölkənin Maliyyə Nazirliyi isə bu qurumun xaricdə kəşfiyyat və hərbi fəaliyyətlər üçün kadr topladığını qeyd edib.
Son bir il ərzində SEPAH-ın casus şəbəkəsi tərəfindən Afrika ölkələrində, o cümlədən Seneqal və Uqandada İsrailə qarşı planlaşdırdığı bir neçə əməliyyat zərərsizləşdirilib.
Mənbələrinin “İran İnternational”a verdiyi məlumata görə, SEPAH-ın terror şəbəkəsi ABŞ, İsrail – İran müharibəsi başlamazdan təxminən bir ay əvvəl daha da aktiv çalışmağa başlayıb. Onların həyata keçirməyə çalışdıqları missiyalardan biri də Türkiyənin payına düşüb.
Belə ki, 2026-ci ilin yanvar ayının 29-da Türkiyənin təhlükəsizlik və xüsusi xidmət oqranları İran İslam Respublikasının kəşfiyyat orqanları ilə əlaqəli 6 casusu həbs ediblər. Bu şəbəkəyə İranın iki kəşfiyyat zabiti - Mehdi Yekdehqan və Nəcəf Rüstəmi rəhbərlik edib. Casuslardan biri Türkiyədə yaşayan İran vətəndaşı Əşkan Cəlali olub. Ona verilən vəzifə Türkiyədəki iki şirkət vasitəsilə silahlı və silahsız PUA-ları Şimali və Cənubi Kiprə göndərmək olub.
Bu casus şəbəkəsinin digər vəzifəsi isə Türkiyənin Adana şəhərində yerləşən, ABŞ-yə məxsus İncirlik hərbi hava bazası ilə bağlı kəşfiyyat məlumatı toplamaq və ona qarşı hücum planlaşdırmaq olub.
Məqaləni tərcümə edərəkən diqqətimizi çəkən “İrana qonşu dövlətlərdən birinin vətəndaşı” olduğu vurğulanan, SEPAH agenti “Əlşad Hacıyev” (Əkrəm Hacızadə) oldu. Məsələ ilə bağlı kiçik bir araşdırma apardıq. Məlum oldu ki, Əkrəm Hacızadə kod adlı şəxs Azərbaycan vətəndaşı Hacıyev Elşad Elçin oğludur. Onun adı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2022-ci il noyabr ayının 1-də yaydığı “İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilmişdir” adlı məlumatda öz əksini tapıb. Məlumatda bildirilib ki, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) barəsində 2018-ci ildən məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib. Qeyd olunub ki, İran xüsusi xidmət orqanının nəzarəti altında Azərbaycan vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik də məhz Hacıyev Elşad Elçin oğluna həvalə edilib.
İran mənbələri Elşad Hacıyevi tədqiqatçı, mədəni fəal və “Hüseyniyyun” qrupunun media məsulu kimi təqdim edib. E.Hacızadə qatıldığı proqramlarda Azərbaycan əleyhinə çıxışları ilə seçilib. Məsələn, o iddia edib ki, Bakının yerli əhalisi farsmənşəlidir və bir müddət əvvələ qədər də farsca danışıblar, Azərbaycan isə bu "həqiqəti" ört-basdır etməyə çalışır. Buna sübüt kimi isə Abbasqulu Ağa Bakıxanovun “Gülüstani İrəm” əsərini göstərib:
“Kitabın Azərbaycan dilinə tərcüməsinin 30-cu səhifəsində (farsca orijinalda 18-ci səhifə), qeyd olunur:
...Şamaxı və Qədiyal (indiki Quba) şəhərləri arasında yerləşən mahallar, məsələn, Şirvan zonasında Hovz, Lahıc, Qəşunlu, Qubada Bərmək, Şeşpərə və Aşağı Buduq, yalnız altı türkmən kəndi istisna olmaqla bütün Bakı ərazisinin hamısı tat dilində danışır. Buradan aydın olur ki, onların əsli də farsdır...”