Ru
15:28 / 16 Mart 2023

"Torpaq sənindirsə, 18 il niyə susmusan?" - Qazi ailəsinin pay torpağını ələ keçirdiyi deyilən məmur danışdı

11228
Xəbər veridiyimiz kimi, Saatlı rayonu, Əhmədbəyli kənd sakini Abbas Əsgərov ona məxsus 2,32 hektar pay torpağının kəndin icra nümayəndəsi Samiq Şahmarov tərəfindən mənimsənildiyini bildirib. O, qeyd edib ki, həmin pay torpağını Samiq Şahmarova icarəyə versə də, 19 yanvar 2005-ci ildə saxta akt tərtib edən icra nümayəndəsi guya 1800 manat ödəmək şərti ilə torpağı ondan satın alıb.


Abbas Əsgərov Samiq Şahmarovu dövlət məmuru kimi qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, uzun illər ərzində kənd sakinlərinə ayrılan subsidiyaların bir hissəsini mənimsəməklə dövlətə külli miqdarda ziyan vurmaqda da günahlandırıb.





Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Saatlı rayonu, Əhmədbəyli kənd icra nümayəndəsi Samiq Şahmarov bildirib ki, sözgedən torpaq mübahisəsi bir ildən artıqdır məhkəmə müstəvisində ayırd edilir:


"Torpaq demək olar ki, 18 ildir mənim istifadəmdədir. Abbas Əsgərovun özü, oğlu Bayram Əsgərov və dayısı nəvəsi Bəxtiyar Manafovun iştirakı ilə alqı-satqı məsələsi 18 il bundan əvvəl baş tutub. 1800 manat pul qarşılığında həmin torpaq sahəsi mənə satılıb. Bu gün onu həmin Bayram Əsgərov və Bəxtiyar Manafov da təsdir edir. Sadəcə olaraq, Abbas Əsgərovun qardaşı oğlu ilə bizim aramızda 2021-ci ilin fevral ayından bu yana mübahisəli məsələ yaranıb. Abbas Əsgərov da onun təəssübünü çəkməklə məşğuldur. 18 il keçəndən sonra deyir ki, mən bu torpaq sahəsini sizə satmamışdım, icarəyə vermişdim və bu günə qədər siz mənə heç bir icarə haqqı ödəməmisiz. Bu gün Bayram da, Bəxtiyarda o məsələni təsdiqləyir. 18 il torpaq istifadədə olub və bunun icarə haqqını ödənilməyibsə, hansı halda təkrarən növbəti ildə torpağı icarəyə verərlər? Bu torpağı sən satmamısansa, niyə 18 ildə bir dəfə müraciət etmirsən ki, icarə haqqımı ala bilmirəm?"

İcra nümayəndəsi bildirib ki, 2021-ci ildə onunla Şahin Əsgərov arasında mübahisə yaranıb və hər şey bundan sonra başlayıb:

"O mübahisəni prokuror araşdırıb, öz hüquqi qiymətini verib. Bu qaldırılan pay torpağı məsələsi isə hələ öz təsdiqini tapmayıb. Prokurorun qərarından şikayət veriblər. Məhkəmə prokurorun qərarını qüvvədə saxlayıb. Məhkəmənin qərarından apelyasiyaya şikayət veriblər. Apelyasiya həmin qərarı qüvvədə saxlayıb. Bu məsələdən sonra bu adamlar mənim ünvanıma "cinayətkar məmur" və s.kimi ifadələr işlətdiyi üçün mən onları məhkəməyə vermişəm. Məhkəmə prosesi srağagün başa çatıb. Təzminat tələbim təmin olunub".
Abbas Əskərovun icra nümayəndəsinin saxta akt tərtib etməsi barədə iddiasına gəlincə, Samiq Şahmarov bunu belə izah edib:

"Bizim aramızda yoldaşlıq aktı təmin olunub. O dövrdə notariat xidməti ilə alqı-satqı qaydaları müəyyənləşməmişdi. Ona görə də sadəcə pulu ona verdiyimiz vaxt aktlaşdırdıq ki, filankəslərin iştirakı ilə o torpaq payları mənə satıldı. Mən mentalitet baxımından gedib o akta onun nə qızına, nə yoldaşına qol çəkdirmədim. Özü apardı aktı imzalatmağa. Mən də onunla razılaşdım. Mən sənəd imzalanan vaxt onların yanında olmamışam. Ona görə də bilmərəm, onlar özləri qol çəkib, yoxsa başqasına qol çəkdiriblər. O məsələyə görə mən təkrar ekspertizanın təmin olunmasını tələb etmişəm. Ekspertin özünün iştirakı ilə imza nümunəsi verilsin. Bu məsələyə obyektiv yanaşılsın. Əgər yenə də öz təsdiqini tapmasa, məhkəmə dövlətin adından çıxış etdiyinə görə, nə qərar versə, o qərara da qane olacağıq".


İcra nümayəndəsi qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə deyilənlərə də aydınlıq gətirib. O, subsidiyaları mənimsəməsi ilə bağlı iddiaları də qəbul etmədiyini deyib:


"1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə kolxoz təsərrüfatları islahata getdi. Təbii ki, bizim də təsərrüfatımızda islahat oldu. Bu kənddə yaşadığım üçün mənə də torpaq payı verildi. Ulu Öndərin fərmanında qeyd olunmamışdı ki, kənddə yaşayan dövlət məmurları istisna olmaqla torpaq payı verilsin. Kənddə kim yaşayırdısa, kolxoz təsərrüfatı ümumi əhalinin sayına bərabər şəkildə bölündü. O zaman mənim 26 yaşım vardı. Mən onda icra nümayəndəsi deyildim, kolxozçu idim və Rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət etdim ki, Ulu Öndərimizin məlum fərmanından sonra islahat getdiyi üçün mənim tutduğum vəzifə ixtisara getdi, xahiş edirəm, məni ixtisasım üzrə digər işlə təmin edib. İcra başçısı Hüseyn Əhmədov da sərəncam verdi və mənə 28 hektar torpaq sahəsi ayırdı. Dedi ki, sən kənd təsərrüfatı mütəxəssisisən, bu ildən kənd təssürüfatı islahatı getdiyi, digər iş olmadığı üçün get, fermer təsərrüfatı, iş yeri yarat, kənd təsərrüfatı istehsalı ilə məşğul ol. Mən 1997-ci ildən icra nümayəndəsi təyin olunana, yəni 2007-ci ilə qədər fermer təsərrüfatına rəhbərlik etmişəm. Fermer təsərrüfatından birbaşa yaralananlar 8 ailə, dolayı faydalananlar isə 50 ailə olub. Pambıqçılıq, heyvandarlıq və s. işlərlə məşğul olmuşam. Mənim fəaliyyətimi rayondakı rəhbərlər yüksək dəyərləndirib və yaşadığım ərazidə icra nümayəndəsi təyin ediblər. O zamandan etibarən daxili protokolla təsərrüfatın idarə olunmasını ailəmin digər üzvü oğlum Kənan Şahmarovun adına keçirdim. Təsərrüfatın idarə olunması bilavasitə onun ixtiyarında olub. Mənim ailəmin fermer təsərrüfatı olub, özüm evin tək övladı olmuşam. Tək varis olduğumdan atama təssərrüfat genişləndikcə digər torpaq sahələrini mənim adıma sənədləşdirib. Çıxarışlar mənim adıma olduğu üçün bəli, subsidiyalar mənim adımda görünür".




Əfsanə Rəcəb
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər