"Ankarada Türk Dövlətləri Təşkilatının növbədənkənar zirvə toplantısı Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirildi. Məqsəd zəlzələyə məruz qalmış Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirmək idi. Bu həmrəylik isə yüksək səviyyədə öz təsdiqini tapdı".
Bunu Bakupost.az -a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Türk Dövlətləri Təşkilatının növbədənkənar zirvə toplantısının yekunları haqda danışarkən deyib.
Onun sözlərinə görə, türkdilli dövlətlərin hamısı, hətta birliyə namizəd olan Türkmənistan qardaş Türkiyədə baş verən fəlakətə çox həssaslıqla yanaşdı və öz dəstəyini əsirgəmədi:
"Təşkilat üzvləri zəlzələnin fəsadlarının aradan qaldırılması və quruculuq işləriilə bağlı Türkiyəyə yaxından kömək göstərilməsi məsələsində ortaq mövqeyə gəldilər. Türkiyədəki seçkilərlə bağlı da məsələ müzakirə edildi. Türk Dövlətləri Təşkilatının sammiti Ərdoğanın namizədliyini yekdilliklə müdafiə etdi. Bu bizim üçün əhəmiyyətli hadisədir. Eyni zamanda toplantıda Ərdoğanın Nobel mükafatına namizədliyinin irəli sürülməsi barədə təklif də irəli sürüldü".
Qabil Hüseynli bildirib ki, Türk Dövlətləri Təşkilatı yalnız qlobal problemlər deyil, regional problemlərlə də ciddi məşğul olur:
"Fövqaladə zirvə toplantısı göstərdi ki, Türk Dövlətləri Təşkilatı formalaşmış bir təşkilata çevrilib. Bu qurum bundan sonra da beynəlxalq münasibətlərdə fəal rol oynamaq niyyətindədir. Bu niyyəti həyata keçirmək üçün təşkilatın daha da möhkəmləndirilməsi nəzərdə tutulub. İclasın ən mühüm cəhətlərdən biri o idi ki, türk dövlətləri təbii fəlakətlərlə bağlı yeni mülki müdafiə qurumunun yaradılması haqda qərar qəbul etdilər. Gələcəkdə baş verəcək təbii fəlakətlərin nəticələri ilə mübarizədə işin uğurlu qurulması üçün lazım olan maddi və digər dəstəyin verilməsinin vacibliyi vurğulandı. Diqqət çəkən məqamlardan biri də ondan ibarət idi ki, bu sammitdə həm də türk dövlətlərinin xarici işlər nazirləri də görüşürdülər. Toplantı zamanı Azərbaycanın İrandakı səfirliyinə hücum qətiyyətlə pisləndi. Bu məsələnin günahkarlarının tezliklə aşkar edilərək məsuliyyətə cəlb edilməsi məsələsi də gündəliyə gətirildi. Bir sözlə, Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi, mədəni və digər əlaqələrin inkişafina dinamik rol oynayır. Mühüm qərarlardan biri də təşkilatın 9-cu zirvə toplantısının Qazaxıstanın Türkistan şəhərində keçirilməsi oldu".

Əfsanə Rəcəb
BakuPost