Həm Rusiya, həm də Amerika vətəndaşı olan kurort işçisi Kseniya Karelina Rusiya məhkəməsi tərəfindən 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Karelina dövlətə xəyanətdə təqsirli bilinib.
Rusiyanın Ural vilayətinin Yekaterinburq şəhərində keçirilən qapalı məhkəmə iclasında Kseniya Karelina günahını etiraf edib və 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, Karelina Ukraynada uşaq və qocalara humanitar yardım göstərən Nyu-Yorkda yerləşən Razom for Ukraine xeyriyyə təşkilatına 51,80 dollar pul bağışlayıb. Xeyriyyə təşkilatı isə illərdir Kiyevə hərbi dəstək verdiyini inkar edir.
Məhkəmə bəyan edib ki, Karelina 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynada əməliyyatları başlayanda Ukrayna ordusunun tibbi ləvazimat, avadanlıq və sursat alan təşkilata vəsait köçürüb.
Bildirilir ki, həvəskar balerina olan Karelina Rusiyada anadan olub. 2012-ci ildə ABŞ-a mühacirət edib, orada ameriaklı ilə evlənib və 2021-ci ildə Amerika vətəndaşlığı alıb. O, Los-Ancelesdə spa salonunda çalışıb.
33 yaşlı qadın bu ilin əvvəlində ailəsini ziyarət etmək üçün Yekaterinburqa qayıdıb və daha sonra Rusiya kəşfiyyat xidməti tərəfindən saxlanılıb.
Vasif
BakuPost