İyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü yalnız regional deyil, qlobal arenada da mühüm hadisəyə çevrildi. Xüsusilə görüşün Xankəndi şəhərində keçirilməsi ilə strateji və siyasi baxımdan mühüm mesajlar verildi.
Görüşün ilk dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazisində keçirilməsi faktı beynəlxalq hüququn, ölkəmizin ərazi bütövlüyünün və bölgədə yeni yaranmış reallıqların ECO daxilində tam qəbul edildiyini sübut edir. Bu tədbir həm də Azərbaycanın postmünaqişə dövründə regionda bərpa və reinteqrasiya proseslərini uğurla idarə etdiyini göstərdi.
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında Azərbaycanın regionda dayanıqlı sülh və əməkdaşlıq üçün gördüyü işlər, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki rolu barədə geniş məlumat verdi. Dövlət başçısı qeyd etdi ki, Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan torpaqlarında genişmiqyaslı dağıntılar törədilib, dini və mədəni abidələr məhv edilib, lakin bu gün Azərbaycan həmin ərazilərdə öz gücü və iradəsi ilə quruculuq işləri aparır.
Zirvə görüşünün yekunları barədə danışan
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakupost.az -a açıqlamasında Azərbaycanın beynəlxalq və regional təşkilatlarda aparıcı dövlət olmasına diqqət çəkdi:
“Azərbaycan beynəlxalq və regional təşkilatlara üzv olmaqla həm də onların aparıcı dövləti kimi davranır. Müxtəlif təşəbbüslər, ideyalar irəli sürür və onların həyata keçirilməsi üçün mühüm platformalar yaradır. İndiki mürəkkəb, beynəlxalq münasibətlərdə nizam dəyişikliyi proseslərinin baş verdiyi bir vəziyyətdə Azərbaycanın bu təşəbbüsləri üzv olduğu təşkilatların yenidən təqdimatı kimi görünür və onların funksionallığını artırır.
Hələ 2011-2013-cü illərdən başlayaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi sədrlik etməsi, COP29 tədbirini keçirməsi, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təşəbbüslərlə çıxış etməsi, eyni zamanda bu tədbirlərin səmərəli nəticələri əlbəttə ki, Azərbaycanın fəaliyyətinin cəlbediciliyini artırır.
ECO Zirvə forumunun Xankəndidə keçirilməsi bir neçə mühüm məsələ ilə əlamətdardır: Birincisi, bu təşkilata üzv olan ölkələr hazırkı mürəkkəb şəraitdə yol-kommunikasiya kontekstində iqtisadi əməkdaşlığı yenidən nəzərdən keçirirlər. İkincisi, mümkün potensialın yenidən qiymətləndirilməsi və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi məsələsi var. Zirvə gərüşünün üçüncü və ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, 2023-cü ilin sentyabrın 20-nə qədər bölücü, separatçı, terror yuvası kimi tanınan Xankəndi dünyaya sülh, iqtisadi əməkdaşlıq məkanı kimi yenidən təqdim olundu. Mənə elə gəlir ki, ECO Zirvə toplantısında dünyaya verilən birinci mesaj elə bu oldu.
Əlbəttə ki, liderlərin görüşü, davranışları və qarşılıqlı münasibətləri isə dünyaya verilən ayrıca bir mesaj idi. Çünki bu gün təhlükəsizlik konsepsiyalarını nəzərdən keçirsək, görəcəyik ki, milli təhlükəsizlik konsepsiyaları həm iqtisadi, həm siyasi, həm diplomatik, həm də hərbi-siyasi komponentdən ibarətdir. Belə olan halda, bu davranışlar və görüntülər özü-özlüyündə bu ölkələrin bugünkü münasibətləri və gələcək perspektivlərindən xəbər verir.
Məsələn, liderlərin isti və səmimi davranışları, xüsusən Türkiyə, Azərbaycan və Pakistan qardaşlığına və çox isti, səmimi münasibətlərinə, Xankəndidə İran prezidentinin də onlara qoşulması mənə elə gəlir, heç kəsin diqqətindən yayınmadı. Bu da ayrıca bir hadisə idi. Çünki İran-Azərbaycan münasibətlərinin yaxşı olmasını istəməyən qüvvələr çoxdur. Onların başında da Ermənistan və əlbəttə ki, həm də Rusiya Federasiyası gəlir. Belə olan halda, bu strateji ailəyə İran liderinin isti mesajlarla daxil olması ayrıca bir görüntü yaratdı. Ona görə də bu tədbir mənə elə gəlir ki, sözün əsl mənasında tarixi hadisədir.”
Milli Məclisin deputatı Fatma Yıldırım isə bildirib ki, Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır:

“Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində qurduğu münasibətlər ölkənin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə tutduğu fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Ölkəmiz ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sammitin Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır. Xankəndi uzun illər işğal altında olub və erməni separatizmi qədim şəhərimizi öz yuvasına çevirmişdi. Artıq 2023-cü ildən Xankəndi azaddır. Azadlığına qovuşduqdan sonra şəhər genişmiqyaslı bərpa və quruculuq proseslərinin mərkəzində yer alır. Xankəndidə sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması əhalinin mərhələli şəkildə geri dönüşünü təmin edən əsas amillərdən biridir. Artıq Xankəndi təkcə mühüm yaşayış məntəqəsi deyil, həm də beynəlxalq əməkdaşlıq və fəal regional dialoq məkanına çevrilir. Burada keçirilən yüksək səviyyəli forumlar, iqtisadi konfranslar və işgüzar tədbirlər şəhərin regional əhəmiyyətini və iqtisadi potensialını bir daha ön plana çıxarır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi və təşkilata üzv ölkələrin rəhbər şəxslərinin iştirakı ilə reallaşması olduqca rəmzi xarakter daşıyır. Zirvə görüşündə regionun gələcəyinə dair aparılacaq müzakirələr Azərbaycanın açıq əməkdaşlığa, davamlı inkişafa və qarşılıqlı tərəfdaşlığa əsaslanan mövqeyinin daha bir əyani təzahürüdür.
ECO sammitinin Xankəndi şəhərində keçirilməsi bütün dünyaya verilən mesajdır. Artıq bu torpağın gerçək sahibləri qayıdıblar. Bu möhtəşəm hadisə dostlarımızı sevindirir, düşmənlərimizə isə göz dağıdır. Bütün dünya bilməlidir ki, biz bu torpaqlara əbədi qayıtmışıq”.
Millət vəkili Vüqar Bayramov isə Xankəndi Zirvəsinin iqtisadi perspektivlərini şərh edib:
"570 milyon əhalisi ilə 2 trilyon 610 milyard dollarlıq nominal və 8 trilyon 830 milyard dollarlıq real ümumi daxili məhsula sahib olan İƏT (ECO) artıq regional deyil, qlobal güc mərkəzlərindən hesab olunur. Son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4.0 faizə yaxın olub. 2023-cü ildə isə təşkilata üzv dövlətlərin iqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlik qlobal artımdan daha yüksəkdir.
Xankəndidə İƏT Zirvəsinin təşkil edilməsi regiondakı yeni düzən fonunda ölkəmizin geosiyasi gücünü bir daha təsdiq edir. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığı daha da dərinləşdirir. İƏT-də Azərbaycanın strateji əməkdaşlıq etdiyi ölkələr var. Həmin ölkələrlə əməkdaşlığın daha da dərinləşməsi Azərbaycanın xarici siyasətində prioritet məsələdir.
Bu baxımdan Xankəndidə keçirilən Zirvə görüşü bir yandan təşkilata üzv dövlətlər arasında əlaqələrin dərinləşməsinə, iqtisadi əlaqələrin, eləcə də strateji əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət etdi. Bu, bütövlükdə təşkilata üzv ölkələr arasında əməkdaşlığın güclənməsi üçün imkandır. Bu kontekstdən Azərbaycan beynəlxalq tədbirlərə mütəmadi olaraq ev sahibliyi edir. İƏT sammitinin Azərbaycanda keçirilməsi bütövlükdə təşkilatın işinə töhfə verməklə yanaşı, ölkələr arasında münasibətlərin dərinləşməsinə xidmət edir.”
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün Xankəndi şəhərində təşkili Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun və bölgədə yaratdığı yeni reallıqların parlaq göstəricisidir. Bu hadisə, eyni zamanda, postmünaqişə dövründə Azərbaycanın regionda sülh, sabitlik və əməkdaşlıq gündəminin aparıcı təşəbbüskarı kimi çıxış etdiyini nümayiş etdirir. Xankəndi Zirvəsində səsləndirilən çağırışlar, liderlərin mesajları, qəbul edilən qərarlar bir daha sübut etdi ki, Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, daha geniş coğrafiyanın iqtisadi və siyasi dinamikasını formalaşdıran mühüm aktorlardan biridir.
Aysel,
BakuPost
QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.