Ru
17:21 / 04 Oktyabr 2025

Azdram və Qırğızıstan teatrı arasında Memorandum imzalandı

Azdram və Qırğızıstan teatrı arasında Memorandum imzalandı
Eye

T. Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Qırğızıstan Milli Akademik Dram Teatrının direktoru, Xalq artisti Asılbek Özübekov tərəfindən imzalanıb.

Bakupost.az xəbər verir ki, imzalama mərasimi teatrın səhnəsində - tamaşaçıların iştirakı ilə təntənəli şəkildə həyata keçirilib.

Əvvəlcə Qırğızıstan Milli Akademik Dram Teatrının direktoru Asılbek Özübekov çıxış edib. Direktor qeyd edib ki, iki dost və qardaş ölkənin milli teatrlarının rəsmiləşdirdiyi əməkdaşlıq müqaviləsi mədəniyyət tarixinin vacib hadisəsidir.

Memorandum Qırğızıstanın Milli Akademik Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında səmərəli əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin — rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutub:

"Teatrlarımız arasında imzalanmış bu memorandum çərçivəsində həyata keçirilən tədbirlər hər iki ölkənin teatr həyatında canlanma yaradacaq, Azərbaycan və Qırğızıstan arasında mədəni və dostluq əlaqələrinin inkişafına dəyərli töhfələr verəcək".

Daha sonra Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov çıxış edib. O, qeyd edib ki, rəhbərlik etdiyi teatr Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müəyyən etdiyi yol xəritəsinə uyğun olaraq öz beynəlxalq əlaqələrini genişləndirir:

"Çox şadam ki, teatr tariximizin bu vacib hadisəsi 2009-cu ildə Naxçıvanda Türk Dövlətləri Təşkilatının yaradılmasının 16-cı ildönümünə təsadüf edir. Azərbaycanın beynəlxalq əlaqələri günbəgün böyük uğurla inkişaf edir. Ölkəmizin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara uyğun olaraq, biz də teatr kimi, mədəniyyətin bir istiqaməti olaraq, öz işimizi dövlətimizin atdığı mühüm addımlara uyğun şəkildə qururuq. Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif ölkələrdə təntənəli şəkildə Azərbaycan mədəniyyəti günləri keçirilir. Məhz bu istiqaməti, bu yol xəritəsini əsas tutaraq, əməkdaşlıq əlaqələri qururuq. Növbəti əməkdaşlıq müqavilələri Qazaxıstan və Özbəkistanın milli teatrları ilə imzalanacaq"

Bişkekə rəsmi səfəri çərçivəsində İlham Əsgərov həmçinin Ata-Beyit Milli Tarixi Memorial Kompleksində Çingiz Aytmatovun məzarını və yazıçının ev-muzeyini ziyarət edib, Qırğızıstan-Azərbaycan Dostluq Parkında və Azərbaycanın Qırğızıstandakı səfirliyində olub, səfirliyin müşaviri Zülfüqar Tanarverdi və "Birlik" Azərbaycan diaspora təşkilatının sədri Xansuvar Baxşəliyevlə görüşüb, gələcəkdə teatr sahəsində vacib addımların atılması istiqamətində müzakirələr aparıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar