Xəbər verdiyimiz kimi, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıblar.
Azərbaycanda bir çoxları Yekaterinburqda baş verənləri sıradan bir kriminal hadisə deyil, son vaxtlar Rusiya rəhbərliyinin Azərbaycana artan təzyiqlərinin tərkib hissəsi hesab edirlər.
Maraqlıdır, bu təzyiqlərinin arxasında hansı səbəblər dayanır? Rusya hansı məqsədlərinə nail olmağa çalışır?
Məsələ ilə bağlı
Bakupost.az -a açıqlama verən siyasi ekspert Elçin Xalidbəyli bildirib ki, Rusiyanın bu davranışı Azərbaycana təsir imkanlarının qalmaması ilə bağlıdır:
“Birinci səbəb ondan ibarətdir ki, Azərbaycan müstəqil xarici və daxili siyasət yürüdür və rəsmi Bakının siyasətində Rusiya faktoru qətiyyən iştirak etmir. Yəni Rusiya Azərbaycana təsir göstərməyi bacarmır. Ona görə də Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək niyyətində olan Rusiya Azərbaycana Rusiyada yaşayan azərbaycanlı miqrantlar üzərindən təzyiq göstərməyə çalışır. Moskvanın artıq Azərbaycanda hər hansı təsir mexanizmi qalmayıb. Sonuncu təsir mexanizmi Qarabağ bölgəsindəki sülhməramlı qüvvələr idi, onlar da çıxarıldılar.
Azərbaycanın ərazi bütövlüyü təmin olunub, enerji təhlükəsizliyini, öz iqtisadi və ticarət münasibətlərini Qərblə, Asiya ölkələri ilə, Çinlə bütün istiqamətlər üzrə təmin edib. Məhz buna görə Rusiya öz daxilindəki mexanizmləri işə salıb - azərbaycanlılara, Azərbaycan diasporuna hücumlar etməklə təzyiq göstərməyə çalışır. Ancaq bütün bunlar Azərbaycanı Rusiyadan daha da uzaqlaşdırır”.
Ekspert bildirib ki, rəsmi Bakının verdiyi sərt reaksiya Kreml üçün gözlənilməz oldu:
“Artıq Kreml də anladı ki, Azərbaycan artıq əvvəlki kimi zəif bir dövlət deyil. Rusiya onun mövqeyini təzyiqlərlə müəyyənləşdirə bilməz. Artıq 30 il əvvəlki dövr deyil. Azərbaycan güclü orduya və güclü iqtisadiyyata malik, beynəlxalq əlaqələri olan, qlobal məkanda nüfuzu yüksək səviyyəyə qalxmış bir dövlətdir və onunla təzyiq dili ilə danışmaq mümkün deyil. Kremlı qıcıqlandıran məsələ və azərbaycanlılara təzyiq göstərilməsinin səbəbi də Azərbaycanın Rusiya üçün artıq çoxdan əlçatmaz bir dövlət olması ilə bağlıdır”.
Lalə Novruz,
BakuPost