Məlum olduğu kimi, Zəngəzur dəhlizi məsələsi bir sonraki mərhələdə həll olunmaq üzrə sülh sazişisindən çıxarılıb.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib.
Bu məsələnin sonrakı mərhələdə həlli nəzərdə tutulur. E.Əmirbəyov həmçinin sülh müqaviləsinin imzalanmasına Bakının əsas əngəl saydığı məsələni bir daha səsləndirib - Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Zəngəzur dəhlizi mövzusunun hələlik arxa plana keçirilməsi doğru qərardır. Çünki Azərbaycan üçün hal-hazırda vacib olan sülh sazişinin imzalanmasıdır. Sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar da sülh sazişi mətninin xaricində həyata keçirilir. Çünki bu proses illərlə davam edə bilər, biz isə gözləyə bilmərik:
“Azərbaycan II Qarabağ müharibəsindən sonra bu mövzunu gündəmə gətirdi və dəhlizin açılması üçün kifayət qədər səy göstərdi. Lakin Ermənistan tərəfi müsbət yanaşma göstərmədi və hələ də dəhliz məsələsinə əvvəlki kimi yanaşmaqda davam edir. Danışıqların uzun müddət davam edəcəyi ehtimalı var. Azərbaycan isə gözləyə bilməz. Zəngəzur dəhlizi olmadan da Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə edir, Türkiyə və Avropa ilə kommunikasiya əlaqələri mövcuddur. Qeyd edim ki, son bir il ərzində yükdaşımalarda xeyli artım müşahidə edilir. Zəngəzur dəhlizi olmadan da, Çin, Mərkəzi Asiyanın yük və məhsullarını, eləcə də öz məhsullarımızı bu xəttlə Türkiyə və Avropaya daşımağa qadirik”.
Politoloq qeyd edib ki, Ermənistan məsələni uzatdıqdan sonra İranla Araz dəhlizi ilə bağlı razılaşma əldə olundu: “Sözügedən dəhliz Güney Azərbaycandan keçir. Bu dəhlizin də inşa və istifadəsi Azərbaycan üçün vacib olacaq. Bu, artıq orta dəhlizin tərkib hissəsi olacaq ikinci dəhlizimizdir.
Politoloq Fərhad Məmmədov bildirib ki, Azərbaycanla Ermənistan arasında əsas ziddiyyət Zəngəzur dəhlizi və onun marşrutu ilə deyil, fəaliyyət rejimi ilə bağlıdır:
“Marşrut olaraq dəhlizi Ermənistan tərəfi qəbul edir, lakin onun fəaliyyət rejimi ilə bağlı ziddiyyətlər var. Azərbaycanın mövqeyi isə budur ki, Zəngəzur dəhlizi olmasa, digər nəqliyyat-kommunikasiya xətləri də açılmayacaq. Belə bir vəziyyətdə qərar qəbul etdik ki, dəhliz məsələsi sülh sazişindən çıxarılsın. Bu, sülh müqaviləsində ziddiyyətlərin sayının azaldılmasına gətirib çıxaran məqamdır”.
Politoloq Zaur Məmmədovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında ən mübahisəli məqamlardan ikincisi məhz Zəngəzur dəhlizi ilə bağlı idi. Məsələni qəlizləşdirən amillərdən biri bu yolla bağlı regional və beynəlxalq aktorların bir-birinə zidd yanaşmaları idi:
"Qərb Zəngəzur və açılması nəzərdə tutulan digər yollarda nəzarətin beynəlxalq şirkətin öhdəliyinə verilməsini təklif edib. Bir neçə ay əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu təklifi tərəflərə təqdim edib. ABŞ-də keçirilən XİN rəhbərləri arasında görüşdə də məsələ müzakirə olunub. Rusiya isə Üçtərəfli Bəyanatda göstərildiyi kimi, yola özü tərəfindən yola nəzarət edilməsini istəyir. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Bakıda “kommunikasiya xətlərinə Qərbi buraxmaq olmaz” kimi ismarışları Moskvanın narahatlığından xəbər verir. Öz növbəsində, İran heç bir halda Zəngəzur dəhlizinin açılmasının tərəfdarı deyil. Beləcə, hazırda beynəlxalq şəraitin onsuz da gərgin olmasını nəzərə alsaq, sülh müqaviləsi ilə bağlı danışıqlarda müzakirə edilən mövzulardan nəqliyyat məsələsinin çıxarılması tam başadüşüləndir. Azərbaycanın Qərbə və Şərqə çıxışı var, ölkəmiz uğurlu şəkildə kommunikasiya-nəqliyyat qovşağı kimi qlobal layihələri davamlı şəkildə həyata keçirir. Ermənistanın isə hələ də Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olaraq qalır. Hazırda Bakı və İrəvan arasında danışıqlarda ən böyük mane Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarıdır. Paşinyan bu yükü cəmiyyətə ötürməli və erməni xalqı gələcəyi ilə bağlı qərarını verməlidir”.
Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə məhz bu bəndlə bağlı fikir ayrılıqları var idi:
"Azərbaycan jest edərək sülhdə daha maraqlı tərəf olduğunu bir daha ortaya qoydu. Ermənistan tərəfi rəsmi açıqlama verərək Azərbaycanla bu məsəldə razılıq əldə edildiyini vurğuladı. Yaxın perspektivdə sülh müqaviləsinin bağlanması mümkün ola bilər. Prezident İlham Əliyev Cənubi Qafqazda maksimum sülhün əldə edilməsi istiqamətində mühüm addımlar atır. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına da razılıq verib. Onun texniki məsələləri müzakirə predmeti olaraq qalır”.
Politoloq Cümşüd Nuriyevin dediyinə görə, sözügedən bəndin sülh müqaviləsindən çıxarılmasının Azərbaycan üçün müsbət tərəfi var:
“İndiyə qədər müəyyən Qərb dövlətləri, xüsusilə, Fransa Ermənistanı sülh müqaviləsini bağlamamaq üçün təhdid edirdi. İran da bu işin içində idi. O, tez-tez Zəngəzur dəhlizi ilə bağlı bəyanatlar səsləndirirdi. Ermənistana sülh müqaviləsini bağlamamaq üçün hədə-qorxu gəlirdi. Bu, onlara da dərs olacaq. Sülh müqaviləsində hansı bəndlərin olması haqda heç kəsdə dəqiq məlumat yoxdur. Bu hələ də konfidensialdır. Ratikifasiya olunandan sonra yekun sülh sazişi cəmiyyətə təqdim olunacaq. Gələcəkdə Azərbaycan və Ermənistan kommunikasiyaların açılması ilə bağlı razılaşacaqlar”.
Sevinc,
BakuPost
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.