“Xameneinin müşaviri Vilayəti Ermənistanın Tehrandakı səfəri ilə görüşdə Zəngəzur dəhlizinə qarşı anti-mövqeyi yenidən təkrarlayıb. Bildirib ki, “Tramp marşrutu” əslində Zəngəzur dəhlizi ilə eynidir və Tehran buna qarşıdır”.
Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı köhnə mövqeyi xarici işlər naziri Abbas Əraqçının Bakı səfərindən sonra yenidən gündəmə gətirməsi İranın siyasi elitasındakı ziddiyyətlərdən qaynaqlanır”.
Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun fikrincə, Pezeşkian administrasiyası Zəngəzur dəhlizini İrana qarşı iddia edildiyi kimi təhlükə olaraq görmür:
“ Əraqçının səfəri də regiondakı mövcud şərtlərdə - tranzit layihələri və siyasi-təhlükəsizlik arxitekturasında İranın maraqlarının nəzərə alınması ətrafında Azərbaycanla müzakirələr aparmağa hesablanmışdı. Bu səfər həm də İranın mövcud administrasiyasının mühafizəkarlara qarşı mövqeyinin gücləndirilməsi məqsədi daşıyırdı: görünür, mühafizəkarların Azərbaycan və Zəngəzur dəhlizi haqda yaratdıqları süni qorxunu qəbul etməyən Pezeşkian İranın maraqlarına qarşı təhlükənin olmadığını yenidən təsdiq etmək, bununla arqumentlərini gücləndirmək ehtiyacı duyub;
Vilayətinin Ermənistan səfəri ilə görüşü isə Əraqçının Bakı səfərinə qarşı demarş kimi görünür. İstisna deyil ki, erməni səfirlə görüş təşəbbüsü də Xameneinin müşavirindən gəlib, bununla həm Zəngəzur dəhlizinə qarşı mövqeyi yenidən gündəmə gətirir, həm də Pezeşkian komandasına mesaj verirlər. Hərçənd, rəsmi İrəvan da artıq mühafizəkarların mövqeyini bölüşmür. Ermənistan səfirliyinin görüşlə bağlı məlumatda Vilayətinin Zəngəzur dəhlizi haqda fikirlərinə yer verməməsi də bunu təsdiq edən detallardandır”.
Şərhçi bildirib ki, mühafizəkarların hadisələrin inkişafına yön vermək üçün müəyyən cəhdlər edəcəyi mümkündür:
“- İranın rəsmi mövqeyini bütövləşdirmək məqsədilə daxildə Pezeşkian administrasiyasına təzyiqlərin artırılması;
- İran-Azərbaycan münasibətlərində normallaşma prosesini pozmağa hesablanmış addımların atılması;
- Ermənistanla təmasları sıxlaşdıraraq, rəsmi İrəvanın mövqeyinə təsirin edilməsi;
- Zəngəzur dəhlizinə qarşı Rusiya ilə birlikdə hərəkətin edilməsi; “
A.Nərimanlı qeyd edib ki, zəif görünən bu cəhdlərin nəticə verməsi ehtimalı da azdır:
“Ümumiyyətlə, İranın Zəngəzur dəhlizi layihəsini dayandırmaq imkanları məhduddur.
1. Daha öncə dəhlizə qarşı Tehranla eyni cəbhədən çıxış edən Paşinyan hakimiyyətinin mövqeyi 180 dərəcə dəyişib;
2. İranın qarşısında artıq Azərbaycan və Ermənistan yox, ABŞ var;
3. Ukraynada istədiyini almağa çalışan Rusiya Cənubi Qafqazda ABŞ-ın planlarını nəzərə alacaq: hətta Vaşinqton-Moskva anlaşmaları baş tutmasa belə Kremlin prosesə təsir rıçaqları əvvəlki qədər güclü deyil”.
Lalə, BakuPost