Ru
12:53 / 17 Oktyabr 2025

Ramiz Mehdiyevə dövlətə xəyanət ittihamı – Oğlu vəzifədə qala bilərmi?

Ramiz Mehdiyevə dövlətə xəyanət ittihamı – Oğlu vəzifədə qala bilərmi?
Eye

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər və dövlətə xəyanətdə ittiham olunaraq ev dustağı edilməsi xəbəri ölkədə ciddi rezonans doğurub. Kifayət qədər ciddi və ağır olan bu ittihamlar fonunda belə bir sual da gündəmə gəlib:

Dövlətə xəyanətdə ittiham olunan şəxsin övladı yüksək vəzifədə qala bilərmi?

Təbii ki, söhbət Ramiz Mehdiyevin oğlu, Fövqəladə Hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevdən gedir. Hazırda atası dövlətə qarşı yönələn cinayətlərdə ittiham olunsa da, Teymur Mehdiyev hələ də öz postunda qalmaqdadır.

Qanun nə deyir?

Bəs ataya qarşı ağır ittihamların irəli sürüldüyü və istintaqın hələ davam etdiyi halda oğulun dövlət idarəetmə aparatında mühüm vəzifə tutması haqda qanunvericilik nə deyir?

Mövcud qanunvericiliyə əsasən, valideynin cinayət məsuliyyətinə cəlb olunması övladın vəzifə tutmasına hüquqi qadağa yaratmır. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 4.1.9 maddəsində açıq şəkildə qeyd olunur ki, dövlət qulluğuna qəbul zamanı ailə vəziyyətinə və qohumluğa görə ayrı-seçkilik yolverilməzdir.

Həmçinin qanunun 20-ci maddəsində dövlət qulluğuna qəbul və ya vəzifədə qalmağa məhdudiyyətlər sadalanır. Lakin bu məhdudiyyətlər sırasında “valideynin məhkumluğu” və ya “ailə üzvünün cinayət məsuliyyəti” yoxdur.

Digər tərəfdən, “Etik davranış qaydaları haqqında” Qanun dövlət qulluqçusuna maraqlar toqquşmasından çəkinməyi, şəxsi və ailə maraqlarını xidməti qərarlara təsir etdirməməyi tapşırır. Bu, yalnız etik məsuliyyətdir, hüquqi qadağa deyil.

Dövlətə xəyanət ittihamı kimə şamil olunur?

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi “dövlətə xəyanət” anlayışını tənzimləyir. Maddə yalnız cinayəti törədən şəxsə tətbiq edilir – onun ailə üzvləri, övladları və yaxın qohumları bu cinayət məsuliyyətinə cəlb edilmir və onların hüquqları məhdudlaşdırıla bilməz.

Yəni, Ramiz Mehdiyevin istintaqa cəlb olunması və ya məhkəmə qərarı çıxarılması belə, onun oğlunun nazir müavini kimi fəaliyyətini avtomatik olaraq qanunsuz etmir.

Siyasi və etik tərəflər

Bununla belə, məsələnin ictimai və siyasi tərəfi ayrıca qiymətləndirilir. Dövlət qulluğunda şəffaflıq və reputasiya məsələləri ön plandadır. Cəmiyyətin gözündə bu kimi təyinatlar “nepotizm” (qohumbazlıq) ittihamlarına səbəb ola bilər.

Ekspertlərin fikrincə, bu vəziyyətdə qərar sırf hüquqi deyil, həm də siyasi-etik xarakter daşıyır. Yəni, Teymur Mehdiyevin vəzifədə qalması və ya uzaqlaşdırılması qanunun deyil, dövlətin reputasiya siyasətinin nəticəsi ola bilər.

Beləliklə, hazırkı anda hüquqi baxımdan Ramiz Mehdiyevin oğlu vəzifədən azad edilməyə bilər. Amma etik və ictimai baxımdan, bu, cəmiyyətin dövlət idarəçiliyinə inamına təsir edən mühüm nüansdır.

Hazırda istintaq prosesi davam edir və yekun qərar məhkəmə hökmündən sonra veriləcək.

Elnur,
BakuPost

Şərhlər
  • Maşallah Mirzəyev

    Nə üçün oğlunun vəzifədə qalıb-qalmaması yalnız Dövlətə xəyanət maddəsi ilə analiz edilir? Bəs digər maddələr, hakimiyyəti zorla ələ keçirmə və saxlama maddəsi?

  • Hafiz Aydınlı (Б.Дж, B.J.)

    Beynəlxalq Aviasiya qəzalarının tədqiqat qaydasına uyğun və *Vesti Baku* yayımına görə *Azal* təyyarəsinin qəzasının istintağı (yayıma görə artıq liderlərə də məlum) təşkilatçıları aşkarlayacaq? Tarixən son Siyasi-Hüquqi hakimiyyətlə müasir geniş-çevik-elektron-kiber texnoloji da operativ-dəqiq araşdırmaları imkanları olsa da, şübhəli hadisənin vəhşi-hərbi-siyasi ehtimalını sanki, baş cinayətkara görə ciddi mühakimə bir yana, heç mülahizə şansına buraxılmır? Qarakənd üzərində Azərbaycan hökumətinin *Barışıq Vertolyotu*nun vurulma, 1987-1991ci illərdə SSRİni özəl? *QƏRB*ə təslim etmiş Varis-Kremlin NATO və *Qərb*ə iddialı Ukrayna müharibəsi, eləcə 11967ci ildən davam edən Yaxın Şərq müharibəsinin birbaşa təşəbbüskar-cinayətkarları, ya tərəfdaşları tam aşkar-məlum deyilmi? Heç olmazsa, azad mətbuat-media əksəri də geniş-kütləvi acı-gerçək cinayətlərin ədalətli mühakimədən qaçırılib-gizlədilməsinə şans saxlamasınlar. AvtomatSilah, ağır Top, Raket-nüvə qurğuları doldurulub-sazlanırsa, cinayət hazırdır, yalnız tətiyi, düyməni basmaq qalır? Cinayətkardan ardıcıl-növbəli tərksilah və siyasətin yeganə aləti hüquqi diplomatiya üzrə çalışmalı?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar