Bu gün Azərbaycan Dil Qurumunun təşkilatçılığı ilə "Qanunlarımızın və kargüzarlıq sənədlərinin dili" mövzusunda elmi müzakirə keçirilib.
Bakupost.az xəbər verir ki, millət vəkilləri, hüquqşünaslar, alimlərin iştirak etdiyi müzakirədə ilk olaraq millət vəkili, Azərbaycan Dil Qurumunun sədri Sabir Rüstəmxanlı geniş məruzə ilə çıxış edib.
Çıxışında kürəsəlləşmə dövründə milli atributların arxa plana keçdiyini bildirən S.Rüstəmxanlı bu prosesdə ana dilinin daha çox zərər gördüyünü vurğulayıb. Bir çox inkişaf etmiş ölkələrdə dövlət dilinin qorunmasına məsul qurumların olduğunu deyən millət vəkili ölkəmizdə də bu sahəylə bağlı dövlət institutlarının işinin yetərli olmadığını diqqətə çatdırıb:
"Nəsrimizin və poeziyamızın dilində milli təmizlik qorunsa da, təəssüf ki, qanunlarımızda bu sahədə böyük boşluqlar var. Qanunlarımız vasitəsilə dilimizə keçən xeyli yabançı sözlər var ki, onları ifadə etməyin çətinliyi bir yana, həm də bu sözlərin dilimizdə qarşılığını tapmaq mümkündür".
Konkret misallar çəkən S.Rüstəmxanlı bu kimi sözlərin beynəlxalq söz adı altında dilimizə salındığını qeyd edib:
"Əslində "beynəlxalq söz" deyə bir anlayış yoxdur. Bu adla xalqlar öz dilini və mentalitetini başqa xalqlara diktə edir. Güclü xalqlar bunun qarşısını alır və yeni anlayışları öz dilində ifadə edir".
Bəzi dövlət qurumlarının, qanunların adlarında belə Azərbaycan dilinin qanunlarının pozulduğunu deyən S.Rüstəmxanlı rəsmi sənədləşmələrdə və xarici terminlərdə ortaq türk dilinin imkanlarından istifadənin vacibliyini diqqətə çatdırdı.
Daha sonra çıxış edən xalq yazıçısı Seyran Səxavət Azərbaycan dilinin reanimasiya vəziyyətində olduğunu, bu durumdan çıxmaq üçün aydınların, hər bir vətəndaşın can yandırmasının vacibliyini bildirdi:
"Dilimizdəki problemlərin əsas səbəbkarı televiziya və mətbuatdır. Bu gün dilimizin təmizliyini təmin etməklə bərabər onun kirlənməsinin də qarşısı alınmalıdır".
Professor Nəsib Nəsibli çıxışında Azərbaycan dilinin işlənmə arealının tarix boyu ən çox bu gün genişləndiyini dedi. Bununla bərabər kargüzarlıq və terminlər sahəsində ciddi problemlər olduğunu qeyd edən N.Nəsibli bu məsələnin həm də siyasi mahiyyət kəsb etdiyini və dövlətçilik üçün bu problemlərin aradan qaldırılmasının vacibliyini vurğuladı.
Terminologiya komissiyasının sədr müavini Sayalı Sadıqova Akademiyanın müvafiq strukturlarında dilimizlə, xüsusilə terminlərlə bağlı xeyli iş görüldüyünü, amma bunun da yetərli olmadığını bildirdi. S.Sadıqova eyni zamanda terminlərin milliləşdirilməsi prosesində türk dövlətləri ilə əlaqəli iş aparıldığını qeyd etdi.
Millət vəkili Erkin Qədirli bütün dillərdə alınma sözlərin olduğunu, bundan qaçmağın mümkünsüzlüyünü bildirərək hüquq dili ilə bağlı hüquqşünaslarla dilçilərin hər zaman mübahisələrinin olduğunu dedi:
"Hüquq dili bədii dildən əlbəttə ki, kasaddır, amma bəzən hansısa hüquqi anlayışı dəqiq ifadə etmək üçün mütləq xarici sözlərdən istifadə etməyə məcburuq. Amma bir çox hallarda da öz sözlərimizdən istifadə etmək olar və buna çalışmalıyıq".
Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli alınma sözlər və terminlərə münasibətdə anlayışı ən doğru ifadə edən sözün seçilməsinin doğru olduğunu bildirdi. O qeyd etdi ki, qanunların dilindəki problemlərin əsas səbəbi onların kor-koranə tərcümə olunmasıdır.
Deputat Tahir Kərimli dilimizdəki problemlərin milli kimliklə birbaşa bağlı olduğunu qeyd etdi:
"Bizim dilimizin adı türk dilidir. Bu dilin adını dövlət səviyyəsində özünə qaytarmasaq, dilimizi təmizləyə bilməyəcəyik".
Professor Telman Vəlixanlı tədrisdə müəssisələrində dövlət dilinin üstün tutulmasının, rus və digər xarici dilli məktəblərdə Azərbaycan dilinin tədrisinin vacibliyini bildirdi.
Deputat Kamal Cəfərov qanunvericilik prosesində alınma sözlərdən bəzən heç cür qaçmağın mümkün olmadığını bildirdi və konkret misallar göstərdi. O, parlamentdə qanunların qəbulunda dilimizin təmizliyinin qorunmasının hər zaman diqqətdə saxlandığını bildirdi.
Əməkdar hüquqşünas İkram Kərimov qanunların dilindəki problemi həm də qanun hazırlayan kadrların olmaması ilə əlaqələndirdi:
"Qanunlar tərcüməçilər yox, hüquqşünaslar tərəfindən hazırlanmalıdır".
Sonda millət vəkili, Azərbaycan Dil Qurumunun sədri Sabir Rüstəmxanlı tədbir iştirakçılarına təşəkkür edərək, təkliflərlə bağlı müvafiq qurumlara müraciət ediləcəyini bildirdi.
Vasif
BakuPost