Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək.
"Bakupost" xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, çipsinin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksiz vergisinin tətbiqi təklif olunur.
İqtisadçı ekspert Xalid Kərimli
“Bakupost”a bildirib ki, böyük ehtimalla bu addım sözügedən məhsulun qiymətlərinə də təsir edəcək:
“Çipsilər kilo ilə deyil, qramla satılır. Satılan hər çipsi 100-150 qram arasında olur. Deməli, 100 qrama görə, 10 qəpik, 150 qramlığa görə isə 15 qəpik aksiz vergisi düşür. Yaranmış vəziyyətdə istehsalçılar iki variantdan birini seçə bilərlər. Ya satış həcmləri, rəqabətdən asılı olaraq qiymətləri artıracaqlar, ya da mənfəət marjası azalacaq”.
Həmsöhbətimiz hökumətin bu addıma getməsinin səbəbini də aydınlaşdırdı:
“Hökumət çipsini qeyri-sağlam qida hesab etdiyindən, spirtli içkilər kimi, ona da aksiz vergisi tətbiq edir. Həm də bu yolla büdcəyə əlavə gəlir toplayır. O cümlədən bu yola getməklə düşünür ki, çipsi istehlakını azalda bilər”.
Rüfət Sultan,
BakuPost