ABŞ İranın nüvə proqramı və dondurulmuş aktivləri ilə bağlı qarşılıqlı güzəştləri nəzərdə tutan müvəqqəti razılaşma layihəsini təsdiqləyib.
"Bakupost" "Al-Araby Al-Jadeed" nəşrinə istinadən xəbər verir ki, bu barədə Qətər və Pakistan vasitəçilərinə yaxın mənbələr məlumat verib.
Təklif olunan plana əsasən, Tehran nüvə proqramı ilə bağlı müəyyən güzəştlərə getməyə, Vaşinqton isə xarici ölkələrdə dondurulmuş İran aktivlərinin bir hissəsini azad etməyə razılaşacaq. Tərəflərin bu addımları eyni vaxtda elan etməsi nəzərdə tutulur.
Nəşrin məlumatına görə, hazırda tərəflər əldə olunmuş razılaşmanın necə və hansı qaydada rəsmən elan ediləcəyini müzakirə edirlər. İlkin razılaşmanın mərhələli şəkildə həyata keçirilməsi, bundan sonra isə ABŞ və İran arasında danışıqların bərpa olunması planlaşdırılır.
Olmaya artıq İran-ABŞ münasibətlərində “buzlar əriməyə” başlayır?
Siyasi şərhçi Elçin Alıoğlu
“Bakupost”a bildirib ki, o heç də “buzların əriməyə” başladığını düşünmür:
“İranın nüvə proqramının yaradılması, inkişafı və indiki vəziyyəti sadəcə bir amillə bağlıdır. İran hakimiyyəti yəqin edib ki, nüvə silahı onun iqtidarını kənar təsirlər və devrilmədən qorumaq üçün yeganə vasitədir. Tehran həm də görür ki, iki ölkə faktiki olaraq nüvə silahına sahib olsa da, buna görə onlara qarşı heç bir sanksiya tətbiq edilməyib. Bunlar İsrail və Şimali Koreyadır”.
Ekspert qeyd edir ki, belə olan təqdirdə, İrandakı rejim də nüvə silahını özünün təhlükəsizlinin əsas qarantı və təminatçısı hesab edir:
“İran sanksiyalar səbəbindən hərbi-texniki və modern silahlar baxımından nə İsrail, nə də ABŞ ilə rəqabət aparmaq imkanına malik deyil. Ona görə də İran öz müdafiəsini 3 element bazası əsasında formalaşdırıb. Bunlar proksi qüvvələri, daxildə assimetrik müharibəyə hazırlıqdan ibarətdir. Bunlar ballistik raket və pilotsuz uçan aparat istehsalı və Hörmüz boğazını nəzarətdə saxlamaq üçün minalar və pilotsuz qayıqlardır. Üçüncü məsələ isə nüvə məsələsidir. İran nüvə silahı əldə etmək niyyətinin olmadığını bildirir. Amma uranın zənginləşdirmə həddi 60 faizi keçib. Artıq zənginləşdirilmiş uranın miqdarı da 483,4 kiloqramdır. Bütün bunlar imkan verir ki, İranın nüvə doktrinasının nədən ibarət olduğunu anlayaq”.
Rüfət Sultan,
BakuPost