Bakıda fərdi yaşayış evlərinin qiymətində artım torpaq sahələrinin məhdudluğu, şəhərin mərkəzinə tələbatın yüksək olması və söküntü layihələri ilə əlaqəlidir. Xüsusilə mərkəzi ərazilərdə tikinti üçün yararlı torpaq sahələrinin azlığı əmlak bazarında qiymət artımına təsir göstərir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatına görə, 2026-cı ilin oktyabrında Bakıda fərdi yaşayış evlərinin orta qiyməti 13,2 faiz artıb. Rayonlar üzrə artım Səbaildə 22,8, Nizamidə 16,8, Nərimanovda 15,9, Xəzərdə 15,6, Suraxanıda 10,9, Xətai rayonunda isə 9,4 faiz təşkil edib.
Əmlak üzrə ekspert Anar Nəsirov
“Bakupost”a bildirib ki, 2025-ci illə müqayisədə 2026-cı ildə alıcılıq qabiliyyətinin daha aşağı olmasına baxmayaraq, xüsusilə şəhərin mərkəzi hissələrində torpaq sahələrinin və həyət evlərinin qiymətləri yüksəlib. Onun sözlərinə görə, bazarda bütün əmlak növləri eyni səviyyədə bahalaşmasa da, torpaq sahələrində qiymət artımı daha çox nəzərə çarpıb.
Ekspert qeyd edib ki, qiymət artımının əsas səbəblərindən biri Bakıda bina və ticarət obyektlərinin tikintisi üçün yararlı torpaq sahələrinin azlığıdır. Xüsusilə şəhərin mərkəzində tikinti təyinatlı torpaq tapmaq çətinləşib. Bu vəziyyət tikinti şirkətlərini istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaları, həyətləri və bütöv məhəllələri sökərək onların yerində müasir binalar tikməyə yönəldir.
Anar Nəsirovun sözlərinə görə, tikinti şirkətləri bina inşa etmək üçün əlverişli torpaq sahələri tapa bilmədikdə söküntüyə gedən evlərə maraq artır. Bu da həmin evlərin sahiblərinin qiymətləri yüksəltməsinə səbəb olur. Ekspert hesab edir ki, mərkəzi ərazilərdə torpaq sahələrinin məhdudluğu gələcəkdə də söküntü layihələrinin əhəmiyyətini artıracaq.
O bildirib ki, Nərimanov, Nəsimi və Səbail rayonları, həmçinin Nizami metrosunun ətrafı şəhərin mərkəzinə yaxınlığına görə daha çox tələb görən ərazilərdəndir. Sahil metrosu, Dənizkənarı bulvar və Bayraq meydanı ətrafı da əmlak almaq istəyənlər üçün cəlbedici hesab olunur. Bu ərazilərdə parkların, əyləncə mərkəzlərinin, istirahət məkanlarının və dənizkənarı bulvarın yaxın olması həm yerli sakinlərin, həm də xarici vətəndaşların marağını artırır.
Ekspertin fikrincə, Bakıda yaşamaq üçün şəhərə gələn vətəndaşlar və turistlər əsasən mərkəzi ərazilərə üstünlük verirlər. Burada istirahət və əyləncə imkanlarının geniş olması, şəhərin əsas məkanlarına yaxınlıq əmlaka tələbatı artıran amillərdəndir. A.Nəsirov xüsusilə bulvar, Bayraq meydanı və dənizə yaxın mərkəzi ərazilərin seçildiyini vurğulayıb.
O, həmin ərazilərdə kirayə qiymətlərinin də digər yerlərlə müqayisədə yüksək olduğunu bildirib. Ekspertin sözlərinə görə, turistlərin əksəriyyətinin mərkəzə yaxın ərazilərdə kirayə qalmağa üstünlük verməsi burada mənzil və fərdi evlərin kirayəsindən gəlir əldə etməyi daha cəlbedici edir. Buna görə də alıcıların bir qismi əmlakı həm şəxsi yaşayış, həm də investisiya məqsədilə alır. Eyni zamanda, ticarət obyektlərinin kirayəyə verilməsinin də bu ərazilərdə daha əlverişli olması əmlaka marağı artırır.
Anar Nəsirov qeyd edib ki, 2026-cı ildə qiymət artımı yalnız fərdi yaşayış evləri ilə məhdudlaşmayıb. Şəhərin mərkəzinə yaxın ərazilərdə torpaq sahələri ilə yanaşı, yeni və köhnə binalardakı mənzillərin qiymətləri də yüksəlib. Onun sözlərinə görə, bu artım həmin ərazilərdə satışa çıxarılan əmlakın sayının az, alıcı tələbatının isə yüksək olması ilə bağlıdır.
Ekspert xüsusilə çıxarışı olan və ipotekaya yararlı yeni tikili mənzillərin qiymətlərinin 2025-ci illə müqayisədə artdığını bildirib. O, bunu həmin mənzillərin satış təklifinin məhdudluğu və ipoteka ilə ev alanların əsasən çıxarışı olan yeni tikililərə, eləcə də sovet dövründə inşa edilmiş doqquzmərtəbəli binalardakı mənzillərə üstünlük verməsi ilə əlaqələndirib.
A.Nəsirov əlavə edib ki, müqavilə əsasında satılan yeni tikili mənzillərin qiymətləri də yüksəlib. Bununla belə, çıxarışı olan mənzillərlə müqayisədə müqavilə əsasında satılan mənzillər daha aşağı qiymətə təklif olunur.
Ekspert əmlak bazarının tələb və təklif prinsipi ilə işlədiyini xatırladıb. Onun sözlərinə görə, müəyyən əraziyə tələbat artdıqda və satışa çıxarılan əmlakın sayı bu tələbatı ödəmədikdə qiymətlər yüksəlir. Əksinə, təklifin artması və satıcılar arasında rəqabətin güclənməsi qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.
Anar Nəsirov vurğulayıb ki, Bakının mərkəzi hissələrində həm fərdi yaşayış evlərinə, həm torpaq sahələrinə, həm də yeni tikili mənzillərə tələbatın yüksək olması, eyni zamanda satışa çıxarılan əmlakın məhdudluğu qiymət artımının əsas səbəblərindəndir. Şəhərin istirahət məkanlarına, parklara, əyləncə obyektlərinə və dənizkənarı ərazilərə yaxınlıq bu yerlərin cəlbediciliyini artırır və qiymətlərin digər ərazilərlə müqayisədə daha sürətlə yüksəlməsinə şərait yaradır.
Vüsalə Hüseynova,
BakuPost