ABŞ-nin vitse-prezidenti C.D. Vens, İranla müharibəni Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlub olmasının səbəblərindən biri kimi göstərib.
“Bakupost” xəbər verir ki, onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da dünən axşam oxşar bəyanat verib.
Ölkə ilə bağlı ümidli olduğunu deyən vitse-prezident məğlubiyyətə səbəb digər amillər sırasında artan inflyasiyanı və İsraillə münasibətləri də qeyd edib.
Politoloq Zaur Məmmədov
“Bakupost”a bildirib ki, demokratlar partiyasının qalib gəlməsinin əsas səbəbi həqiqətən də əhalinin əksər hissəsinin İranla müharibəni istəməməsidir:
“Müharibənin başlanması fonunda neftin qiymətinin yüksəlməsi və ölkə daxilində mal-məhsulların qiymət artımı da respublikaçıların məğlubiyyətinin əsas amillərindən biridir. Yəni demək istəyir ki, İranla müharibə olmasaydı sosial məsələlər qabarmayacaqdı və nəticə etibarı ilə respublikaçılar aralıq seçkilərdə qalib gələcəkdilər. Bunu Vensdən daha əvvəl Prezident Donld Tramp da açıq şəkildə dilə gətirdi. Bu müraciətlər həm də İsrailə ünvanlanıb. Amma daha çox Amerikanın daxilinə ünvanlanmış müraciətdir”.
Müsahibimizin sözlərinə görə, tək bunlar yox, Amerikanın xarici siyasəti, onun Ukraynaya yanaşması, İran məsələsindəki mövqeyi və yeni müharibə ehtimalı, bütün bunlar kompleks şəkildə prosesə təsir edib:
“Amerika kimi dövlətdə heç zaman icazə verilməyib ki, Prezident öz səlahiyyətlərindən tam olaraq geniş şəkildə istədiyi kimi istifadə etsin. Mütləq şəkildə qanunverici orqanda əks cinahın da mövqeyi güclü olmalı idi. Bununla ABŞ-də hakimiyyət qolları arasında tarazlıq nümayiş etdirilir ki, bu dəfə də eyni amillə üzləşdik”.
Tramp adminstrasiyasının iki ayı var. İstər Ukrayna, istərsə də, İran məsələsində bu iki aydan maksimum istifadə edə bilər. Amma edib-etməyəcəyini zaman göstərəcək. Yanvardan başlayaraq isə vəziyyət dəyişə də bilər”.
Ekspert deyir ki, Vensin etirafı heç də bəzilərinin düşündüyü kimi gələcək seçkilərlə bağlı özünü sığortalamaq deyil:
“O sadəcə məlğubiyyətilərinin səbəbini deyib. Gələcəkdə Trampdan sonra respublikaçıların namizədinin kim olacağını da respublikaçılar özləri seçməlidir. Bu Vens də, Rubio da ola bilər. Bəlkə də hətta üçüncü başqa şəxs olacaq. Amma o da məlumdur ki, Avropaya münasibətdə və daxildə Tramp kimi sərt mövqeyilə seçilən şəxsin hakimiyyətə gəlmək ehtimalı az olacaq”.
Rüfət Sultan,
BakuPost