Ru
11:15 / 24 Noyabr 2021

Azərbaycanda həftədə 5 intihar! - Mütəxəssislər çıxış yollarını göstərir

11381
Son günlər ölkədə intiharların sayının artdığı müşahidə olunur. Nəzər yetirsək, görərik ki, intihar edənlərin əksəriyyəti cavanlardır.

Buna misal olaraq, noyabrın 21-22-sində Naftalanda 1998-ci il təvəllüdlü E.Süleymanov özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihara cəhd edib, Milli Aviasiya Akademiyasının ikinci kurs tələbəsi Əli Əbilov həyatına son qoyub, Qaradağ rayonu, Sahil qəsəbə sakini 14 yaşlı A.Məmmədova özünü yaşadığı binanın doqquzuncu mərtəbəsindən atıb, Ağdaş rayonun Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ü.İsgəndərovun yaşadığı evdə özünü asıb.

Bunlar sadəcə son iki gündə baş verən intiharlardır. Deməli, ölkədə hər gün 3-4 cavan intihar edir.

Bəs insanı hansı hallar özünə qəsd həddinə gətirə bilər? Cəmiyyət bu bəladan necə xilas olmalıdır?


"Bu məsələlərə elmi müdaxilə lazımdır"

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Bakupost.az -a bildirib ki, mürəkkəbləşən, həsaslaşan cəmiyyətdə xüsusi elmi mərkəzlər olmadan, bu proseslərə müsbət istiqamətdə təsir etmək çətindir:

“Hər bir insanın anlayışına 4 mühüm amil təsir edir. Birinci insanın şəxsi keyfiyyətləridir. Yəni hər bir insan doğulanda müəyyən psixoloji vəziyyətdə böyüyür, formalaşır. Bəzi insanlarda isə anadangəlmə intihara meyillilik xüsusiyyətləri olur. Hətta elə insanlara kənardan baxanda çənə quruluşu, yanaqları və alnı ilə müəyyən edə bilirlər ki, bu adamlarda intihara meyillilik başqalarından daha güclü olur.

İkinci amil mühitdir. Mühit elə ola bilər ki, bu xüsusiyyətləri bloklaya, yaxud da onun aktivləşməsinə təsir edə bilər. Üçüncü amil insanın aldığı informasiyalardır. İnformasiyanın məzmununa, intensivliyinə görə insanda intiharla bağlı müəyyən fikirlər yarana bilər. Dördüncü amil isə insanın üstünlük verdiyi dəyərlərdir. Adətən mənəvi dəyərlərə üstünlük verənlər, məsələn, dininə yaxın olan adamlarda intihar baş vermir, inam hissi zəif olanlarda isə bu dərhal baş verə bilir. Bu dörd amil birlikdə insanın davranışına təsir edir. Azərbaycanda bir elmi mərkəz varmı bu dediklərimin əsasında tədqiqat aparsın? Yoxdur.

Bu, yüz illərlə formalaşmış elmin tövsiyəsidir. Hər bir insanın anadangəlmə bir xüsusiyyəti var ki, bu özünü cəmiyyətdə təsdiq etmədir. İnsanlar cəmiyyətdə özünü təsdiq edə bilmədikdə depressiyaya düşürlər. Digər tərəfdən intihara ən güclü təsir edən məqamlardan biri də insanın gələcək haqqında olan düşüncələrdir. İnsan gələcəyə ümidsiz olanda, cəmiyyətdə özünü təsdiq edə bilmədikdə və eyni zamanda həmin şəxsdə anadangəlmə intihar xüsusiyyətləri də varsa, intihar prosesi fəal inkişaf edir. Bu sahədə hər bir cəmiyyətdə, xüsusi elmi mərkəzlərdə tədqiqatlar aparılmalı, insanların xüsusiyyətləri müəyyənləşməlidir”.

Sosioloq əlavə edib ki, əvvəllər intiharla bağlı daha çox şimal zonalarında rast gəlinirdi, lakin indi vəziyyət dəyişib:

“İndi ölkənin dörd bir yanında intiharla bağlı hadisələr baş verir. Eyni zamanda cəmiyyət elə bir dövrə çatıb ki, insanlar çox həssaslaşıb. Mürəkkəbləşən, həsaslaşan cəmiyyətdə xüsusi elmi mərkəzlər olmadan bu proseslərə müsbət istiqamətdə təsir etmək çətindir. Ona görə də cəmiyyəti narahat edən intihar məsələsinə elmi şəkildə müdaxilə etmək lazımdır”.



“Din bizə başa salır ki, qüdrətli və rəhimli Allah var. Hər bir şəraitdə ona arxalanmalıyıq"


Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənlinin fikrincə, həyatı onun çətinlik və problemləri ilə sevmək, onlarla mübarizə aparıb daha da təkmilləşmək, inkişaf etmək insanın əsas məqsədlərindən biri olmalıdır:

“İntihar dünyada olan qlobal bir problemdir. İntihar çox vaxt sosial məsələlərlə bağlı olmur, yəni maddi rifah səviyyəsi çox yüksək olan ölkələrdə də intiharların sayı çoxdur.

Düşünürəm ki, intiharı daha çox psixoloji və mənəvi səbəblərlə əlaqələndirməyimiz düz olar. Gənclərin intihar etməsi isə onlarda həyat haqqında düzgün təsəvvürün olmaması və mənəvi boşluqdan qaynaqlana bilər. Bu, eyni zamanda tərbiyə ilə də bağlıdır. Valideynlər həyat haqqında övladlarını düzgün formalaşdırmağa borcludurlar. Bəzən insanların xəyalları ilə reallıqlar uzlaşmayanda sarsıntı keçirirlər və intihar kimi hallara əl atırlar.

İnsanın varlıq fəlsəfəsi tərbiyə prosesində aşılanmalıdır. Düzdür, çətinliklərlə dolu bir dünyada yaşayırıq. Lakin hər bir insanın yaşayışının bir məqsədi, hədəfi olmalıdır. Dünyanı ideallaşdırmaq, dünya həyatından gözləntilərin həddən artıq çox olması ən ciddi yanlışlıqlardan biridir. Həyatı onun çətinlik və problemləri ilə sevmək, onlarla mübarizə aparıb daha da təkmilləşmək, inkişaf etmək insanın əsas məqsədlərindən biri olmalıdır”.

Hacı Şahin vurğulayıb ki, inanc və imanın bu məsələdə ciddi rolu var:

“İnsan ən çıxılmaz situasiyalarda belə ümidini itirməməlidir. Din bizə başa salır ki, qüdrətli və rəhimli Allah var. Hər bir şəraitdə biz ona arxalanmalıyıq. İstənilən vəziyyətdən çıxış yolu var. Bizim uğursuzluqlarımız bəzən böyük uğurlarımızın müqəddiməsi olur. İnsan bu çətinliklər mərhələsindən keçmədən inkişaf edə bilməz. Hər bir insanın daxilində gizli istedad və potensial var. Dünyada ona görə mövcuduq ki, inkişaf edək, mənəvi baxımdan kamilləşək və bu kamillik yolu çətinliklərdən, sınaqlardan keçir.

Sınaq təkcə yoxsulluq deyil, eyni zamanda zənginlik də sınaqdır. Bir sözlə, sınaq meydanındayıq və bu həyatı müsbət yaşamaq kifayət qədər əsaslarımız var. Ən əsası bizi sevən, qayğı göstərən Allahımız var və Allaha arxalanaraq, sığınaraq həyatın çətinliklərinə sinə gərə bilərik. Təəssüflər olsun ki, əyləncənin daha çox olduğu bir mühitdə düşüncə işığının söndüyü zaman bu kimi hallar daha çox geniş yayılmağa başlayıb.

Bəli, Azərbaycan dünyaya inteqrasiya edir, amma bunun mənfi təsirləri də olur. Bəzən yanlış bir mədəniyyətin təsirinə məruz qalırıq. Bu kimi məsələlərdə cəmiyyətin mənəvi immunitetini təmin etmək üçün dəyərlərimizə bağlanmalıyıq. Bu dəyərlər mücərrəd anlayışlar deyil, həyatda öz praktiki təsdiqini tapa biləcək anlayışlardır. Əgər biz dəyərlərimizlə yaşasaq, həyatdan zövq ala, inkişaf edə bilərik və heç bir vəziyyətdə bədbinliyə qapılmarıq. Quranda bir çox hekayələr var. Məsələn, Hz Yusif haqqında Quranda danışılır ki, quyunun dibində olarkən belə sarsılmadı, Allahdan ümidini itirmədi və Allah onu quyunun dibindən çıxarıb Misirin şahı dərəcəsinə ucaltdı. Burada insanlara mesajlar var ki, ən çıxılmaz vəziyyətlərdə çıxış yolu axtarmaq, ruh düşkünlüyünə düçar olmamamq və ümidini itirməmək lazımdır”.

İlahiyyatçı bildirib ki, insanlarda bu fikri aşılamaq uçun ciddi tədbirlər görmək lazımdı:

“İntellektual səviyyəsi yüksək olan insanlar, ziyalılar, din xadimləri bu proseslərdə iştirak etməlidir. Xatırlayıram ki, cəzaçəkməmə, təhsil müəssisələrində Dini Qurumlar üzrə Dövlət Komitəsilə birgə din xadimləri bu mövzularla bağlı tədbirlər keçirirlər. Həmçinin televiziyalarımızda ailələrə ailə dəyərlərini aşılaya bilən verilişlərin olması, düzgün tərbiyə ilə bağlı maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Kompleks tədbirlər görülməli, yəni dövlət qurumları, bu istiqamətdə addımlar atmalı, cəmiyyət də bu kimi məsələlərdə səfərbər olmalıdır”.

"Bu, özəlliklə azyaşlıların, yeniyetmələrin həyatı üçün böyük təhlükədir"

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qeyd edib ki, intiharı çıxış yolu, şəxsi intiqam sayanlar da var və bu, özəlliklə azyaşlıların, yeniyetmələrin həyatı üçün böyük təhlükədir:

“İlk növbədə intiharın arxasında psixoloji gərginliklər dayanır və daha çox bu proses gənclər arasında geniş vüsət alıb. Buna səbəb kimi ailə bağlılığının zəifliyi, onları dinləyəcək birinin olmaması, ailə münaqişələri və iqtisadi problemlərdir. Eyni zamanda, burada cahillik, təhsildən kənarda qalmaq kimi problemləri də göstərə bilərik. Əlbəttə ki, bu problemlər intiharlara çıxardan səbəblərdəndirlər. İntihar edən şəxs psixi problem yaşaya birinə çerildiyi üçün bu addımı atır. Yəni, onun ruhunun bədənindən ayrılması psixiatrik durumundan xəbər verir.

Həmçinin, ailələrlə bu iş mütəmadi olaraq aparılmadığı müddətcə biz bu halları görəcəyik. Çünki intihara meylli, psixoloji sabitliyi olmayan insanlar kifayət qədərdir. Yaxud, hər-hansı səbəbdən intiharı çıxış yolu, şəxsi intiqam sayanlar da var və bu, özəlliklə azyaşlıların, yeniyetmələrin həyatı üçün böyük təhlükədir. Ona görə də son dərəcə diqqətli olmaq lazımdır”.


"Hökumət özünü kar, kor, lal kimi aparır... "


Ağ Partiyanın sədri Tural Abbaslı məsələyə münasibət bildirərkən vurğulayıb ki, Təhsil Nazirliyi, Dini Qurumlar üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi intihar məsələləri ilə birbaşa məşğul olmalıdır:

“İntiharların kökündə psixoloji sarsıntı, gələcəyə inamsızlıq, ümidsizlik dayanır. Üzücü hal odur ki, intihar edənlərin böyük əksəriyyəti gənclər, hətta yeniyetmələrdir. Bunlar qətiyyən adi hallar deyil. Dövlət buna ciddi yanaşmalıdır. Dünyanın hər yerində intiharların statistikası aparılır və 1000 nəfərə düşən intihar sayına görə xüsusi addımlar atılır. Bizdə təkcə son zamanlar deyil, ilin əvvəlində də intiharların sayı kifayət qədər çox idi. Hətta bu ilin əvvəlində 3-4 qazimiz, tələbələr intihar edib. Bunlarla bağlı həyəcan siqnalı verilməlidir. Bütün bunların hamısı araşdırılmalı və səbəbi ortaya çıxarılmalıdır. İntihar hadisəsi baş vermiş ailələrlə işlər aparılmalı, onların psixoloji, sosial durumu öyrənilməlidir. Çünki intihar fərdlərin yox, bütün cəmiyyətdə olan əsas problemdir. Əgər bu problemlərin həlli yolu axtarılmasa, ağır nəticələrə gətirib çıxarda bilər. Təəssüf ki, dövlət buna adi kriminal və ya sosial hadisə kimi yanaşır. Bu məsələyə psixoloqlar, sosioloqlar və müvafiq dövlət qurumları məsələni araşdırmalıdırlar”.

Tural Abbaslı qeyd edib ki, Azərbaycanda intiharların əksəriyyətinin səbəbi sosial problemə dayanır:

“Çünki insanların əksəriyyətində sosial durum, dolanışıq aşağı səviyyədədir. Bu problem aradan qaldırılmalıdır. Eyni zamanda burada iman boşluğu var. Problem nə olursa-olsun, əgər bir insanda Allaha inam, dini dəyərlərə sayğı varsa, o insanlar intihar etməz. Deməli, bu sahədə də boşluqlar var. İnsanlar mənəvi aspektdən də qidalanmırlar ki, ən azından sosial-məişət problemləri onları pik həddə çatdıranda, bu mənəvi dəyərlərə sığınsınlar və intiharın ağuşuna düşməsinlər. Burada Təhsil Nazirliyi, Dini Qurumlar üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələlərlə birbaşa məşğul olmalıdır. Birgə komissiya və yaxud araşdırma mərkəzi yaradıla bilər. İlin əvvəlində bir ay ərzində 40-a yaxın intihar hadisəsi olub. Həmçinin hazırda gün ərzində 2-3 intijar olur. Yəni bunlar çox böyük rəqəmlərdir. Bununçün həyəcan təbili çalınmalıdır. Hökumət özünü kar,kor, lal kimi aparır. Bu da yanlış siyasətdir.

Digər bir tərəfdən qazilərimizin intiharı isə cəmiyyət olaraq aybımızdır ki, ermənin öldürə bilmədiyi qaziləri, dövlət qurumlarının biganəliyi öldürür və öldürəcək. Əlacsızlığın içinə düşüb boğulan insana bir əl uzadılmalıdır. Qaranlıqda bir işıq görməlidir ki, o işığa tərəf getsin. Təəssüf ki, hökumət əl uzatmaq əvəzinə əksinə hərəkət edir. Dəfələrlə etiraz aksiyaları, özünü yandırmaq istəyən qazilərin şahidi olmuşuq. Lakin bu məsələyə biganə yanaşan aidiyyəti qurumların ucbatında belə intiharlar getdikcə çoxalır. Bir daha demək istəyirəm ki, intiharların çoxu mənəvi boşluq, psixoloji gərginlik, gələcəyə ümidsizlik və sosial problemlərdir. Digər intiharlarla yanaşı Vətən müharibəsi iştirakçılarının intiharları hökumət üçün ikiqat ayıb olmalıdır. Həyəcan təbili çalınmalı, müavafiq dövlət qurumları intiharlarla bağlı hərəkətə keçməlidir”.



"Hər dərdin dərmanı, hər problemin çıxış yolu var. Yetər ki, biz ona doğru rakursdan baxa bilək"


Psixoloq Əfsanə Rüstəmova intiharlarla bağlı vəziyyəti belə izah edərkən bildirib ki, hər dərdin dərmanı, hər problemin çıxış yolu var. Yetər ki, biz ona doğru rakursdan baxa bilək:

“Zaman dəyişib insanlar emosional olaraq daha güclü reaksiyalar verməyə başlayıb. Məsələn, əvvəllər insanların qolları kəsildiyi zaman verdikləri reaksiyaları, indiki dönəmin insanları barmağı cızılanda verir. Belə olan halda daha böyük bir problemlə qarşılaşdıqlarında verəcək başqa reaksiya olmadığı üçün intiharı seçirlər.

Yaşadığımız dönəm hamının və hər şeyin tez dəyərsizləşdiyi dönəmdir. Hətta həyatının mərkəzinə qoyub gələcəyini qurduğun insan sanki heç nə olmamış kimi, bir anda yad olur. Onun üzərinə qurulan duyğular havadan asılı qaldığı üçün, insanlar özlərinin havadan asılı saxlayırlar.

Əlbəttə, hər dərdin dərmanı, hər problemin çıxış yolu var. Yetər ki, biz ona doğru rakursdan baxa bilək.

Əgər səhv etməyin insana məxsus olduğunu cəmiyyətə təlqin edə bilsək, intiharların azala biləcəyini düşünürəm. Çünki el qınağı ölməkdən daha çox ağrıdır insanları. Atalarının sözünü götürməyən uşaqlar el qınağını eşitməkdənsə, ölməyi seçir. El də burda öz düşüncə tərzini zamanla uyğunlaşdırmalıdır ki, hamı öz övladının xeyrini görə bilsin, cəsədini yox..!”

F.Söhrabqızı
Baku Post
Şərhlər
  • Niyaməddin

    Vətəndaşların haqqını yeyənlərə Allah lənət eləsin! Allah zalımların belini qırsın!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər