Ru
16:21 / 25 İyul 2021

Azərbaycanda qadın və kişi bərabərliyi - ARAŞDIRMA

16140
Dünya ölkələrində inkişafın əsas göstəricilərindən biri orada insan hüquqlarının qorunmasına hansı formada əməl edilmə ilə bağlıdır.

Əgər ölkə qadın və kişilərin hüquqlarını eyni qaydada qoruyursa və onlar arasında ayrı-seçkiliyə yol vermirsə, qadın-kişi bərabərliyi haqqında deyilənlər formal xarakter daşımırsa, deməli, orada gender bərabərliyinin təmin edilməsindən və nəticə etibarilə insan hüquqlarının qorunmasından danışmaq olar. Lakin təəssüf ki, bugün bütün ölkələrdə qadın-kişi hüquqları eyni səviyyədə təmin edilmir. 21-ci əsrdə yaşasaq da, qadınlarla hələ də orta əsrlərdə olduğu kimi davranan, qadın və kişilər arasında cinsi ayrı-seçkiliyə yol verən, qadının söz haqqını əlindən alan, təhsil almaq, işləmək hüququna məhəl qoymayan ölkələr var. Məsələn, BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Edilməsinə dair Konvensiyası(CEDAW) hələ 2016-cı ildə açıqladığı hesabatda Sudan, Cənubi Sudan, Somali, Palau və s. kimi dövlətləri qadınların yaşaması baxımından ən pis ölkələr kimi dəyərləndirib.

2020-ci il üzrə Gender Bərabərsizliyi İndeksinə (Gİİ) görə isə Yəmən dünyanın gender bərabərliyinin ən az təmin olunduğu ölkə olub.


Ayrı-ayrı vaxtlarda açıqlanan beynəlxalq hesabatlardan da məlum olur ki, bəzi ölkələr qadınları şiddətdən qorumağa, onların işləməsi üçün stimullaşdırıcı tədbirlər görməyə çalışsalar da, bu məsələləri tam həll edə bilmir, qadınların iqtisadi fəallığına tam nail ola bilmir. Bu isə qadınların normal yaşamaq, yaxşı təhsil almaq və əmək fəaliyyəti ilə məşğul olmaq hüquqlarının pozulması ilə nəticələnir.

Lakin bugün diskriminasiya ilə bağlı müəyyən kiçik istisnalarla (belə istisnalar hətta inkişaf etmiş ölkələrdə belə olur), demək olar ki, Azərbaycan qadınları sadalanan hüquqların heç birindən məhrum deyillər. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Azərbaycan Respublikasının Konstitusiyasında hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlığa malik olması birmənalı şəkildə təsbit edilib. Konstitusiyada cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir, insan hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılması qadağan olunur.




Hələ bir əsr əvvəl Şərqdə ilk dəfə səsvermə hüququna sahib olan Azərbaycan qadını dövlətimizin verdiyi imkanlar sayəsində bugün nəinki ən yüksək səviyyədə belə təhsil alır, o, hətta xarici ölkələrə təhsil almaq üçün göndərilir, sərbəst şəkildə əmək fəaliyyəti ilə məşğul olaraq idarəetmədə də yüksək pillələrə yiyələnə bilir. Gender bərabərliyinin təmini baxımından bir çox ölkələr üçün nümunəvi dövlət sayıla bilən Azərbaycanınqadınların idarəetməyə cəlbi ilə bağlı gördüyü işlər sayəsində bugün ətrafımızda rəhbər vəzifələrdə çalışan yüzlərlə qadın görə bilirik.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Bakupost.az-a bildirilib ki, qadınların ictimai-siyasi həyatdafəal iştirakı, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən biridir. Müstəqil Azərbaycanın 1995-ci ilin 12 noyabrında qəbul edilən Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb.2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun qəbul edilməsi, həmçinin imzalanan fərman və sərəncamlar qadınların cəmiyyətdəki nüfuzunun artırılması, qadın hüquqlarının həyata keçirilməsi və gender bərabərliyinin təmin olunması istiqamətində atılmış vacib addımlardandır.

Kişi və qadınlar üçün bütün sahələrdə bərabər imkanların yaradılması, gender stereotiplərinin aradan qaldırılması, qadın hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, əhali arasında gender bərabərliyi və qadın hüquqları haqqında məlumatlılığın artırılması məqsədilə “Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə 2019-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın layihəsihazırlanıb: “Bu gün Azərbaycanda qadınlar dövlətin yaratdığı bütün imkanlardan istifadə edir, rəhbər vəzifələrdə çalışır, təhlükəsizlik, məhkəmə və hüquq-mühafizə orqanlarında, eləcə də sahibkarlıq sahəsində fəal təmsil olunurlar. Son illəri müqayisə etdikdə bu sahədə çox böyük irəliləyişlərin olduğunu görə bilirik. Statistik rəqəmlər də idarəetmə və qərarqəbuletmədə qadınların təmsilçiliyinin artdığını deməyə əsas verir. 2005-ci ildə parlament seçkilərində qadınlar 11,2% təşkil edirdisə, 2020-ci ildə artaraq 18,2% olub. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4% idisə, 2019-cu ildə 39%-ə çatıb.Həmçinin qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, kiçik və orta biznesin inkişafı, iştirakının artırılması və öz bizneslərini yaratmaq istiqamətində maarifləndirilməsi məqsədilə təşviqat kampaniyaları və dəstək tədbirləri həyata keçirilib”.


Komitədən qeyd edilib ki, sahibkarlar arasında qadınların xüsusi çəkisi 27% (2021-ci il aprelin 1-inə olan məlumata görə) təşkil edir.Kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək göstərilməsi məqsədilə BMT-nin İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilir. Layihə çərçivəsində rayon və kənd yerlərində yaşayan qadınların seçdiyi fəaliyyət sahəsində bilik və bacarıqlarının təkmilləşdirməsi, ictimai həyatın bütün sahələrində fəallığının artırılması məqsədilə Qadın Resurs Mərkəzləri yaradılıb: “Qadın sahibkarlığının inkişafı istiqamətində yaradılmış dəstək mexanizmləri vasitəsilə silsilə tədbirlər həyata keçirilir. İstənilən işgüzar fəaliyyət kimi, qadın sahibkarlığının inkişafının da mühüm amili zəruri maliyyə vəsaitlərinin əldə edilməsi imkanları ilə bağlıdır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkar qadınların da maliyyə vəsaiti ilə təminatı onların imkanlarını genişləndirib”.


Dövlət Komitəsindən əlavə edilib ki, Azərbaycanda qadınlar daha çox sosial və humanitar sahələrə maraq göstərdiyinə görə bu sahədə çalışan qadınların sayı daha çoxdur. Rəqəmlər də bunu təsdiqləyir. Qadınlar kişilərlə müqayisədə daha çox təhsil (73,1%), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (76,1%) sahələrində çalışırlar.Qadınlar qanuni olaraq kişilərlə eyni hüquqa malik olsalar da, bəzən özəl sektorda gender stereotipləri ilə rastlaşır və bu da qadınların rəhbər vəzifələrı irəli çəkilməsi məsələsində diqqətdən kənarda qalmalarına səbəb ola bilir.



Hazırda Azərbaycanda istehsalatın bütün sahələrində də qadınlar təmsil olunur. Qadınların texniki və qeyri-ənənəvi sahələrə marağının artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bu sahələrdə çalışan qadınların sayı da ilbəil artır.Bu istər mədən sənayesi, istər maşınqayırma, istərsə də nəqliyyat sektoru üçün keçərlidir. Azərbaycanda ümumilikdə işçi qüvvəsinin tərkibində qadınlar 48,6%, məşğul olanların sayında isə qadınların xüsusi çəkisi 48,2% təşkil edir:

“Bugün daxili işlər orqanlarının qadın əməkdaşları tutduqları ən müxtəlif vəzifələrdə, o cümlədən idarə rəisi, idarə rəisinin köməkçisi, poliklinika rəisi, xidmət, şöbə, bölmə və hissə rəisləri kimi rəhbər vəzifələrdə də işin öhdəsindən peşəkarlıqla gəlir, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunmasına töhfə verirlər. İldən-ildə polis peşəsinə qızlarımızın da həvəs göstərdiyini müşahidə etmək olar.Belə bir təcrübə var ki, dövlət qurumları yalnız qadınlar üçün işə qəbul imtahanları keçirirlər və beləliklə də, qadınların bu və ya digər sahələrdə təmsilçiliyinin artmasına nail olunur. Məsələn, Gömrük Komitəsində2 dəfə belə bir imtahan təşkil edilib. Yuxarıda qeyd edilən statistik məlumatlardan da göründüyü kimi Azərbaycanda qadınlar üçün təhsil, əmək fəaliyyəti ilə bağlı kişilərlə bərabər imkanlar yaradılması istiqamətində iş aparılır və bunun nəticələri göz qabağındadır”.


Uğur QİSMƏTLİ
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gender, ailə və demoqrafiya məsələləri" mövzusunda hazırlanmışdır.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər