“Rusiyaya məhsul ixracı azalmayıb, əksinə artıb. Əgər 2024-cü ilin 7 ayında Rusiyaya 641 milyon dollarlıq mal ixrac etmişdiksə, 2025-ci ilin 7 ayı ərzində Rusiyaya 717 milyon dollarlıq mal ixrac etmişik”.
Bu fikirləri
Bakupost.az -a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

O vurğulayıb ki, azalmadan söhbət gedə bilməz:
“Pomidorun da, fındığın da, şaftalının da ixracında artım var. Ümumiyyətlə, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının da ixracı artıb”.
Digər ekspert Natiq Cəfərli isə əlavə edib ki, Azərbaycanla Rusiya arasında ticarət münasibətləri siyasi mənada müəyyən gərginliklərə baxmayaraq ciddi artım dinamikasına malikdir:
“Düzdür, zaman-zaman Rusiya Azərbaycan məhsulları ilə bağlı bir sıra problemlər yaradır, amma onlar bazar olaraq məhsullarımızdan asılıdır. Bu səbədən tamamilə onu qapatmaq Rusiyanın daxilində də qiymət artımına səbəb olar. İkincisi də, bizim ticarət dövriyyəmizdə müsbət saldo Rusiyanın lehinədir. Satdığımızdan 3 dəfə çox Rusiyadan mal alırıq. Biz keçən il Rusiyaya 1,1 milyard dollarlıq məhsul satmışıq, amma 3,4–3,5 milyard dollarlıq mal almışıq. Yəni qarşılıqlı asılılıq var. Azərbaycan məhsulları ilə bağlı ciddi problemlər yaransa, eyni qaydada Azərbaycan da adekvat olaraq güzgü effekti ilə onlara problem yarada bilər ki, bu da rusiyalı iş adamlarının, yumşaq desəm, heç də xoşuna gəlməz”.
Lalə Novruz,
BakuPost