“TÜV Austria Azərbaycan” MMC beynəlxalq sertifikatlaşdırma təşkilatının ekspertləri tərəfindən “Azəriqaz” İstehsalat Birliyində ISO üzrə növbəti nəzarət auditi həyata keçirilib.
Bakupost.az xəbər verir ki, audit zamanı Birlikdə tətbiq edilən ISO 9001, ISO 14001, ISO 45001, ISO 10002 və ISO 50001 standartlarının icra vəziyyəti, proseslərin idarə olunması və təkmilləşdirilməsi mexanizmləri üzrə məlumatlar təqdim olunub.
Toplantıda idarəetmə sistemlərinin səmərəliliyi, əməliyyat risklərinin azaldılması, ekoloji və enerjiyə qənaət yönümlü proseslərin gücləndirilməsi kimi istiqamətlər üzrə elmi-metodik yanaşmalar müzakirə edilib. Birlikdə auditin şəffaf və effektiv aparılması üçün zəruri şəraitin təmin olunduğu qeyd edilib.
“TÜV Austria Azərbaycan”ın nümayəndələri əməkdaşlığa və göstərilən etimada görə təşəkkür edərək audit prosesinin yüksək peşəkarlıqla təşkil olunduğunu vurğulayıblar.