ABŞ Prezidenti Donald Tramp ölkəsinin Rusiya-Ukrayna münaqişəsinə maliyyə dəstəyini dayandırdığını bəyan edib.
Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, bu barədə ABŞ federal hökumətinin iclasında çıxışı zamanı danışıb.
“Hazırda Rusiya və Ukrayna arasındakı müharibə ilə bağlı böyük problemimiz var və biz bunu həll etməyə çalışırıq. Biz artıq bu müharibədə maliyyə cəhətdən iştirak etmirik. Co Bayden 350 milyard dolları “konfet kimi” payladı. Bu, böyük məbləğdir və hissə-hissə – bir qismi nağd, digər qismi isə silah şəklində paylanılıb”, – deyə o söyləyib.
Yeni siyasətlərindən danışan Tramp heç bir şeyi havayı vermədiyini də vurğulayıb:
“Biz silahları NATO-ya təqdim edirik. Avropa ölkələri silahların dəyərinin 100%-ni bizə ödəyir, sonra isə onları Ukraynaya ötürürlər, ya da istədikləri hər şeyi edirlər. Mən 8 müharibəni həll etmişəm. Bu, doqquzuncusu olacaq və vəziyyəti nizamlaya biləcəyimizi anlamaq üçün bizim nümayəndələrimiz indi Rusiyadadırlar”.