Berlin görüşlərində müzakirə edilən Ukraynanın təhlükəsizlik zəmanətləri Ukrayna ordusunun gücləndirilməsini, Avropa qoşunlarının ölkədə yerləşdirilməsini və ABŞ kəşfiyyat imkanlarından geniş istifadəni nəzərdə tutur.
Bakupost.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nəşr 15-16 dekabrda Berlində baş tutan görüşlərin təfərrüatını açıqlayıb. Məlumata görə, amerikalı və avropalı diplomatlar, əsasən, iki sənədi təsdiqləyiblər.
“Sənədlərdən birincisi NATO nizamnaməsinin 5-ci maddəsi ilə müqayisə oluna biləcək ümumi zəmanət prinsiplərini təsvir edir. İkincisi isə “hərbi qarşılıqlı fəaliyyət üzrə əməliyyat sənədi”dir. Bu sənəddə mümkün müdaxilənin qarşısını almaq üçün ABŞ və Avropanın Ukrayna Silahlı Qüvvələri ilə əməkdaşlığı ətraflı şəkildə qeyd olunub.
Sənədə əsasən, Ukrayna Silahlı Qüvvələrinin sayı “sülh dövrü səviyyəsində” 800 min nəfər həcmində müəyyən ediləcək. Eyni zamanda quruda, dənizdə və havada təhlükəsizliyin təmin olunmasında Ukraynaya kömək etmək üçün Avropa hərbi kontingentinin yaradılması planları hazırlanır. Ukrayna lideri Volodimir Zelenski bəzi ölkələrin artıq müvafiq öhdəliklər götürdüyünü bildirib.
Həmin qoşunların Rusiyaya qarşı çəkindirici vasitə kimi ölkənin qərbində, cəbhə xəttindən uzaqda yerləşdirilməsi nəzərdə tutulur. Sənəddə həmçinin atəşkəs rejiminə nəzarət etmək və Moskvanın fəaliyyətlərini, o cümlədən mümkün “saxta bayraq əməliyyatları”nı ifşa etmək üçün ABŞ kəşfiyyat sistemlərindən istifadə qaydaları öz əksini tapıb”, – deyə qəzetin mənbəsi açıqlayıb.