Ru
11:53 / 19 May 2020

“Bizim qəzetçiliyin miskin durumu heç bir ölkədə yoxdur” - Yadigar Məmmədli

5429

“Jurnalistlərin qazancı müxtəlif səbəblərdən çox aşağı düşdü, bir xeyli peşəkar həmkarlarımız başqa sahələrə keçdilər və nəticədə peşəkarların əvəzedilməsi prosesi pozuldu”


Demokratik Jurnalistlər Liqasının sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədlinin "Rupor"a müsahibəsi:

- Mətbuatda vəziyyət necədir?

- Mətbuat elə həssas sahələrdən biridir ki, orada daim inkişaf olmalıdır. Davamlı inkişafın vacibliyi baş verən hadisələrlə ayaqlaşa və bəzən də olayları önləməyimiz üçündür. Bu baxımdan mövcud vəziyyətdən razı qalmaq doğru olmaz, hələ o məsələləri demirəm ki, bizdə ciddi reklam problemləri ilə bərabər, ümumən peşəkarlıq aşağı səviyyədə qalmaqdadır.

- Mətbuat Şurası İdarə Heyətinin üzvüsüz. Mətbuatın indiki durumunu İdarə Heyətində müzakirə etmsinizmi? Hansı nəticəyə gəlmisiniz? Çıxış yolları təqdim etmsinizmi? Söhbət ayrı-ayrı nüanslardan getmir, bütövlükdə mətbuatın durumundan söz açırıq?

- Mətbuat Şurasında adətən bu kimi məsələlər müzakirəyə çıxarılır və tövsiyə xarakterli təkliflər edilir. Amma məsələ orasındadır ki, Şuramızın əsas funksiyası mətbuatın problemlərini həll etmək yox, nizamnaməyə görə cəmiyyət ilə media arasında münasibətlərin tənzimlənməsindən, bu mövzuda yaranan mübahisələrin məhkəməyə qədər çözülməsinə yardım göstərilməsindən ibarətdir. Şuranın səlahiyyətləri geniş deyil, bu barədə sədrimiz Əflatun Amaşov dəfələrlə fikir bildirib. Parlamentdə təmsil olunduğu dönəmlərdə Mətbuat Şurası haqqında qanunun olmasının vacibliyinə diqqət çəkib. Məncə, mətbuatımızın durumu, onun problemləri və həlli yolları ilə bağlı məsələlər jurnalist təşkilatlarının və ya jurnalist təşkilatlatları birliklərinin öhdəsinə düşür, bu, daha çox onların işidir. Jurnalist qurumları niyə işi görə bilmirlər, artıq başqa söhbətin mövzusudur.

- Niyə ki başqa söhbətin, elə indi qısa da olsa aydınlıq gətirə bilərik?

- Obrazlı desək, jurnalist təşkilatları üstqurumdu, KİV isə istər çap mediası olsun, istərsə də elektron media, onun bazisidir. Bütövlükdə media və orada çalışan jurnalistlər güclü olmasa, buna adekvat olaraq jurnalist qurumlarının fəaliyyəti də qənaətbəxş ola bilməz. Digər bir məsələ də var ki, jurnalist təşkilatları missiyalarına görə KİV-in inkişafına xidmət etmək məqsədilə müxtəlif layihələr həyata keçirməlidir. İş elə gətirib ki, hazırda bu layihələr də xeyli məhdudlaşıb. Düzdür, QHT-lərə Dövlət Dəstəyi Şurası uzun illərdir, media və cəmiyyət mövzularında layihələri dəstəkləyir və maliyyələşdirir. Amma bunlar jurnalistikanın peşəkar problemləri ilə bağlı layihələr deyil. Mediamızın peşəkar fəaliyyəti ilə bağlı layihələri maliyyələşdirməli olan donor təşkilatı qismində yalnız KİVDF var, o da yarandığı gündən öz nizamnaməsinə istinad edərək jurnalist qurumlarına KİV deyil, QHT olduğu üçün geniş maliyyə ayırmayıb. Bax kələfin ucu burda dolaşıb.

- Qəzetçi olmusunuz. Bu gün ölkədə qəzetçilik can üstədir. Əcəli geri necə qaytaraq?

- Print media - qəzetçilik təkcə bizdə yox, bütün dünyada eniş dövrünü yaşayır. Lakin o da bir həqiqətdir ki, bizim qəzetçiliyin miskin durumu heç bir olkədə yoxdur. Bax, o arzuedilməz vəziyyəti yaxşılaşdırmaq üçün imkan var. Buna görə ilk növbədə, bazar münasibətləri liberallaşdırılmalı, reklam bazarı formaılaşdırılmalı və qəzetlərimiz müstəqil olmalıdır. Bu baş versə, ən qısa zamanda müsbət nəticələrin şahidi olarıq.

- Niyə 90-larda olan jurnalistlərin yerini doldurmaq alınmır?

- 90-cı illər formalaşan jurnalistlərin sərbəst işləməsi və normal yaşaması üçün şərait var idi. Sonra iş elə gətirdi ki, jurnalistlərin qazancı müxtəlif səbəblərdən çox aşağı düşdü, buna görə bir xeyli peşəkar həmkarlarımız başqa sahələrə keçdilər və nəticədə peşəkarların əvəzedilməsi prosesi pozuldu.

Ceyhun Musaoğlu
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər