Ru
10:10 / 24 Avqust 2026

Böyük hədəflərə doğru “Əbədi dostluq” – Diqqətçəkən öhdəliklər

Böyük hədəflərə doğru “Əbədi dostluq” –  Diqqətçəkən öhdəliklər
Eye

Azərbaycanla Özbəkistan arasında münasibətlər artıq təkcə ortaq tarixdən, dildən və mədəniyyətdən gələn yaxınlıqla ölçülmür. Bakı ilə Daşkənd son illərdə sürətlə yaxınlaşan iki paytaxtdan, bir-birinə siyasi və iqtisadi baxımdan arxalanan iki tərəfdaşa çevrilib.

İndi isə bu yaxınlığın altına daha bir və daha möhkəm imza atılıb.


Avqustun 23-də Daşkənddə Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni imzalayıblar.

Adında “dostluq” sözü olsa da, onun 11 maddəsinə nəzər salanda görünür ki, sənəd yalnız dostluq bəyanatı deyil, Bakı və Daşkənd münasibətlərin siyasətdən təhlükəsizliyə, iqtisadiyyatdan nəqliyyata, təhsildən mədəniyyətə qədər uzanan uzun bir yol xəritəsinə çevirilməsidir.

Müqavilənin ən diqqətçəkən hissəsi isə təhlükəsizliklə bağlıdır.

Birinə qarşı olan blokda digəri olmayacaq

Sənədin 2-ci maddəsi iki ölkənin münasibətlərinin hansı həddə çatdığını göstərən ən mühüm bəndlərdən biridir.

Azərbaycan və Özbəkistan bir-birinin müstəqilliyini, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü dəstəkləməklə kifayətlənmir, bununla bağlı konkret öhdəlik də götürür.

Tərəflər digərinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı blok və ittifaqda iştirak etməyəcəklər.

Başqa sözlə, Bakı ilə Daşkəndin dostluğu üçüncü paytaxtların siyasi seçimindən asılı vəziyyətdə qalmamalıdır.



Müqavilədə bununla da kifayətlənilmir.

Azərbaycan və Özbəkistan öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq üçün istifadəsinə imkan verməyəcəklər.

Həmçinin tərəflər öz ərazilərində digər ölkənin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilat və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər.

Beləliklə, sənəddəki “əbədi dostluq” ifadəsi diplomatik protokolun bəzəkli cümləsi olaraq qalmır. Onun arxasına konkret siyasi və təhlükəsizlik öhdəlikləri qoyulur.

Prezidentlərin razılaşmaları kağız üzərində qalmamalıdır

Müqavilənin başqa bir maraqlı tərəfi münasibətlərin yalnız prezidentlərin görüşlərindən-görüşlərinə işləyən mexanizm kimi nəzərdə tutulmamasıdır.

3-cü maddəyə əsasən, iki ölkənin parlamentləri arasında əlaqələr genişləndiriləcək, xalqlar arasındakı dostluğun ictimai və sosial dayaqları möhkəmləndiriləcək.

Azərbaycan və Özbəkistanın Ali Dövlətlərarası Şurası bu münasibətlərin əsas əlaqələndirici mexanizmlərindən biri olacaq.



Dövlət başçılarının əldə etdikləri mühüm razılaşmaların həyata keçirilməsi, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi üçün isə xarici işlər nazirlikləri xətti ilə daimi məsləhətləşmələr mexanizmi işləyəcək.

Yəni prezidentlərin masası arxasında əldə olunan razılaşmaların taleyi görüş başa çatdıqdan sonra protokol qovluqlarına həvalə edilməyəcək.

Bakı ilə Daşkəndi yollar da birləşdirəcək

Siyasətin ardınca iqtisadiyyat gəlir.

Müqavilənin 4-cü maddəsində ticarət və investisiyadan sənaye kooperasiyasına, energetikadan kənd təsərrüfatına qədər geniş əməkdaşlıq sahələri müəyyənləşdirilib.

Amma burada xüsusi diqqət çəkən istiqamətlərdən biri nəqliyyat və logistikadır.

Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın Qərbə açılan mühüm qapılarından biridir. Özbəkistan isə regionun böyük iqtisadi və demoqrafik mərkəzlərindən sayılır.

Bu baxımdan Bakı ilə Daşkənd arasında qurulan “körpü” Mərkəzi Asiyadan Xəzərə, Xəzərdən Azərbaycana, buradan isə Türkiyə və Avropaya uzanan daha böyük yolun bir hissəsidir.

Müqavilədə nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılması, yüklərin və sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınması üçün şərait yaradılması ayrıca təsbit edilir.

Energetika, rəqəmsal inkişaf, “yaşıl” və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və hətta kosmik texnologiyalar da əməkdaşlıq sahələri sırasındadır.

Sənədin 5-ci maddəsi isə dövlətlərarası münasibətləri kabinetlərdən çıxarıb insanların gündəlik həyatına yaxınlaşdırır.

Elm, təhsil, tibb, mədəniyyət, gənclər, turizm və idman sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.



Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisi, universitetlər arasında birbaşa əlaqələr, təcrübə mübadiləsi, ortaq tədris və innovativ layihələrin həyata keçirilməsi təşviq ediləcək.

Şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulması da müqaviləyə daxil edilib.

Başqa sözlə, Bakı ilə Daşkənd arasında qurulan münasibətin yalnız dövlət başçılarının əl sıxması ilə həm də tələbələrin, alimlərin, həkimlərin, sahibkarların, turistlərin və bütövlükdə insanların təması ilə möhkəmləndirilməsi hədəflənir.

Dünya məsələlərində də bir-birini eşidəcəklər

Müqaviləyə görə, Azərbaycan və Özbəkistan qlobal və regional məsələlər üzrə mövqelərini müntəzəm şəkildə bölüşəcək və əlaqələndirəcəklər.

Bunun üçün ali və yüksək səviyyəli səfərlərdən tutmuş müxtəlif səviyyəli siyasi məsləhətləşmələrə qədər mövcud mexanizmlərdən istifadə olunacaq.

Münaqişələrin qarşısının alınması və nizamlanması, regional və qlobal təhlükəsizliyin təmin olunmasında isə BMT-nin mərkəzi rolunun gücləndirilməsinə sadiqlik ifadə edilir.

Dostluq başqasına qarşı deyil

Maraqlı məqamlardan biri də müqavilənin 8-ci maddəsidir.

Burada xüsusi olaraq vurğulanır ki, “Əbədi dostluq haqqında Müqavilə” üçüncü dövlətlərə qarşı yönəlməyib.

Bu cümlə sənədin 2-ci maddəsindəki təhlükəsizlik öhdəlikləri fonunda xüsusilə əhəmiyyətlidir.

Bakı və Daşkənd bir-birinə qarşı yönəlmiş blok və ittifaqlarda iştirak etməmək öhdəliyi götürür, amma eyni zamanda dünyaya mesaj verir: bu yaxınlaşma kiməsə qarşı qurulan ittifaq deyil.

Yəni iki ölkə dostluqlarının sərhədini başqalarına düşmənçilik üzərindən çəkmir.

Adı kimi müddəti də uzun – “əbədi”

Müqavilənin adı “əbədi dostluq”dur və onun hüquqi ömrü də konkret tarixlə məhdudlaşdırılmayıb.

Sənəd qeyri-müəyyən müddətə bağlanıb.

Müqavilə tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları başa çatdırması barədə sonuncu yazılı bildirişin diplomatik kanallarla alındığı tarixdən qüvvəyə minəcək.



Tərəflərdən biri nə vaxtsa müqaviləni ləğv etmək qərarına gəlsə belə, bu, dərhal baş verməyəcək. Yazılı bildirişin digər tərəfə çatmasından sonra 12 ay keçməlidir.

Azərbaycanla Özbəkistan bu yola dünən çıxmayıb. 23 avqust 2024-cü ildə iki ölkə arasında “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanmışdı.

Aradan düz iki il keçəndən sonra eyni tarixdə – 23 avqustda – münasibətlərin qarşısına daha böyük söz yazıldı: əbədi dostluq.

Amma yeni müqaviləni əhəmiyyətli edən onun adı deyil.

Əsas olan adın altında atılan imzalar və həmin imzaların altındakı öhdəliklərdir.

Bakı ilə Daşkənd bir-birinin ərazi bütövlüyünü və təhlükəsizliyini qoruyan siyasi mövqe tutacağını, bir-birinə qarşı qurulan bloklarda yer almayacağını, öz torpağından digərinə qarşı istifadəyə imkan verməyəcəyini yazılı şəkildə bəyan edir.

Diplomatiyada “əbədi” çox böyük sözdür...

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, iki dövlət başçıları arasındakı mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində xüsusi rol oynamaqdadır:

"2026-cı geridə qalan aylarında 44 min Özbəkistan vətəndaşı Azərbaycana səfər edib. Bu o deməkdir ki, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Özbəkistandan gələn tursitlərin sayı 34 faiz artıb. 2025-ci ildə Azərbaycana gələn Özbəkistan vətəndaşlarının sayı 46 min nəfər olub. Praktik olaraq, bu ilin ilk 8 ayında Özbəkistandan Azərbaycana gələnlərin sayı əvvəlki il üzrə ümumi göstərici ilə, demək olar, eynidir. Bu isə illik yekundan daha ciddi artım faizinin olacağından xəbər verir.

Göründüyü kimi, strateji qardaşlıq münasibətləri ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinə təsir göstərib. Xüsusən də, sağlamlıq turizmi məqsədi ilə Azərbaycana gələn Özbəkistan turistlərin sayında artım müşahidə edilir. Turizm sadəcə səfərlər deyil, həmçinin qardaşlıq körpülərinin daha gücləndirilməsi deməkdir".


Deputat Tahir Mirkişili isə qeyd edib ki, dövlətlərarası əlaqələrdə iqtisadi maraq qədər etimad kapitalı da vacibdir və onun formalaşmasında hər iki ölkə Prezidentlərinin qardaşlıq münasibətləri müstəsna rol oynayır:

"Azərbaycanla Özbəkistan arasında bu kapitalın əhəmiyyəti kifayət qədər əlahiddədir.

Bu gün iki ölkə arasında olmuş qədim əlaqələr tamamilə yeni iqtisadi məzmun qazanmağa başlamışdır.

Azərbaycan və Özbəkistan artıq yalnız eyni tarixi-mədəni məkanın iki ölkəsi deyil. Onlar Xəzərin iki tərəfində formalaşan yeni Avrasiya iqtisadi arxitekturasının mühüm iştirakçılarıdır.

Özbəkistan üçün Azərbaycan Qərbə çıxış istiqamətində mühüm logistika qapısıdır. Azərbaycan üçün isə Özbəkistan 38 milyona yaxın əhalisi, sənaye potensialı və Mərkəzi Asiyanın mərkəzində yerləşməsi ilə böyük bazar və iqtisadi tərəfdaşdır.

Bu baxımdan Orta Dəhliz tarixi İpək Yolunun sadəcə müasir nəqliyyat versiyası deyil. O, Mərkəzi Asiya ilə Cənubi Qafqazın yenidən vahid iqtisadi məkan kimi formalaşması prosesidir.

Bu prosses sürətlə irəliləyir. Bütöv Türk Dünyasının güclənməsində Azərbaycan-Özbəkistan münasibətləri xüsusi çalarlara sahibdir".

Elnur, BakuPost

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqamətində hazırlanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar