Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr tətbiq edilir. Həmin inzibati xətanın bir il ərzində təkrar törədilməsi zamanı cərimənin daha yüksək həddə və ya ikiqat məbləğdə tətbiqi nəzərdə tutulsun
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vasif Qafarov “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“İkincisi, 212-1.2-ci maddədə malların müsadirəsi nəzərdə tutulsa da, müsadirə edilmiş elektron siqaretlərin və onların komponentlərinin saxlanılması, ekspertizası və məhv edilməsi qaydaları praktikada əlavə suallar yarada bilər. Bu səbəbdən təklif edirəm ki, müvafiq icra hakimiyyəti orqanına müsadirə olunmuş elektron siqaretlərin və onların komponentlərin saxlanılması və məhv edilməsi qaydasını müəyyən edən normativ aktın hazırlanması barədə tövsiyə verilməsi də məqsədəuyğun hesab edilsin. Bu, hüquq tətbiqetmədə vahid praktikanın formalaşmasına və tətbiq prosesində boşluqların aradan qaldırılmasına xidmət edəcəkdir.
Üçüncüsü, elektron siqaretlərin qanunsuz dövriyyəsi yalnız fiziki satış məntəqələri ilə məhdudlaşmır və bu məhsulların satışı, təklifi və təşviqi geniş şəkildə internet informasiya ehtiyatları və sosial media platformaları üzərindən də həyata keçirilə bilər. Buna görə də təklif edirəm ki, elektron siqaretlərin və onların komponentlərinin internet üzərindən təklif edilməsi, məsafədən satışı və reklamının ayrıca inzibati məsuliyyət yaradan əməl kimi tənzimlənməsi məsələsinə də baxılsın. Bu halda qadağanın rəqəmsal mühitdə də effektiv tətbiqi təmin olunacaq və qanunvericiliyin tələblərindən yayınma halları minimuma endiriləcəkdir”, – o qeyd edib.